Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxu zalında ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişinin 40 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Elçin Hüseynov açaraq Heydər Əliyevin ölkə mədəniyyətinə qayğısından Azərbaycan mədəniyyətini dünyaya tanıtdırmasından ətraflı söz açdı. Sonra E.Hüseynov mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin «Heydər Əliyev və mədəniyyət» kitabına yazdığı ön sözdə bu fikirlərin təsdiqini, ulu öndərimizin sənətə və sənət adamlarına yüksək dəyər verdiyini diqqətə çatdırdı.
   “Heydər Əliyev və mədəniyyət” kitabının əhəmiyyətindən danışan şöbə müdiri vurğuladı ki, bu kitab hər bir mədəniyyət işçisinin stolüstü kitabı olmalıdır.
   O, Heydər Əliyevin Salyan rayonuna göstərdiyi diqqət və qayğıdan danışaraq, konfrans iştirakçılarının nəzərinə çatdırdı ki,bu gün rayonda fəaliyyət göstərən 16 mədəniyyət evinin məhz 14-ü Heydər Əliyevin 1969-1970-ci illərdə Salyana gəlişindən sonra tikilib.Rayonda fəaliyyət göstərən dünyaşöhrətli “Cəngi” milli nəfəsli xalq orkestri, “Mahirlər” ailə xalq ansamblı da Heydər Əliyevin Salyan mədəniyyətinə olan qayğısının nəticəsidir.
   Kitabxananın direktor müavini Səidə Əliyeva ümummilli liderimizin kitaba, maarifçiliyə münasibətindən, onun irsini bu gün ləyaqətlə davam etdirən İlham Əliyevin də bu sahəyə xüsusi qayğı göstərdiyi söylədi.
   Dövlət Kukla Teatrının direktoru Yavər Cəbrayılov, Müəllimlər İnstitutunun müəllimi Sahib Həsənov və başqaları Heydər Əliyev fenomenindən tutarlı faktlarla, ürəkdolusu danışdılar.
   
   Lətif Zərbəliyev,
   Salyan