«Seyid Şərq musiqisinin incisidir...»
   Cabbar Qaryağdıoğlu
  
   Dünyanın ən qədim və mədəni xalqlarından olan Azərbaycan xalqı özünün tarixi abidələri, zəngin ədəbiyyatı, incəsənət və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir.
   Azərbaycan musiqisi öz milli zəmini üzərində yüksəlmişdir. Xanəndələr xalqın mənəvi aləminin, zəkasının, arzu-istəyinin ifadəsi olan xalq musiqisini təbliğ etmiş, yaşatmış və qoruyub saxlamışdır.
  
   Xalq dühasının ən parlaq yaradıcılıq məhsulu muğamatdır. Muğamat musiqimizin təməl daşı, onun bünövrəsi və dayaq sütunudur. Əsrlərdən bəri xalqımızın yaratdığı mahnılar, təsniflər və oyun havaları muğamat üzərində yaranmışdır. Fasiləsiz olaraq saat yarım, iki saat oxuyan xanəndələr ancaq Azərbaycanda olmuşdur. Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər, Əbdül Bağı, Seyid Şuşinski «dəstgah» adı altında proqram yaratmışlar.
   Göründüyü kimi, Azərbycan musiqisinin ən əsas sahələrindən biri olan xanəndəlik sənəti mürəkkəb inkişaf yolu keçmişdir. Təəssüf ki, musiqi mədəniyyətimizin tarixində müstəsna xidmətləri olan xanəndələr haqqında yazılı ədəbiyyat olduqca azdır. Xanəndə və musiqiçilərimizin yaradıcı fəaliyyətlərini öyrənmədən, təbiidir ki, milli musiqi tarixini yaratmaq olmaz.
   Mir Möhsün Ağa Seyid İbrahim oğlu Şuşinski 1889-cu ildə Şuşa qəzasının Horadiz kəndində anadan olmuşdur.
   Mir Möhsün uşaq yaşlarından atasını itirmiş, tərbiyəsi ilə xalası Məşədi Hürzad məşğul olmuşdur. Dövrünün savadlı və açıqfikirli qadını olan Məşədi Hürzad Qarabağın qadın toylarında xanəndəlik etmişdi.
   Gənc Seyid ilk təhsilini Horadizdə, mədrəsədə almışdır. Mədrəsə təhsilini başa vuran Seyid dərzilik sənəti ilə məşğul olmuşdur. O, arabir dini mərasimlərdə və el şənliklərində çıxış etmişdir.
   Seyidin muğam öyrənməsində əmisi Məşədi Seyidəlinin əməyi az olmamışdır. Əmisi Seyidin musiqi təhsili ilə məşğul olur, Sədinin, Hafizin, Füzulinin və Zakirin şeirlərini Seyidə əzbərlədib, muğam üstündə oxudurdu.
   Həmçinin gənc Seyidin bir xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun həlledici təsiri olmuşdur.
   S.Şuşinskinin ilk çıxışı 1908-ci ildə şuşalılar qarşısında «Yay klub»unda olmuşdur. Məşhur xanəndə İslam Abdullayev həmin konserti belə xaırlayır: «Biletlər bir həftə qabaq satılıb qurtarmışdı. Axşam saat 9-da konsert başlandı. Cabbar, Qasım, Məşədi Məmməd, Həmid və Keçəçioğlu oxuduqdan sonra Azad bəy Əmirov gənc Seyidin «Mani» oxuyacağını elan etdi. Sonra Seyidə «Bayatı-Şiraz» oxutdular. Seyid «Bayatı-Şiraz»ın «Xavərən» şöbəsindən «Qatar»a keçəndə nəinki dinləyiciləri, hətta məşhur xanəndələri belə heyran etdi. Çünki «Xavərən»dən «Qatar»a keçmək xanəndədən zil səsdən başqa, həm ustalıq, həm də cəsarət tələb edir. Gənc Seyidini ustalıqla bir muğamdan başqa bir muğama keçməsi, doğrusu, mənə möcüzə kimi göründü. Seyid tarın son pərdələrindən aşağı enərək, təkrar zəngulələr vuranda, Cabbar əlindəki qavalı kənara qoyub, böyük bir heyrət içərisində Seyidə tamaşa edirdi».
   Seyid dəstgahı qurtarıb ayağa qalxdıqda salondakı tamaşaçılar uzun zaman gənc xanəndəni alqışladılar. Camaat sakitləşmirdi. Nəhayət, Xan sarayında xidmət etmiş, şəhərdə hörmətli şəxslərdən biri Xanlıq Muxtar iki dəfə göyə güllə atdıqdan sonra tamaşaçılar sakit oldular. Seyidə üçüncü dəfə «Şəkər oğulun şikəstəsi»ni oxutdular. Sonra Cabbar səhnəyə qalxıb Seyidi bağrına basaraq, gözləri yaşarmış halda dedi: «Camaat! İndi mən ölsəm də, daha qəmim yoxdur, çünki məndən sonra Seyid vardır».
   Seyid muğam aləminin sirlərinə böyük Cabbarın tədrisi ilə yiyələnmişdir. O, həmişə Cabbar Qaryağdıoğlunun tələbəsi olması ilə fəxr etmişdi.
   O gündən Seyidin şöhrəti artır, onun cazibəli səsini dinləməyə hamı can atırdı. Əmisi Məşədi Seyidəli Seyidin toylarda oxumasına icazə vermirdi ki, o hələ uşaqdır, Seyid xanəndəlik etməkdən əvvəl, musiqi aləminin sirlərini öyrənməlidir. Ona görə klassik Şərq muğamlarını və xalq musiqisini dərindən öyrənmək üçün Seyidəli gənc Seyidi Nəvvabın yanına aparır.
   Seyid Nəvvabın hücrəsində iki ildən artıq musiqi təhsili alır. 1910-cu ildə Nəvvab gənc Seyidə şənliklərdə, musiqi məclislərində oxumasını məsləhət görür.
   Onun oxumağı nəinki dinləyiciləri, hətta o dövrün sənət yollarında saç-saqqal ağartmış xanəndələri valeh edirdi.
   Seyid Şuşinski 1911-ci ildə Tiflisə getmiş və orada ilk çıxışını «Obşestvennoye sobraniye» klubunda etmişdir. 1912-ci ildə Tiflisdə «Molla Nəsrəddin» jurnalının redaktoru Cəlil Məmmədquluzadənin, Əlimirzə Nərimanovun, Yusifbəy Tahirovun təşəbbüsü və Seyid Şuşinskinin şəxsən yaxından köməyi ilə Tiflisin azərbaycanlılar yaşayan hissəsində (Şeytanbazarda) «Auditoriya» adlı yeni klub açılır. Klubun açılışı günü Seyid Şuşinski tarzən Məşədi Zeynalın müşayiəti ilə «Mahur» oxumuşdur. Konsertdə əldə edilən pulun hamısını Seyid kluba vermişdir. «Auditoriya» klubu da Seyid Şuşinskinin maddi yardımı nəticəsində açılmışdır.
   Seyid Şuşinski şəxsi mənafeyini güdən sənətkar olmamışdır. O həmişə Azərbaycan teatrına və artistlərinə maddi yardım etmişdir. Seyidin Azərbaycan mədəniyyəti tarixində xidmətləri unudulmazdır. Seyid Şuşinskiyə adi musiqiçi demək düzgün olmazdı. O, öz millətinin tərəqqisi, gələcəyi haqqında düşünən, onun incəsənətini şöhrətləndirən mədəniyyət xadimi idi. Seyid varlı idi. O, Qafqaz canişininin «Saray müğənnisi» olmaqla yanaşı, həm də şəxsi restoran, mehmanxana sahibi idi. Hətta «Mersedes» markalı avtomobili vardı. Seyid öz dövrünün dəbdə olan xanəndəsi idi.
   Qurban Primov Seyid haqqında deyir: «Seyidlə Şuşanın Mirzələr kəndində toyda idik. Hava isti idi. Seyid oxuyandan sonra üstündə rus çarının şəkli olan bir neçə palazqulaq beş yüzlükdən ona şlyapa düzəldib, papağın əvəzinə başına qoyub dedilər:
   - Ağa, hava istidir. Bu kağız şlyapanı qoy ki, sərin olsun».
   Seyid Şuşinskinin oxuduğu «Cahargah», «Nəva», «Bayatı-İsfahan», «Humayun», «Rast», «Mahur», «Zabul», «Kürdü-Şahnaz», «Mirzə Hüseyn segahı», «Mani», «Arazbarı», «Mənsuriyyə» muğamları böyük rəğbətlə qarşılanmışdır. Onun oxuduğu muğamlar içərisində «Çahargah» xüsusi yer tutur.
   Seyid Şuşinski novator xanəndə idi. O, «Cahargah»ın müqəddiməsini başlayarkən, muğamı «maye»sindən, yəni «Cöhrəvi» hissəsindən yox, məhz muğamın səkkizinci hissəsi olan «Mənsuriyyə» üstündə zildən 10-15 dəqiqə «Bərdaşt» etdikdən sonra muğamın «maye»sinə qayıtmışdır.
   Seyid Şuşinski olduqca zil, məlahətli səsə və uzun nəfəsə malik fitri istedadlı xanəndə idi. Nikbin ruhlu, təmtəraqlı muğamların mahir ifaçısı Seyid Şuşinski nəinki Qafqazda, hətta İranda da məşhur idi.
   O, 1926-cı ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasına dəvət olunur. Cabbar Qaryağdıoğlu və Keçəçioğlu Məhəmməd ilə birlikdə yeni açılmış xanəndəlik sinfində müəllim işləyir.
   Seyid Şuşinski Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik etdiyi illərdə (1926-1933) gənc sənətkarların musiqi təhsili ilə yaxından məşğul olmaqla bərabər, həm də Bakının musiqi həyatında da səmərəli fəaliyyət göstərmişdir.
   Azərbaycan musiqisinin və xalq mahnılarınn təbliği sahəsində Seyid Şuşinskinin xidməti böyükdür. Onun 1933-cü ildə təşkil etdiyi «Şərq musiqi ansamblı» ilə keçmiş SSRİ-nin müxtəlif şəhərlərində verdikləri konsertlər alqışlarla qarşılanmışdır.
   S. Şuşinski klassik, Şərq və Azərbaycan muğamlarının incəliklərinə dərindən bələd olan xanəndə idi. Onun gözəl və şaqraq zəngulələri (burunda və dişdə oxumaq) və uzun nəfəsləri dinləyiciləri valeh etmişdir. Üzeyir Hacıbəyov Seyid Şuşinskini nadir və istedadlı xanəndə adlandırmışdır. O, Fikrət Əmirovun «Şur», «Kürd-Ovşarı», Niyazinin «Rast» simfonik muğamlarının yaranmasında yaxından köməklik göstərmişdir.
   Şuşinskinin irsi böyük bir məktəbdir. Xanəndələr Seyid məktəbindən öyrənmiş və yenə öyrənməlidirlər. 1963-cü ildə onun 74 yaşında «Heyratı», «Mani», «Arazbarı», muğamlarını zil səslə oxuması hər xanəndəyə nəsib olmayan ustalıqdır. Professor Bülbül demişdir: «Qoca xanəndələr bulağın gözüdür, bunlarda xəzinə vardır».
