Tədbirin açılışı möhtəşəm oldu
Sentyabrın 10-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində keçirilən I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış törəni oldu. Mərasimi giriş nitqi ilə Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev açdı. Natiq çıxışında kitabın nəsillər arasında mənəvi bağlantı olduğunu vurğulayaraq bildirdi ki, ölkəmizdə kitaba hörmət, kitab nəşrinə dövlət tərəfindən xüsusi qayğı var. Baş nazirin müavini qürur hissi ilə bildirdi ki, son illərdə respublika prezidentinin sərəncamı ilə (400 adda kitab 10 milyon tirajla) nəşr olunub, pulsuz olaraq ölkə kitabxanalarına paylanılıb.
Azərbaycanda beynəlxalq kitab sərgi-yarmarkasının keçirilməsini kitaba xüsusi dövlət qayğısı kimi dəyərləndirən natiq mərasimi açıq elan etdi.
Açılış törəni mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı ilə davam etdi. Nazir mərasim iştirakçılarını salamladıqdan sonra beynəlxalq kitab sərgi-yarmarkasının Bakı İslam mədəniyyəti paytaxtı layihəsi çərçivəsində keçirildiyini bildirdi. Kitab sərgi-yarmarkasını ilin ən böyük mədəniyyət hadisəsi adlandıran nazir, H.Əliyev Fondunun hazırladığı nəşrlərdən, onların yüksək səviyyəli çapından, həmin nəşrlərin Azərbaycanı xarici ölkələrdə lazımi səviyyədə təbliğ etməsindən danışdı.
I Bakı Kitab Sərgi-Yarmarkasının sıradanbir layihə olmadığını vurğulayan Ə.Qarayev, sərgidə 20 xarici ölkə, 60-dan çox yerli nəşriyyat məhsullarının nümayiş olunduğunu bildirdi. Nazir kitabsevərlərin diqqətinə onu da çatdırdı ki, hər iki ildən bir paytaxtımızda yüksək səviyyəli kitab festivalları keçiriləcəkdir.
Sonra mədəniyyət və turizm naziri Ə.Qarayev mərasim iştirakçılarını Muzey Mərkəzində təşkil olunmuş kitab sərgi-yarmarkasına baxışa dəvət etdi.
"Mədəniyyət"