Sentyabrın 28-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) yeni istifadəyə verilmiş inzibati binasında Üzeyir Hacıbəyli adına Kamera Musiqi Salonunun açılış mərasimi keçirildi. Tədbir iştirakçılarını salamlayan ittifaqın sədri, xalq artisti Firəngiz Əlizadə yeni mövsümə dahi Üzeyir bəyin adını daşıyan Kamera Musiqi Salonunun açılışına həsr olunan konsertlə başlandığını qeyd etdi.  

   Sədr bildirdi ki, ABİ-nin 1912-ci ildə inşa olunmuş bu üçmərtəbəli memarlıq abidəsi Prezident İlham Əliyevin təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurularaq bəstəkarların istifadəsinə verilib. Onun sözlərinə görə, müasir avadanlıqla təchiz olunmuş bu binada yaradıcılıq gecələri, müəllif konsertləri, beynəlxalq tədbirlər təşkil ediləcək, sənət adamları ilə görüşlər keçiriləcəkdir. Yeni üslubda yaradıcılıq mərkəzinə çevriləcək binada sənətlə bağlı fikirlərin müzakirəsinə geniş yer veriləcəkdir. Bəstəkarlar İttifaqının 75 illik yubileyi ərəfəsində inzibati binanın yenidən istifadəyə verilməsini yüksək tarixi hadisə kimi qiymətləndirən natiq yubiley tədbirlərinə noyabrda start veriləcəyini və silsilə proqramlar təşkil olunacağını da diqqətə çatdırdı.
   Hazırda ittifaqın bir çox musiqi layihələrində yaxından iştirak etdiyini bildirən qurum sədri “Muğam” və “Üzeyir dünyası” layihələri çərçivəsində artıq bir çox işlər görüldüyünü də dedi.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ABİ-nin üzvlərini təşkilatın əsaslı təmirdən yenicə təhvil verilən binasında keçirilən ilk tədbir münasibətilə təbrik etdi: «Nəhayət, uzun illərdən sonra Azərbaycan bəstəkarları öz doğma ünvanlarına toplaşıblar. Bu gözəl hadisə münasibətilə bəstəkarımızı təbrik edirəm və onların adından bu dəstəyə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Fərəhləndirici haldır ki, ittifaqın yeni ünvanda keçirdiyi tədbir Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Bu belə də olmalıdır. Biz çox sevinirik ki, bu gün bir çox beynəlxalq tədbirlərdə, məşhur musiqi salonlarında dahi Üzeyir bəyin əsərləri səslənir. Bakıda Üzeyir Hacıbəylinin TÜRKSOY-un layihəsi əsasında səhnələşdirilmiş “Koroğlu” operasının nümayişi, Üzeyir Musiqi Gününün təntənəli açılışı, “Beynəlxalq musiqi həftəsi” çərçivəsində silsilə tədbirlərin keçirilməsi bir daha ölkəmizdə mədəniyyətin, ədəbiyyatın, musiqinin təbliğinə, inkişafına mühüm əhəmiyyət verilməsinin əyani sübutu olmuşdur».
   Nazir, həmçinin, dövlətimizin başçısının Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik yubileyinin keçirilməsi haqqında müvafiq sərəncamına uyğun olaraq tədbirlər planı hazırlandığını və məqsədyönlü işlərə start verildiyini də vurğuladı: «ABİ-nin son iki ildəki fəaliyyətinə nəzər salmaq istəyirəm. Uzun illər Bəstəkarlar İttifaqının qurultayı keçirilmirdi. Nəhayət, qurultay keçirildi, təşkilatın yeni rəhbərliyi seçildi. Yeni rəhbərlik son iki ildə ittifaqın fəaliyyətinin nizama salınması üçün böyük işlər görmüşdür. Bu fəaliyyətin uğurlu nəticəsi kimi, hörmətli prezidentimiz Bəstəkarlar İttifaqının 75 illiyinin dövlət səviyyəsində təntənə ilə qeyd olunması barədə sərəncam imzaladı. Mənə elə gəlir, bu il Bətəkarlar İttifaqı üçün bir hesabat ilidir».
   Sonra sədr Firəngiz Əlizadə ittifaqa qəbul olunan yeni üzvlər- bəstəkarlar Firidun Allahverdi, Rena Geli, həmçinin musiqişünas Ellada Hüsenovaya üzvlük kitabçalarını təqdim etdi.
   Daha sonra «Üzeyir dünyası» layihəsinin iştirakçıları - sənətşünaslıq doktoru Fərəh Əliyeva, Ü.Hacıbəylinin ev muzeyinin direktoru, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, sənətşünaslıq namizədləri Kamilə Dadaşzadə, Fəttah Xalıqzadə, həmçinin «Pəncərə» jurnalının baş redaktoru Günel Anarqızı layihə barədə məlumat verdilər.
   Tədbirdə Azərbaycan Dövlət Simli Kvarteti, həmçinin, xalq artisti Zəhra Quliyeva, tanınmış pianoçu əməkdar artist Murad Hüseynov, vokalçılar Nərgiz Kərimova, əməkdar artistlər- Gülnaz İsmayılova, Həsən Ənami, dahi bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev, Asəf Zeynallı, Aqşin Əlizadə və Firəngiz Əlizadənin əsərlərini ifa etdilər.
   
   İltifat HACIXANOĞLU







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar