Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Yeni Yazarlar və Sənətçilər Qurumu (YYSQ) yeni bir kulturoloji layihə həyata keçirir. "Uşaq və yeniyetmələr üçün İnternetdə Virtual Kitabxananın, eləcə də İnnovativ Şəbəkə Resursunun yaradılması" adlı kulturoloji layihə yeni nəsilə ünvanlanmış klassik, dünya, həmçinin milli ədəbiyyat və kitabların, əsərlərin təbliği, onların İnternet resursunda - Milli Virtual Kitabxanada yerləşdirilməsi yönündə fəaliyyət göstərəcək.
Kulturoloji layihənin maraqlı tərəfləri hansıdır? Statistik məlumatlara görə, Azərbaycanda yaşayan əhalinin yarısından çoxunu, dünyada yaşayan soydaşlarımızın böyük əksəriyyətini yeni nəslin nümayəndələri - uşaq, yeniyetmə və gənclər təşkil edir. Millət olaraq mədəniyyətimiz, psixologiyamız, milli-mənəvi dəyərlərimiz, etnik şüur, mentalitet, həyat və davranış tərzimiz bir olsa da, qloballaşmanın dağıdıcı və sürətli həmlələri, eləcə də xalqların son illərdəki sıx inteqrasiyası nəticəsində millətimizin idenfikasiya kodları dəyişikliklərə məruz qalır, milli sivilizasiyamızın özünəməxsusluqları unudulmaqdadır. Elektron KİV, yeni telekommunikasiya vasitələri, xüsusən də İnternetin mənfi təsirinə daha çox gənc nəslin nümayəndələri - uşaq, yeniyetmə və gənclər məruz qalır, onlar ictimai-mədəni varlıq olaraq azərbaycanlı kimi özünüdərk proseslərindən kənarlaşırlar. Azərbaycan daxilində yeniyetmə və gənclər tərəfindən anadilli ciddi ədəbi-bədii, elmi-intellektual kitab və əsərləri oxumaq, fərqli - yeni mütaliə mədəniyyətini qavramaq, yeni oxu vərdişlərinə yiyələnmək məsələsində böyük problemlər hiss olunur. Xaricdə yaşayan soydaşlarımız isə milli-mənəvi dəyərlərdən, azərbaycandilli kitab və ədəbiyyatdan kənar qalırlar. Araşdırmalar göstərir ki, Azərbaycanda yeni nəslin nümayəndələri arasında bir qism gənclər kompyuter və İnternet bilgilərinə yiyələnsə də, milli İnternet - qlobal və lokal informasiya-şəbəkə resurslarımızın azlığı, Azərbaycan dilində gənclərə, yeniyetmələrə ünvanlanmış İnternet saytlarının, ciddi, intellektual portalların məhdud sayda fəaliyyət göstərməsi və zəif inkişaf etməsi, eləcə də elektron - virtual kitabxanaların, pulsuz bloq - sayt imkanlarının yoxluğu, onların maraq dairəsini təmin edəcək şəbəkə imkanlarının yox dərəcəsində olması, milli kompyuter oyunlarının hazırlanmaması ona gətirib çıxarıb ki, yeni nəslin nümayəndələri İnternetdən yalnız əyləncə vasitəsi, çox hallarda isə erotik, bəzən isə pornoqrafiya, zorakılığı təbliğ edən materialları asanca əldə etmək imkanı kimi yararlanırlar...
İlk addımlardan biri kimi gənc nəslin intellektual, mütaliə və ünsiyyət tələbatlarına cavab verən, dünya gəncləri arasında innovativ-şəbəkə rabitə vasitəsinə çevrilə biləcək bir İnternet resursunun - "Uşaq və yeniyetmələr üçün İnternetdə Virtual Kitabxananın, eləcə də İnnovativ Şəbəkə Resursunun yaradılması" Kulturoloji - İnnovativ layihənin həyata keçirilməsi sadalanan problemin həllində ciddi addımlardan biri olacaq.
Virtual Elektron Kitabxanadan 1,5 il ərzində bir milyona yaxın İnternet istifadəçilərinin şərhləri, müraciətləri əsasında müəyyənləşdirmişik ki, yeniyetmə və gənclər yazını, kitabı, mətni, bilgini daha çox innovativ saydıqları İnternet resurslarından - Elektron Kitabxanadan almaq istəyir. Bir kitabın tirajı 1000 ədədi keçmədiyi bir zəmanədə saysız-hesabsız insanın yararlana biləcəyi e-kitablar məcmusu kimi gördüyümüz İnternetdə Milli Virtual Kitabxananın dəyərini izah etməyə əslində ehtiyac yoxdur.
Elmin Bədəlov