Tarixin müəyyən dönəmlərində dünyaya ağılla yox, zorla yiyələnmək istəyən fatehlərin nadanlıqdan doğan əməllərini - bəşəri incilər toplanmış kitabxanalara od vurdurma vandalizmini çıxsaq, kitab hər zaman insanın yaxın dostu olub. Daş üzərinə həkk olunmuş Qobustan yazıları, inək dərisinə yazılmış "Avesta", papirus üzərində salnaməçi qeydləri, əlyazma ilə çoxaldılma, kustar çap maşını və indi milyonlarla nüsxəni az vaxtda əldə etmək imkanlı poliqrafiya mərkəzləri - bunlar kitab yaranışının keçdiyi tarixi yoldur. Bu gün hər hansı sivil ölkəni kitabxanasız və kitab bazarı olmadan təsəvvür etmək mümkün deyil.
   
   Mütəxəssis rəylərinə əsaslanaraq deyə bilərik ki, ölkəmizdə kitab bazarı tam formalaşmayıb. Lakin uzun illərin durğunluğu sona çatmaq üzrədir. Görülən məqsədyönlü işlər öz səmərəsini verir.
   Kitab bazarının formalaşmasına xidmət məqsədi ilə yaradılmış kitab klubu da bu istiqamətdə bir çox funksiyaları üzərinə götürməklə ilkin uğurlarına imza atıb. Müəllif-oxucu-nəşr üçbucağını kitab bazarında birləşdirmək istəyən klubla tanışlıq, yəqin ki, hər bir kitab həvəskarı üçün maraqlı olacaq. Qeyd edək ki, klub tezliklə Bakıda keçiriləcək ilk beynəlxalq kitab sərgisində iştirak edəcək müəssələrdəndir.
   Tanış olun: "Kitab Klubu" MMC 2003-cü ildə yaradılıb. Kiçik qrantlar hesabına poliqrafik cəhətdən aşağı keyfiyyətli "Azərbaycan nəşrləri" adlı kataloqun çapı klubun ilk işi olub. Nəşr gözlənilməz səviyyədə kitabsevərlərin diqqətini qazanır. Məhz bu uğurun sayəsində kataloq-jurnalın tam rəngli və rüblük çıxarılması qərara alınır. Ardınca isə indi dünyanın kitab biznesi ilə məşğul sahibkarlarının da diqqətində olan
www.kitabklubu.org ünvanlı İnternet saytı təsis olunur. Klub kitab bazarının normal qaydalar üzrə işləməsinə yardım göstərməyi özünün əsas məqsədi seçib. Kitab bazarının vəziyyətini, oxucu istəklərini tədqiq edib, əldə edilən məlumatlan naşir və müəlliflərə çatdıran klub, yeni nəşr olunmuş kitablar haqqında bilgiləri potensial oxuculara ötürür. Kitab bazarının öyrənilməsi üçün sorğuların aparılması, yeni kitab kataloqlarının buraxılması, kitab sərgilərinin keçirilməsi, kitabın təqdimatı, müzakirəsi və müəlliflərlə görüş, kitabxana-oxu zalının fəaliyyəti, kitab işi üzrə mütəxəssislərin müəlliflərlə birgə diskussiyaları, seminarlar, kitab tərtibatı və çapında müəlliflərə yardım edilməsi klubun fəaliyyəti dairəsinə daxildir.
  