   Seyid Şuşinski haqqında elmi monoqrafiyalar, kitablar yazmaq lazımdır, Seyidin həyatı Azərbaycan musiqi mədəniyyəti tarixinin ən parlaq səhifələrindən biridir. Klassik Şərq musiqisinin repertuarında elə bir muğam tapmaq çətindir ki, Seyid Şuşinski onu ifa etməkdə aciz olsun.
   Seyid Şuşinski yenilik axtaran sənətkar idi. O, bir çox muğamlara yeni guşələr,xallar, nəfəslər, hətta hissələr əlavə etmişdir. «Rast» və «Kürdü-Şahnaz» muğamlarının «Dilkeş» hissəsini dinləyicilərinə ilk dəfə çatdıran Seyid olmuşdur. Böyük sənətkar həm də bir çox muğamları birləşdirib oxumuşdur. «Rast- Humayun», «Qatar - Bayatı», «Şur-Şahnaz» və s. dəstgahlar Seyid Şuşinskinin yaradıcılıq məhsuludur. Seyid Şuşinski sənətdə Cabbar Qaryağdı oğlunun yolunu muğamdan-muğama keçmə (modulyasiya) üsulunu öz yaradıcılığında uğurla tətbiq etmişdir.
   Böyük sənətkar Seyid Şuşinski görkəmli pedaqoq kimi Zülfü Adıgözəlov, Xan Şuşinski, Mütəllim Mütəllimov, Cahan Talışinskaya, Sürəyya Qacar, Yavər Kələntərli, Həqiqət Rzayeva, Nəriman Əliyev, Əlibaba Məmmədov, İslam Rzayev, Yaqub Məmmədov, Rübabə Muradova və başqalarının xanəndə kimi yetişməsində böyük əməyi olmuşdur.
   Seyid Şuşinskidən təhsil almış Nəriman Əliyev, A. Zeynallı adına Dövlət Orta İxtisas Musiqi Məktəbində bizə dərs dediyi vaxtda həmişə Seyid Şuşinski haqqında maraqlı söhbətlər edir,onun necə qayğıkeş, gözəl insan olmasından danışırdı. Seyid Şuşinski pedaqoji fəaliyyətini dayandıranda öz sinfini Nəriman Əliyevə etibar etmişdi.
   Mən çox xoşbəxtəm ki, Seyid Şuşinskinin iki tələbəsindən (Nəriman Əliyevdən A. Zeynallı adına Dövlət Orta İxtisas Musiqi Məktəbində, İslam Rzayevdən isə Azərbaycan Dövlət Musiqi Akademiyasında) dərs almışam.
   Hazırda konsert salonlarında, televiziya və opera teatrlarında çıxış edən yaşlı və cavan xanəndələrin əksəriyyətində Seyid Şuşinskinin nəfəsi duyulur.
   Seyid Şuşinski 1939-1960-cı illərdə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist olmuş, ömrünün son illərində isə Opera və Balet Teatrında muğam operalarının məsləhətçisi işləmişdir.
   Böyük xanəndə Cabbar Qaryağdıoğlu Seyid Şuşinskini Şərq musiqisinin incisi adlandırmış və öz qavalını ona bağışlamışdır.
   Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında Seyid Şuşinski mühüm rol oynamışdır. O, yaradıcılığını milli vokal sənətinin zənginləşməsinə sərf etmişdir. Azərbaycan Republikasının xalq artisti, «Şərəf nişanı» ordenli, əməkdar müəllim Seyid Şuşinski 1965-ci ildə vəfat etmişdir. «Kommunist» qəzeti çap etdiyi nekroloqda yazmışdı: «Qocaman xanəndəmiz, qayğıkeş müəllim, son dərəcə təvazökar bir insan - Seyid Şuşinski vəfat etmişdir. O, ömrünün 60 ilini Azərbaycan musiqi mədəniyyətinin inkişafına həsr etmiş, gözəl səsi ilə xalqımızın sevimli müğənnisi olmuş, Yaxın və Orta Şərqdə şöhrət tapmışdır».
  
   Ruzə İBİŞOVA,
   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar