Mirzə Cəlil. Bizim millətin ən böyük Mirzəsi. Bu millətin «kağızlarını», məktublarını yaza-yaza bir ömrü əritdi. Dostumuz Şərif Ağayar iddia edir ki, o, AZƏRBAYCANIN ƏN BÖYÜK YAZIÇISIDIR. Haqlıdı. Onda Azərbaycan da var, yazıçılıq da… Özü də böyükdü, ən azı 140 il. O, əvvəlinci Mirzədi, daha sonra «Ölülər»in fatihəsini oxuyan Molla Nəsrəddindi, daha sonra Kefsiz İsgəndərdi...   

Vallah, heç bilmirəm, nədən danışım, Usta Zeynaldanmı, hürriyyət həsrətində olan Kərbəlayi Məmmədəlidənmi, ya binəva Novruzəlidənmi, individual Molla Fəzləlidənmi, şeir bülbüllərindənmi, Novruz ağanın qardaşı oğlu olan o zırramadanmı, ya özümüzdənmi?
   Amma «Dəli yığıncağı»na düşmüş Mirzədən yazmaq...
   İlk oxuduğum bədii əsər «Eşşəyin itməkliyi»dir. Üstündən 15 ildən çox vaxt keçir. Mən də böyümüşəm. Amma üstündən düz bir əsr keçib və Məhəmmədhəsən əminin eşşək dərdi təzədi və «Danabaş kəndinin əhvalatları» hələ də əvvəlki əhvaldadı. Hərə Mirzəyə bir kağız yazdırır, hərənin də bir dərdi var. Amma bu dərdlərin hamısı bir yerdə Mirzəni böyük bir «Nigarançılıq» içində qoyur...
   Heç Azərbaycan ədəbiyyatı tarixində «Usta Zeynal» və ya «Şeir bülbülləri» qədər mükəmməl hekayə oxudunuzmu? Heç bütün zırramalığı və əbləhliyi ilə bu qədər doğma olan qəhrəmanlar tanıdınızmı? Nədən ki, özümüzünkülərdi. «Ölülər» də «Dəli yığıncağı»ndakılar da... Heç kim danmasın: hamımız ölülərik və hamımızın da özünümüdafiə variantı var: «vallah, biz dəli deyilik, biz dəli yığıncağına düşmüşük».
   Və hərdən içimizdən biri tapılır ki, özünü «kolların kosu, yolların tozu» hesab edib nəsə yazır, onda bu camaat (o camaat ki, Mirzənin ağ gününü qara elədi) şivən salır: «ay aman, bu urusbaşdılar bizi təhqir edirlər!!...». Amma bizim hansı yazımız «Dəli yığıncağı»na taydı.
   Mirzə Cəlil həmin o Molla Nəsrəddindir ki, «Ölülər»də bu camaata fatihə verdi. Amma həmişə «Ölülər»də Dirilmə motivləri var. Mirzə Cəlil bu DİRİLMƏYƏ özü inanır və bizə də inanmağa yer qoyur. Amma bu başqa məsələ ki, biz dirilmək istəmirik. İndən belə bizi kim onun kimi tanıyacaq. Bu əsərlər bu məmləkətin pasportudu.
   Bütün bu haqq-hesablardan sonra «Poçt qutusu» hekayəsinin sonluğunu xatırlayın: Novruzəlini poçt işçisini bihörmət etdiyi üçün həbs edirlər. Sonra bu xəbər xana çatır. Və hekayənin ən sonuncu cümləsi: «xan bir az bikef oldu». Elə bu heyndə Kəblə Məmmədhüseyn pulu aldı qoydu cibinə və bunu dedi: «Allah xana ömür versin».
   Özümüzə əl qatıb Kuelonu, Pelevini oxuyuruq və forslanırıq, amma nə bizə bu qədər doğmadı- bu dahiyanə hekayə və pyeslər kimi? Çünki biz «Şeir bülbülləriyik»! «Pəh...pəh... nə qədər məziyyət... Zalım oğlu qiyamət eləyir. Sən bir məharətə bax ki, bir cim hərfi ilə nə böyük məna ifadə edir, yəni anladır...» Hər nə isə...
   Gedin balalarınıza Mirzə Cəlilin hekayələrini alın, qoyun balalarınız «Usta Zeynal»ı, «Poçt qutusu»nu, «Quzu»nu oxusun və bu Danabaş kəndini də mütləq tanısın. Amma onları Əhməd Fitrət olmağa qoymayın ki, durub desin : «Məlumdur ki, biz türk milləti necə ki, hər bir işdə geri qalmışıq, dil barəsində də habelə. Nə bir qanun tanıyırıq, nə də bir ahəngə tabe oluruq; ...elə ata-babalarımız və cici-bacılarımız deyən kimi biz də gərək balığa «balıx» deyək?» (Mirzə Cəlilin «Sirkə» hekayəsini oxuyun), yoxsa bu «millət qəhrəmanları»nın, taxıl qurdu ilə məşğul olan alimlərin içində lap itib batarıq.