   Hər şey sərgi salonundan başlayır
  
   Klubun Mustafa Sübhi küçəsində yerləşən ofisinə daxil olan kitabsevərin yolu sərgi salonundan keçir. O salon ki, burada özünüzü kitab dünyasına düşmüş hesab edə bilərsiniz. Sərgi hər gün işləyir və daimi olaraq burada ölkənin son nəşrləri nümayiş etdirilir. Zalda 1500-dən az kitab olmur. Müxtəlif nəşriyyatların məhsullarının nümayişi, kitab bazarımızda mövcud əsərlər barədə oxucuya informasiya verməklə yanaşı, həm də poliqrafik cəhətdən nəşriyyatların bir növ rəqabətini də əks etdirir. Artıq nəşriyyatımızın keyfiyyətli, orijinal dizaynlı kitablarla bazara çıxmaq meyilləri bu sərgidən də açıqca görünür. Elmi, elmi-kütləvi, uşaq dünyasına aid kitablar klubun cəmiyyətimizin hər bir təbəqəsini nəzərə aldığının göstəricisidir. Kitab satışı ilə məşğul subyektlərdən fərqli olaraq klubda istənilən kitabla geniş təmasda olmaq mümkündür. Bunun üçün burada oxu zalı fəaliyyət göstərir. Eyni zamanda kitabxana da mövcuddur. Nəzərə alsaq ki, bu gün ölkənin ən iri kitabxanaları belə son nəşrlərlə tam təchiz olunmur, klubun bu işi oxucuya əvəzedilməz xidmətdir. Əgər siz hər hansı yeni kitabı evdə oxumaq istəsəniz bu da mümkündür. Müəyyən vaxtda qaytarmaq şərti ilə əldə edilən kitabın dəyərini kluba ödənir. Kitabı geri qaytardıqdan sonra isə ödənilən məbləğ tam olaraq geri qaytarılır.
   Klubda kitab təqdimatları və müəlliflərlə görüş üçün nəzərdə tutulan zal cəmi 40 kv. metr olsa da, burada həftədə ən azı bir neçə müvafiq tədbir təşkil edilir.
   Klub kitab satışını da həyata keçirir. Digər yerlərdən fərqli olaraq klubda ölkə nəşrlərinin ən azı 70 faizinin toplanması oxucu üçün seçim imkanını xeyli artırır. Klub xarici ölkələrdən gələn sifarişləri də qəbul edir. Bu sifarişlər ABŞ, İtaliya, Norveç, Rusiya kimi nüfuzlu dövlətlərdən daxil olur. Sifarişçilər isə ölkəmizi tanımaq istəyən əcnəbi qurumlar və ya xarici ölkələrdə yaşayan həmvətənlərimizdir. Klub öz fəaliyyətini ikinci ofisdə də davam etdirir. Bu ofisdə kitabsevərlər həmçinin mütaliə üçün elektron avadanlıqlarla təmin edilir. Burada eyni zamanda Azərbaycan Respublikası Prezidenti İ.Əliyev cənablarının sərəncamı ilə nəşr edilən 150 cildlik dünya ədəbiyyatına abunə yazılışı aparılır.
  
   Kitabının dünyaya təqdimini istəyirsənsə...
  
   Hansı müəllif kitabının dünyada tanıdılmasını istəməz... Bunun üçün ağır zəhmət çəkməyə dəyməz. Sadəcə, klubun devizini oxumaq yetərlidir: "Kitabını dünyada tanıtdırmaq istəyirsənsə, kitabının bir nüsxəsini kluba təqdim et. Həmin kitab haqqında annotasiya 1000 nüsxə ilə dərc olunan, ölkə və xarici dövlətlərdə yayılan nəfis tərtibatlı “Azərbaycan nəşrləri” kataloqunda pulsuz yerləşdiriləcək. Bundan başqa, digər ölkələrin klub və kitabxanalarına nəşrinizi göndərmək, əsərinizin elektron variantının, eləcə də reklamının İnternet saytlarına daxil edilməsi mümkündür. Kitab Klubu müəlliflərə daha bir şans verir. Onlar beynəlxalq səfərlər və sərgilərdə iştirak edirlər.
  
