Xalq şairi Bəxtiyar Vahabzadənin ölümündən bir həftə keçir.
   Çoxları üçün milli ədəbiyyatın canlı təcəssümü hesab edilən şair azərbaycanlıların milli şüurunun formalaşmasına öz möhürünü vurmuş şəxsiyyət kimi dəyərləndirilir.
   Onun əsərlərində müasir insanın hissləri, mənəvi-əxlaqi kefiyyətləri, ideal və arzuları müxtəlif bədii boyalarla əks olunmuşdur.

   
    1925-ci ildə Azərbaycanın gözəl diyarlarından birində - Şəki şəhərində doğulmuş B. Vahabzadə 1934-cü ildə ailəsi ilə Bakıya köçmüşdür. Orta təhsilini Bakıda almış və sonralar BDU-nun filologiya fakültəsində oxumuş və təhsilini davam etdirərək filologiya elmləri doktoru olmuşdur. Uzun illər BDU-da professor kimi pedaqoji fəaliyyət göstərmişdir. Bədii yaradıcılığa "Ana və şəkil" adlı ilk şerini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri ilə müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. O, tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin adı təkçə respublikamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda da mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur. Xüsusilə də Turkiyədə, İranda, İraqda onun əsərləri ilə tanış olmayan az adam tapılar. Təsadüfi deyil ki, onun əsərləri - şeir kitabları, dramları və publisist yazıları dünyanın çox dillərində, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və köhnə sovet ölkələrinin dillərinə tərcümə edilmiş və bu əsərlər çox böyük maraq və sevgi ilə qarşılanmışdır.
   B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Azərbaycan ədəbiyyatının milli-mənəvi köklər üzərində inkişaf etməsində böyük xidmətləri olan şairin, həmçinin klassik poeziyamızın sənətkarlıq məsələlərinin öyrənilməsində, müasir ədəbiyyatımızın müxtəlif problemlərinə dair bir sıra məqalələr toplusu, elmi-monoqrafik tədqiqatları var.
    Ədibin əsərlərində müasirlik hissi güclüdür. O, həmişə insanı düşündürən, həyəcanlandıran fikirləri diqqət mərkəzinə çəkir.
   Bədii yaradıcılığın, poeziyanın da təsirli olmasının səbəbi təkcə istedada deyil, həm də bu istedadın konkret əmələ, əqidəyə istiqamətlənməsidir.
    Zamanı ləngitmək, saatı, anı saxlamaq - bu ən qədim Faust arzusu bu gün də insanın böyük arzusu olaraq qalır.
   Zaman üzərində qələbə məhz onu ləngitməkdədirmi?
    Şairə görə, ağlın qələbəsi sürətdirsə, ürəyin qələbəsi etirafdı. Şairə görə bütün hökmləri ürək verməlidir. Çünki ağıl çox seyi görür, qəbul edir, amma ürək yox.
   
   Yaşamaq yanmaqdır
   Yanasan gərək,
   Həyatın mənası
   Yalnız ondadır.
   Şam əgər yanmırsa,
    yaşamır demək
   Onun da həyatı
   Yanmağındadır!
    * * *
   Bizim sənət dünyasının
   Qırıq telli sazıyam,
   Bircə bundan razıyam ki,
   Özümdən narazıyam.

   
   B. Vahabzadənin müşahidə dairəsi, toxunduğu problemlər və düşüncələr axarı çox geniş və vüsətlidir.
   Sənətkarın yaradıcılığı onun şəxsi həyəcanını, duyğu və düşüncələrini, dünyanı şairanə qavrayışının ifadəsidir. Lakin yalnız sırf fərdi təsir bağışlayan bu münasibət əsərlərdə elə yüksək səviyyədə ümumiləşdirilir ki, dərin ictimai-siyasi məna kəsb edir. Şairin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Amma o, millilikdən ümumbəşəri fövqə qalxır.
   Ədibin dramaturgiya sahəsində də müvəffəqiyyətləri az olmayıb. Onun “Vicdan”, “İkinci səs”,”Yağışdan sonra”, “Yollara iz düşür” səhnədə müvəffəqiyyətlə göstərilmişdir. Rəğbət qazanmış bu tamaşaların səciyyəvi xüsusiyyəti nədir?
   Bu əsərlərdə şair-dramaturq çox ciddi əxlaqi məsələlərdən bəhs edir. Burada fəlsəfi mövqedən ziddiyyətləti işıqlandırır.
   Onun səhnə əsərlərində poeziya ilə dramaturgiya bir-biri ilə qovuşur. Ədibin dramaturgiyasında münaqişə, əsasən psixoloji planda, surətlərin daxili aləmində, bir-biri ilə qarşılıqlı münasibətlərində inkişaf edir və demək olar ki, hər bir epizod mənəvi sarsıntılarla, keçidlərlə doludur. Vahabzadənin haqqında az yazılmayıb, şairin yaradıcılığı bütövlükdə, yaxud yaradıcılığının ayrı-ayrı tərəfləri müxtəlif yönlərdən və fərqli elmi səviyyələrdə dəfələrlə araşdırılıb.
   Şairin “Gülüstan” poemasından başlamış “Şənbə gecəsinə gedən yol”, “Şəhidlər” poemasınadək - bütün əsərlərinə oxucu marağı gündən-günə çoxalır. Onun nəsri də poetik yaradıcılığı ilə vəhdət təşkil edir.
   
   Turan