Ağasadıq Gəraybəylinin doğum gününə
Ağasadıq Gəraybəyli. Bu ad hamımıza nə isə deyir. Oturub maraqlı söhbətlər edən köhnə Azərbaycan kişisini, əsil-nəcabətli bəyi xatırladır. Bica demədim, bəy olması həqiqidir. Ağasadıq Gəraybəyli 15 mart 1897-ci ildə Şamaxıda bəy ailəsində anadan olub. Onun çox maraqlı bir sənətin dalınca getməsi insanda təəccüb hissi yarada bilər; «bəy olasan, aktyorluq sənətini seçəsən». Görünür, sənət yanğısı güclü olub. Bu səbəbdən də aktyor olmağı qərara alıb.
Gəraybəylinin simasında köhnə insanın cizgilərini duymaq elə də çətin deyil. Ona baxarkən adama elə gəlir ki, oturub onunla uzun müddət maraqlı söhbət etmək, yaxşı məsləhətlər almaq olar. Danışığının tələskənliyi isə onda azərbaycanlı koloritini daha da artırır. Onun danışıq tərzini eynilə belə bir aktyorlar Eldəniz Zeynalovla müqayisə etmək olar. İkisində də Bakı «qədeş»lərinə xas olan iddialar, hərəkətlər və danışıq tərzləri tam uyğun... Aktyorun uşaq yaşlarından Bakıda yaşaması buna dəlalətdir. Hər ikisini eyni nöqtələrdə birləşdirmək mümkündür. Amma Ağasadıq Gəraybəylinin sanballı kişi görünüşü və bir sıra iddialı hərəkətləri onun əyilməz bəy nəslindən olmasına bir eyhamdır. «Yox-yox canım eee... indicə Hüseynova bacıları öz məharətlərini görsədəcəklər!» Daha jestli hərəkətlərlə hər hansı halı, ovqatı göstərmək bacarığı aktyorda ideal idi.
Ağasadıq Gəraybəyli aktyorluq məharətini 80 il səhnədə sübut edib. 1908-ci ildə Hüseyn Ərəblinskinin truppasında işləyən rejissor qardaşı Ağayarın köməyi ilə səhnəyə çıxıb. Professional səhnəyə 1921ci ildə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrının səhnəsindən başlayıb. Bundan öncə isə 1932-ci ilə kimi bu teatrda çalışır. Kino sənətinə də 1920-ci illərdən çəkilməyə başlayıb. İlk dəfə «Qız qalası» səssiz filmində (Əyan) epizodik obrazını oynayıb. Sonra «Hacı Qara»da Əsgər bəy rolunu oynayır. Cəfər Cabbarlı «Sevil» filmində Balaş rolunu məhz ona həvalə edir. Ağasadıq Gəraybəyli 1916-cı ildə Politexnik Məktəbinə daxil olan vaxtlardan Cəfər Cabbarlı ilə tanış olur. Sonralar aktyor Tənqid və Təbliğ Teatrından Akademik Milli Dram Teatrına keçir. İyirminci ildən aktyor kimi Milli Dram Teatrının yenicə təşkil olunmuş truppasında çalışıb. Akademik teatrda daha çox faciəli rollara üstünlük verir. Bilinmir, bəlkə də, maraqlı alınıb. Amma inanmaq olmur ki, Ağasadıq Gəraybəylini gülüşsüz görəsən. Daha çox komik temporitmli aktyorun faciədə bütün bunları yığışdırması onun müsbət dəyərlərini göstərən vasitə ola bilər. «İblis», «Xəyyam», «Səyavuş» (H.Cavid), «Qaçaqlar» (F. Şiller), Altunbay («Od gəlini», C. Cabbarlı), Lorensio («Romeo və Cülyetta», V.