   Bu pyeslər və hekayələr yazılandan bəri səhnəmiz Mirzə Cəlil yaradıcılığına baş vurub. Amma çox vaxt üzdən gedir. Deyim niyə: dərində təzyiq güclüdür. Ona görə dərinə enmək hər adamın işi deyil. Amma bol-bol «Ölülər»i, «Dəli yığıncağı»nı, «Danabaş kəndinin əhvalatları»nı tamaşaya hazırlayıblar. Məşhur tamaşalar olub. Mehdi Məmmədovun hazırladığı «Dəli yığıncağı», Tofiq Kazımovun hazırladığı «Ölülər» tamaşası teatrın klassik incilərindəndir. (Və bir qeydim də «Ölülər» barədə: Kefli İsgəndər Azərbaycan teatrının aktyorları üçün Hamleti oynamaq kimidir. Bu Kefli İsgəndər Azərbaycan teatrının Hamletidir)
   Xeyli əvvəl “Yuğ” teatrı «Cənab Ö» tamaşası ilə (rejissor Vaqif İbrahimoğlu) bu dramaturgiyanın şah əsərinə orijinal yozum verdi. Hələ də repertuarda olan «Məkkəyə yol» (Bakı Kamera Teatrı, rejissor Cənnət Səlimova) teatrın ən yaxşı tamaşalarındandır. «Ölülər» bizim teatrın zaman-zaman qayıtdığı əsərdi. «Ölülər» bizim zaman-zaman qayıtdığımız məqamdır. Teatrın daim bir Kefli İsgəndəri var ki, üzünü zala tutub öz nitqini desin. Bu da bizim teatr üçün «olum ya ölüm» monoloqu kimidi. Elə indinin özündə də Akademik Milli Dram Teatrının bir «Ölülər»i var.
   Bunca mükəmməl Mirzə Cəlil yaradıcılığı Azərbaycan kinosunda nə qədər itiribsə də, özünü bəlli edir. Tofiq Tağızadə «O dünyadan salam», Ramiz Əzizbəyli «Pirverdinin xoruzu», Vasif Məmmədzadə «Lal» və «Sabah» studiyası «Nigarançılıq»... Birincidə Fəxrəddin Manafovun İsgəndəri, sonuncuda Yaşar Nurinin Qurbanəli bəyi əvəzsizdi və Mirzə Cəlili xatırladır.
   Qaldı ki «Lal»a, bu Azərbaycan teatrı üçün bir pərdəli ilk pantomim pyesdi. Burda əsas risk qroteskdir, kinayədir. Elə süjet də pantomimə xas şəkildə sadə və lakonikdir. İki sahibsiz uşaqdan ağlamaqlarının səbəbini soruşan yoldan ötənlər-mömin, intellegent, çinovnikdir ki, zəng və azan səslərindən sonra vacib işləri yadına düşür və uşaqlara xırda pul verib, işinin dalınca gedirlər. Uşaqlar ağlamağını kəsmir, təkcə yoldan ötən lal nə zəngi, nə azanı eşidir və doğrudan, uşaqların halına acıyır. Uşaqlar ağlamağını kəsir, lala tərəf «yavuqlaşır» və onunla gedirlər. Bu insanlar arasında ünsiyyət münasibətlərinə eyhamdı. Bu, sözlü adamlar ola-ola bir lalla uşaqların anlaşmasıdı. Bu ünsiyyət blokadasına bir gizli yoldu. Hərçənd ki, Vasif Məmmədzadə onu sosial və xaotik bir motivdə qarmaqarışıqlığa çevirdi və bu «Lal»ın o «Lal»a dəxli olmadı. «Sabah»ın «Nigarançılıq» teletamaşası isə Mirzə Cəlil irsinə bir maraqlı gəzişmə idi ki, istedadlı aktyorlar (Yaşar Nuri, Eldəniz Zeynalov, Məbud Məhərrəmli, Telman Adıgözəlov, Pərviz Məmmədrzayev və s.) arzusunu gerçəkləşdirdi. Bu bir uzun «nigarançılığın» rəsmi təsdiqi oldu. Mirzə Cəlil elə bu millətin uzun bir nigarançılığı içində dünyasını dəyişdi.
   Bu acı bir aqibət idi və Mirzə bu həqiqəti soyuqdan donmamaq üçün əlyazmalarını yandıranda bütün tamlığı ilə anlaya bildi. Dünya üçün Mirzə Cəlil o odun tüstüsü kimi görünməzdir. Bunun birinci günahkarı bizik: öz feodal dərdləri ilə bu böyük insanın ayaqlarına buxov olan binəvalar! Təxminən belə! Amma nə olsa da dünyanın ən böyük ədibləri sırasında bizim də Mirzəmiz var.
   Kefli İsgəndərin, Şeyx Nəsrullahın, Qurbanəli bəyin, Molla Fəzləlinin və qeyri qəhrəmanların nə qədər ömrü varsa, Mirzə Cəlilin də ömrü o qədərdi. Daha 66 illik ömür deyil.
   Mirzə Cəlilin yaradıcılığı həmişə DİRİDİ.
   
   Aliyə