Dünən İctimai Televiziya və Radio Yayımları Şirkətinin binasında Azərbaycanı «Eurovision» mahnı yarışmasında təmsil edən Aysel və Araşın mətbuat konfransı keçirildi. Qeyd edək ki, 42 ölkə arasında keçirilən müsabiqədə Azərbaycan təmsilçiləri 3-cü yerin sahibi olublar.
Mətbuat konfransında ölkənin aparıcı media qurumlarının nümayəndələri iştirak edirdi.
Mətbuat konfransı işgüzar və səmimi şəraitdə keçdi. Əvvəlcə, suallar şou-biznes yazarlarının gündəmi tutmuş sualı Ayselə ünvanlandı: - Siz bu uğurunıza görə kimlərə borclusunuz?
“Eurovision” üçüncüsü isə sualın cavabında bütün komandanın əməyini yüksək qiymətləndirdi. Bildirdi ki, bu mərhələyə gəlib çatmasında tək bir nəfərin adını çəkmək düzgün olmaz. Onun sözlərinə görə, azərbaycanlı iştirakçıların üçüncü olmasında İsveç dizaynerlərinin, ukraynalı imicmeykerlərin, bütün Azərbaycanın əməyi var.
Media üçün o da açıqlandı ki, Ermənistan İrandan, Azərbaycanın sözügedən müsabiqədə yayımlanan reklam çarxında Təbriz abidəsi ilə bağlı ölçü götürməsini tələb edib. Araşın buna münasibətini soruşduqda o, belə cavab verdi: «Mən İranda doğulmuşam. İsveçdə yaşayıram. Azərbaycan isə mənim ürəyimdir. Məncə, Təbriz abidələrinin ekranda nümayişi elə də qəbahət məsələ deyil». Bundan başqa Araş Aysellə onun arasında olan söz-söhbətlərə son qoyaraq, yaxın vaxtlarda ata olacağını bildirdi.
Müğənninin sözlərinə görə, o, gələcəkdə Aysellə birgə mahnılar ifa edəcək. «Aysellə demək olar ki, eyni musiqi zövqümüz var. Üstəlik biz çox yaxın dostuq. Aysel üçün mahnılar bəstələmək fikrindəyəm».
Aysel isə verilən suallara gülümsəyərək cavab verirdi: «Mən yarımfinalda bir az həyəcanlıydım. Finalda isə bu həyəcandan əsər-əlamət qalmamışdı. Düşünürəm ki, Araşla birgə öz gücümüzü göstərə bildik. Bizi dəstəkləyən insanların hamısına təşəkkür edirəm». Araş isə cavab olaraq, bildirdi ki, yarımfinaldakı çıxışdan sonra gənclər və idman naziri Azad Rəhimovun onlarla görüşündən sonra finalda o daha həvəslə səhnəyə çıxıb.
Jurnalistlərin verdiyi «Gələn il də birlikdə Azərbaycanı «Eurovision»da təmsil edərsinizmi?» - sualına cütlük belə cavab verdi: «Gələn il yox, amma gələcəkdə, ola bilsin, yenidən birgə çıxış edək».
«Gələcəkdə təhsilinizi, yoxsa müğənniliyi davam etdirmək istərdiniz?» - sualına Aysel mümkün olsa hər iki sahə ilə məşğul olacağını dedi.
Mətbuat konfransında İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov qeyd etdi ki, İTV Avropa Yayım Şurasının üzvüdür. «Biz bu imkanlardan istifadə etmək istəyirik. Çalışacağıq ki, Ayselin reklam kampaniyası təkcə Azərbaycanda deyil, Avropada da aparılsın. Bizim şirkət Ayselin bütün dünyada tanınmasını, müxtəlif layihələrdə iştirakını təmin edəcək».
Konfransın sonunda Aysellə Araş «Always» mahnısından bir parçanı ifa etdilər.