   51 milyon nüsxəli kitab satışı
  
    Bu heyrətləndirici göstərici 2007-ci ilin mayında keçirilmiş XX Beynəlxalq Tehran kitab sərgisində qeydə alınıb. Azərbaycan da daxil 60 ölkənin 2500 nəşriyyatının çap məhsulları 3,5 milyonluq oxucu kütləsinə nümayiş etdirmişdi.
   Sərgiyə klub tərəfindən ölkəmizin nəşriyyatlarına məxsus 300-ə qədər kitab çıxarılmışdı.
   Azərbaycan kitabı sərgiyə gələnlərin maraq dairəsindən kənarda qalmayıb. Ölkəmizin tarixi, ədəbiyyatı, dilimizin öyrənilməsi haqqında kitablar, uşaq ədəbiyyatımızla bağlı nəşrlər maraqla qarşılanıb. Latın qrafikalı Azərbaycan ədəbiyyatı inciləri, Qarabağ həqiqətləri barədə əsərlər oxucuların marağını daha çox cəlb edib. Sərgidə iştirak etmiş klub rəhbəri Elxan Rzayevin sözlərinə görə, burada 51 milyon nüsxə kitab satılıb. Amma burada bizim kitablardan satılmayıb. Sadəcə olaraq, sərgidə satışla məşğul olmaq üçün xüsusi yerlərə əvvəlcədən maliyyə ödəmək lazım imiş. Klub isə bu imkanı olmadığından, yalnız kitabların nümayişi ilə kifayətlənib. Sonda isə klub ölkəmiz adından bütün kitabları Tehranın ən böyük kitabxanasına bağışlayıb. Gürcüstanda keçirilən beynəlxalq kitab sərgisində də iştirak etmiş Elxan müəllimin bildirdiyinə görə, qonşu ölkənin bizdən iqtisadi geriliyinə baxmayaraq dövlət səviyyəsində beynəlxalq sərgi təşkil edir və ölkələrini dünyada tanıtdırmaq imkanından bəhrələnirlər. Gürcüstan səfərindən daha bir maraqlı fakt isə budur ki, bu ölkənin özündə poliqrafik imkanlar çox aşağı olduğundan kitablar xaricdə çap olunur. Buna baxmayaraq qonşu ölkənin nəşrləri bizim nəşrlərdən kifayət qədər ucuzdur. Klub Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək 4-cü Beynəlxalq Kitab Sərgisində iştirak etməyə hazırlaşır.
  
   Sorğu bazarı öyrənmə vasitəsidir
  
   Kitab Klubu ənənəvi olaraq iki ildən bir nəşriyyatlar, kitab ticarətçiləri və oxucular arasında sorğu keçirir. Məqsəd ölkənin nəşriyyat işində və kitab bazarında olan meyilləri, problemləri üzə çıxarmaqdır. Son sorğunun nəticələri isə bizdə hələ də kitabla bağlı ciddi problemlərin qaldığını göstərir. Nəticələr, yəqin ki, oxucularımız üçün də maraqlı olardı. Əhali arasında aparılan sorğu hər on nəfərdən doqquzunun son bir il ərzində kitab oxumadığını üzə çıxarıb. Təəssüf doğuran budur ki, kitab oxumayanların cərgəsində tələbə və müəllimlər çoxluq təşkil edir. Mütaliə edənlərin 67 %-i isə bədii ədəbiyyata üstünlük verir. İkinci yeri isə elmi-kütləvi nəşrləri belə arxada qoyan dini nəşrlər tutur. İnternetdən kitab oxuyanların say artımı da sorğudan bəlli olur. Azərbaycan oxucusunu alacağı kitabın hansı nəşriyyatın məhsulu olduğu maraqlandırmır. Oxucu ilk əvvəl müəlliflə, sonra əsərlə tanış olub kitabı seçir. Kitabsevərlər hələ də nəşr məhsullarını kitab dükanlarından əldə etməyə üstünlük verirlər. Digər üsullar, o cümlədən, abunə yolu geniş yayılmayıb. Sorğu nəticəsində Azərbaycanda ən çox satılan kitab çeşidi də məlum olub. Onlar dərsliklər və nağıllardır. İkinci yeri detektiv ədəbiyyat tutur. Kitabı ən çox satılan müəllif Çingiz Abdullayevdir. Ən çox alınan kitablar cərgəsində klassik yazıçımız Cəlil Məmmədquluzadənin də adı gəlir. Nəşriyyat sahibləri ilə araşdırmalardan o nəticə alınıb ki, sahibkarların 72 faizi kağız və sairə nəşriyyat materiallarının, avadanlıqların qiymətlərinin bahalığından narazı olmaqla müvafiq qanunvericiliyin dəyişilməsi ilə problemin həllini mümkün sayırlar.
   
   Sonda yenə reklam
  
   Kitabların təbliği ilə məşğul olan klub özünün də reklamının qayğısına qalır. Qurum ictimaiyyəti həyata keçirdiyi layihələr, təqdimatlar, yeni nəşrlər, buraxdığı kataloq-jurnalın növbəti sayları barədə vaxtında məlumatlandırır. "Mətbuatda dərc olunmuş məqalələrlə ölkəmizdə kitab işinin inkişafina etdiyi köməyə görə" nominasiyasını keçirən klub qalib jurnalistləri fəxri diplomu və müxtəlif firmaların bahalı hədiyyələri ilə mükafatlandırır. Bu müsabiqə artıq 4 -cü dəfədir ki, klub tərəfindən keçirilir.
  
   Sabutay







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar