Açılışda Azərbaycan Prezident İlham Əliyev iştirak edib
   
   Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yenidənqurma işlərindən sonra istifadəyə verilən Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi ilə tanış olublar. XIX əsrin sonlarında tikilmiş binada ayrı-ayrı dövrlərdə müxtəlif idarə və təşkilatlar yerləşib. İncəsənət muzeyi kimi fəaliyyətə başladıqdan sonra çox sayda qiymətli sənət əsərlərinin yerləşdirilməsi və ekspozisiyanın ildən-ilə zənginləşdirilməsi bu sənət məbədinə marağı xeyli artırıb. Zaman keçdikcə nadir sənət nümunələrinin toplandığı bu binanın təmirinə ciddi zərurət yaranıb.
   
   2006-cı ilin iyulunda muzey binasının vəziyyəti ilə tanış olan Prezident İlham Əliyevin göstərişi ilə burada yenidənqurma və təmir işlərinə başlanılıb. Hazırlanan layihəyə əsasən üçmərtəbəli binanın bütün mühəndis-texniki qurğuları əsaslı şəkildə yenidən qurulub.
   On yeddi mindən çox eksponatın saxlandığı muzeydə boyakarlıq, qrafika, heykəltaraşlıq və tətbiqi sənət nümunələri toplanıb.
   Prezident İlham Əliyev və xanımı binanın əvvəlki və hazırkı vəziyyətini əks etdirən fotostendə baxıblar.
   Dövlətimizin başçısı yenidən qurulması nəzərdə tutulan muzey kompleksinin layihəsi ilə də tanış olub. Muzeyin bir binasını digəri ilə birləşdirən şüşə konstruksiyalı keçid inşa ediləcək. Təmir ediləcək digər bina üç yerüstü və iki yeraltı mərtəbədən ibarət olacaq. Yeraltı mərtəbələrdə bərpa emalatxanaları və əsərlərin saxlanılması üçün xüsusi bölmələr yerləşəcək. Birinci mərtəbədə texniki otaqlarla yanaşı, 90 yerlik kafe də fəaliyyət göstərəcək. Min kvadratmetr ərazini əhatə edəcək ikinci mərtəbədə sərgi salonları yaradılacaq. Üçüncü mərtəbədə isə sərgi salonları ilə yanaşı, 100 yerlik kino zalı da fəaliyyət göstərəcək. Layihəyə əsasən muzey kompleksinə yenidən qurulan bina, keçid, həmçinin təmiri nəzərdə tutulan əsas bina daxil olacaq.
   Yenidənqurma işləri başa çatan binanın zirzəmi qatı fondlar üçün nəzərdə tutulub. Burada kiçik heykəllər, müxtəlif metal əşyalar, arxeoloji qazıntılar zamanı tapılan eksponatlar saxlanılacaq. Muzeyin fondu isə ikinci korpusda yerləşəcək.
   Birinci mərtəbə sağ və sol qanadlardan ibarətdir. Sağ qanadda XVIII əsrin sonları - XX əsrin əvvəllərini əhatə edən rus rəssamlıq məktəbi nümayəndələrinin əsərləri nümayiş olunur. Zalda tanınmış fırça ustası V.Vereşşaginin 1872-ci ildə çəkdiyi “Bakının dənizdən görünüşü” əsəri diqqəti xüsusi cəlb edir.
   Sol qanadda isə Avropa incəsənətinin nümunələri sərgilənir. Burada XVIII-XIX əsrlərə aid keramika nümunələri ilk dəfədir ki, nümayiş olunur. Muzeydəki dəyərli əsərlərdən biri sonuncu rus imperatriçası Aleksandra Fyodorovnanın Qarabağ xalçası üzərində təsviri olan əsərdir. Orta əsrlərə aid heykəltəraşlıq nümunələri, habelə intibah dövrü müəlliflərinin əsərlərinin məharətlə işlənilən surətləri də bu ekspozisiyanı zənginləşdirir.