Şekspir), Knyaz Abrezov («Canlı meyit», L.Tolstoy) və neçə-neçə saymaqla bitməyən faciəli rollar. Maraqlı budur ki, aktyora həmişə baş qəhrəmanları həvalə ediblər. Faciəli obrazları da maraqlı və rəngarəng etməyi Ağasadıq Gəraybəyli bacarıb. Amma aktyor istedad sayəsində obrazlar da yarada bilib. Əsgər bəy və Naçalnik, Xan («Hacı Qara», «Lənkəran xanının vəziri»), Əliqulu və Mindilli («Əliqulu evlənir», «Nişanlı qız»), Ser Tobi («On ikinci gecə», V. Şekspir), Anton Antonoviç («Müfəttiş», N. V. Qoqol) və başqa komik rolları ilə aktyor öz məharətini bəyan etdirib. Saymaqla bitməyən həm komik, faciəli, həm də dramatik rolları Ağasadıq Gəraybəylini tamaşaçılara tanıdıb və sevdirib. Ağasadıq Gəraybəylinin teatrdakı bu rollarını- Xosrov («Fərhad və Şirin»), İbrahim xan («Vaqif»), Stalin («Xanlar») qeyd etməmək heç cür olmur. Vaxt ötdükcə, aktyor yaşa dolduqca kinoda da maraqlı obrazlarını yaradır və kinolentlərlə tarixdə bir nişan qoyur. İran sərdarı («Fətəli xan»), Sərdarov («Qızmar günəş altında»), Rüstəm dayı («Bizim məhəllənin uşaqları»), Jandarm («Ulduzlar sönmür») filmlərində elə də maraqlı obrazlar yaratmır. Amma iki filmi əldə dəstəvuz edib demək olar ki, Ağasadıq Gəraybəyli kino sənətində də az iş görmədi. Bu iki film «O olmasın, bu olsun» (Rüstəm bəy) və «Bəxtiyar»dır. Bu obrazlar kino sənətində kifayət qədər geniş tamaşaçı kütləsini özünə cəlb etdi və sevdirdi. «O olmasın, bu olsun» filmindəki Rüstəm bəy elə bil onun genetik prototipidir. İç dünyasının qaranlıq nöqtəsində gizlənən obrazıdır. Ümumiyyətlə, obrazlarının əksəriyyətində onun genetik səcərəsi açıq-aşkar görsənir. Rüstəm bəyin daxilində bir kişilik yatır. Onun ifadəlirində iradəsiz adam xarakteri duyulur. Amma o, bəydir, əsilzadədir və xaraktercə güclü adamdır. Bütün bu keyfiyyətlərinə görə Rüstəm bəy, aktyor Ağasadıq Gəraybəyliyə borcludur. Rüstəm bəy dərin düşüncə və savadlı görünməsə də, onun irsən gələn bəy ədaları var ki, bu da hərəkətə, jestlərə, meyilli olan aktyorun ifa xüsusiyyətlərini açır.
«Bəxtiyar» filmində bu çeviklik Ağabalanın özünəməxsusluğu və işbazlığı kimi yozulur. Hər kəlməsi dəqiq tapılmış üz ifadəsi və jestlə müşayiət olunan Ağasadığın qəhrəmanı komik obraza çevrilir. Sözsüz ki, hərəkətə meyillilik, jest və mimikalardan istifadə, səssiz filmlərdən olan obraz üçün (Balaş, «Sevil») xüsusilə vacib idi. Diqqət etmisinizsə, bu filmdə Ağasadıq Gəraybəylinin üzü «oynayır». Tamaşaçılara təkcə süjeti izləmək qalır. Çünki ilk kadrlardan aktyor Balaşı tanıdır. Səssiz film olmasına baxmayaraq, «Sevil» təbiətcə çox enerjili və ehtiraslı aktyora görə səs-küylü bir film kimi baxılır. Bunu ona görə əminlikə demək olar ki, artıq «Sevil» mövzusunun yaratdığı hay-küy keçib gedib və bu gün filmə aktyor oyununun sərgisi kimi baxılır.
Martın 15-i aktyor Ağasadıq Gəraybəylinin 109 yaşı tamam olur. Amma yüz il sonra da onun qəhrəmanları bizimlə olacaq.
Aytək