Ələsgər Ələkbərovun xatirəsinə
  
   Azərbaycan teatr tarixində bu ad pafoslu və gurultulu səslənişi (assosiativ), zamanı - az qala bütöv bir mərhələni xarakterizə edən sənət meyarı kimi hələ də yer tutur. Ələsgər Ələkbərov -bütöv bir tarix: Tamaşaçı dolu zal. Vaqif, ya da Otello... Elə bil o Səməd Vurğunun "Vaqif" pyesini teatr üçün bir dəfə də yazdı. Şairin dağ seli kimi gurultulu, axıcı, səlis misralarına ruh verdi. Və bu sözlər bir dəfə də onun ünvanına səslənəcək: "... Soyuq məzara da zinətdir insan..."
   Ələsgər Ələkbərovun yaradıcılığı tək bir aktyorun fərdi üslub keyfiyyətlərindən çox qırağa çıxır. O, bütöv bir mərhələ - ən azı 25 ilin teatrının bədii estetik meyarlarını müəyyənləşdirdi. Monumental tamaşaların qəhrəmanları həm də ürəyi sadə, pafoslu və ritorik hisslərlə çırpınan tamaşaçıların sevimliləri oldular. Və onların çoxu Ələsgər Ələkbərovun qəhrəmanlarıdır. Onun kino obrazları teatr kimi geniş meydanı olan səhnə qəhrəmanlarının sanki sıxılmış variantlarıdır. Zəhmli, hökmlü kolxoz sədri Rüstəm kişi ("Böyük dayaq" filmi), vətənpərvər, tədbirli Fətəli xan ("Fətəli xan" filmi), Şeyx Əmir ("Leyli və Məcnun" filmi)...
  
   * * *
   Ələsgər Hacıağa oğlu Ələkbərov Bakıda yoxsul tacir ailəsində anadan olub. Bakı Realnı Məktəbində təhsilə başlayandan iki il sonra atası vəfat edib və evin bütün ağırlığı anası Zübeydə xanımın və balaca Ələsgərin çiyninə düşüb. Uşaqlıqdan oyuna, teatra maraq göstərən, müxtəlif dram dərnəklərində çıxış eləyən Ələsgər 1927-ci ildə Bakı Teatr Texnikumuna daxil olur. Bunu ona dərnəklərdə tamaşalara quruluş verən İsmayıl Hidayətzadə məsləhət görür. Texnikumda təhsil illərində Ələsgər Türk İşçi teatrının yardımçı heyətinə işə götürülür. Burda o, müxtəlif səpkili obrazlar yaradır - komik (Cancur Səməd kimi), dramatik və tragik... Bununla bərabər Tiflis Azərbaycan Dram Teatrında rollar oynayır. Cəfər Cabbarlının "Od gəlini" (Aqşin), Hüseyn Cavidin "Knyaz" (Knyaz) faciələrində uğur qazanır. 1932-ci ildə Türk İşçi Teatrı Gəncəyə köçürülür. Elə həmin il aktyor Bakıya qayıdır və Akademik Milli Teatrda işə başlayır. O, Adil İsgəndərovun monumental səpkili tamaşalarında öz aktyor təbiətinə uyğun yer tapır. A.İsgəndərovun hazırladığı Mirzə İbrahimovun "Həyat" (Akif və Süleyman), Səməd Vurğunun "Xanlar" (Xanlar), "Fərhad və Şirin" (Fərhad), Mehdi Hüseynin "Nizami" (Əbdək), "Cavanşir" (Cavanşir), Cəfər Cabbarlının "Aydın" (Aydın), "1905-ci ildə" (Salamov), Nazim Hikmətin "Türkiyədə" (aparıcı müəllif), Şekspirin "Otello" (Otello) əsərlərinin tamaşalarında oynayır. Bu illərdə onun ən məşhur qəhrəmanları Vaqif və Otello olur.
   İlk dəfə kinoya on yeddi yaşından çəkilib. "Vulkan üzərində ev" filmində Əhməd, "Lətif" filmində Qurban, "Almaz" filmində Fuad, "Kəndlilər" filmində Göydəmir, "Yeni horizont"da Aslanov, "Fətəli xan"da Fətəli xan, "Qara daşlar"da İsmayılzadə, "Ögey ana"da Kazım dayı, "Uzaq sahillərdə" Ferrero, "Səhər"də Rəhim bəy, "Böyük dayaq"da Rüstəm kişi kimi ekran obrazları ilə kino tarixində iz qoyur. Aydın, gur, nadir səsi ilə qiraət ustası kimi də fəaliyyət göstərən aktyorun rəsm çəkməyə də həvəsi var imiş. O, söylədiyi hər kəlmənin mənasına, mahiyyətinə varır və dəqiq ifadə prinsiplərini müəyyənləşdirir. Sonuncu məşqi isə "Səyavuş" tamaşasında olur. Elə həmin axşam vəfat edən böyük sənətkarı Fəxri Xiyabanda dəfn edirlər.
   Onun xidmətləri həm də teatr sənətinə bir özgə rəng verməsi ilə tamamlanır. Ələsgər Ələkbərov teatra hörmət və sevgisini tamaşaçıya ötürməyi bacardı. Yəni, tamaşaçılar teatrın necə ciddi və yüksək sənət olduğunu bir daha dərk etdi. Ələsgər Ələkbərov öz yaradıcılığının ən qaynar çağları ilə teatra bütöv bir imic qazandırdı. Martın 26-sı xalqın sevimli aktyorunun 99 yaşı tamam oldu. İtizəkalı, rəvan təbli Vaqifin Ələsgər Ələkbərovun ifasında səslənən hər kəlməsi sanki yaxın-uzaq tarixə şəhadət verir. Tarix pafosu sevir:
   - Bəs baş əymədiniz...?
   - Əymədim, bəli!
    Əyilməz vicdanın böyük heykəli...
  
   Aliyə