Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Filarmoniya bağında aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub. Bu barədə Prezidentin mətbuat xidmətindən məlumat verilib.
   Bağ salınandan sonrakı dövrdə ilk dəfə burada abadlıq işləri ötən əsrin 70-ci illərində aparılıb. 2007-ci ilin mayında əraziyə gələn dövlət başçısı burada abadlıq və yenidənqurma işlərinin aparılması ilə bağlı tapşırıqlar verib. Fransanın “İnter Art” şirkətinin məxsusi olaraq layihələndirdiyi bağda orijinal formada tikilən fəvvarə Bakıda ilk dəfə məhz burada yerləşdirilib. Dövlət başçısına və xanımına bağda bərpa və yenidənqurma işləri ilə yanaşı, arxeoloji qazıntılar aparıldığı barədə də məlumat verilib. Ərazidə İçərişəhərin İkinci Qala divarı və Qala qapısı da aşkarlanıb. Bağla tanışlıqdan sonra prezident İlham Əliyev burada yenidənqurma işlərinə cəlb olunmuş Fransanın “İnter Art” şirkətinin nümayəndələri ilə görüşüb, işləri yüksək səviyyədə yerinə yetirən mütəxəssislərə uğurlar arzulayıb.