   İkinci mərtəbə Azərbaycan sənətkarlarının ekspozisiyasından ibarətdir. Ekspozisiyada Mirzə Qədim İrəvani, Əlibəy Hüseynzadə kimi müxtəlif üslublu sənətkarların əsərləri vardır. Azərbaycanın görkəmli rəssamları - ilk peşəkar rəssamı Bəhruz Kəngərli, Əzim Əzimzadə, Səttar Bəhlulzadə və Mikayıl Abdullayevin yaradıcılığını əhatə edən ayrıca zallar fəaliyyət göstərir.
   Burada heykəllər qalereyası da yaradılıb. Qalereyada 20-dən çox əsər təqdim olunur.
   İkinci mərtəbədə 100 nəfərlik konfrans salonu və xalçaların nümayiş olunduğu zal da fəaliyyət göstərir. Muzeydə xalqımızın milli geyimləri, “Qurani-Kərim”in qədim nəşrləri, orijinal mis qablar da nümayiş olunur.
   Əzim Əzimzadənin, Bəhruz Kəngərlinin əsərlərinin nümayiş edildiyi zallar ilə tanış olan dövlətimizin başçısına audiogid göstərildi. Bu aparatda məlumatlar rəqəmli formatda saxlanılır. Muzeyin qonaqları audiogid vasitəsilə burada nümayiş olunan əsərlər barədə 25 dildə geniş məlumat əldə edəcəklər.
   Digər zallarda müasir Azərbaycan incəsənətinin görkəmli nümayəndələri olan Baba Əliyev, Ələkbər Rzaquliyev, Böyükağa Mirzəzadə, Əyyub Məmmədov, Nadir Qasımov, Oqtay Sadıqzadənin əsərləri nümayiş olunur. Burada Zərifə xanım Əliyeva, Niyazi, Şəmsi Bədəlbəyli, Natəvan və Azərbaycanın digər görkəmli şəxsiyyətlərinin portretləri sərgilənir. Muzeydə dünya şöhrətli rəssamımız Tahir Salahovun əsərlərindən ibarət zal da var.
   Üçüncü mərtəbədəki ekspozisiyada avanqard üslubunda əsərlər nümayiş etdirilir. Burada Azərbaycanın müasir incəsənətinin tanınmış nümayəndələri - Mircavad Mircavadov, Rasim Babayev, Altay Sadıqzadənin əsələrindən ibarət ekspozisiya mövzu rəngarəngliyi ilə seçilir.
   Ekspozisiyanın iki zalında isə rus avanqard cərəyanının nümayəndələrinin əsərləri toplanıb. Bu əsərlər ilk dəfədir ki, muzeydə sərgilənir. Binada inzibati otaqlarla yanaşı, internet zalı və zəngin kitabxana da fəaliyyət göstərir.
   Dövlətimizin başçısı və xanımı muzeyin kompyuter otağı və kitabxanası ilə də tanış olublar.
   Prezident İlham Əliyev binada aparılan yenidənqurma və tərtibat işlərini yüksək qiymətləndirib. O, öz çıxışında Dövlət İncəsənət Muzeyinin yüksək səviyyədə təmir olunduğunu bildirib: “İndi muzeyin yeni həyatı başlayır. Bu tarixi binada çox gözəl əsərlər nümayiş etdirilir. Çox şadam ki, muzeyin əsaslı təmiri yüksək keyfiyyətlə aparılıb. Hər halda, bizim muzeyimiz dünyanın aparıcı muzeylərindən geri qalmır. Ona görə də mən inşaatçıların işini çox yüksək qiymətləndirirəm. Muzeyin təmirində və kolleksiyanın hazırlanmasında iştirak etmiş bütün insanları salamlayıram və öz minnətdarlığımı bildirmək istəyirəm.”    

  Turan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar