Milli mədəniyyət tariximizdə - opera sənətinin, eyni zamanda musiqi teatrının təşkili və inkişafında xidmətləri olan sənət adamları çox olub. Lakin bu yolda Hacıbəylilər ailəsi pozulmaz səhifələr yazıb. Zülfüqar Hacıbəyovun da musiqi teatrımızın inkişafı yolunda yazıb-yaratdıqları əsərlər əsl fədakarlıqdır…
Zülfüqar Hacıbəyov 1884-cü ildə Şuşa şəhərində anadan olub. Uşaqlıq illəri bu ecazkar musiqi beşiyində keçib. Erkən yaşlarından şəhərin musiqi məclislərində iştirak edib, istedadlı xanəndələrin ifasında xalq mahnılarını dinləyib. Demək olar ki, şəhərin mədəni ab-havasının ona gələcək həyat yolunu müəyyən etməkdə xeyli təsiri olub. Gənc yaşlarından musiqiyə əbədi bağlanan Z.Hacıbəyov ilk biliyini xalq musiqisindən alıb.
O dövrdə - yəni XX əsrin əvvəllərində opera və operetta yazmaq Azərbaycan musiqisində yenilik idi. Onun yaratdığı-bəstələdiyi əsərlərdən biri «Aşıq Qərib» operasıdır. O vaxt bu əsər ictimai-mədəni həyatda böyük marağa səbəb olur. Əsərin səciyyəviliyi onda idi ki, opera xalq musiqisi ilə Avropa musiqisinin sintezini özündə əks etdirirdi. Həmin dövrdə Z.Hacıbəyov bir sıra librettolara musiqi yazır.
Onun «50 yaşında cavan» (1910), «Varlı» (1911), «Evliykən subay» (1916) musiqili komediyaları bu gün də sənət dünyamızın bəzəyidir.
Z.Hacıbəyov 1935-ci ildə «Almaz» filminə musiqi yazır. Məlumdur ki, bu film kino tariximizdə ilk səsli filmdir. Bu ərəfədə yazdığı «Kölə qadınların rəqsi» adlı simfonik əsəri ona böyük şöhrət gətirir. Onun daha iki - «Nüşabə» və «Üç aşıq» operası isə tamamlanmamış qalır...
Yaradıcılığa mahnı janrı ilə başlayan Zülfüqar Hacıbəyov XX əsrin 20-30-cu illərində çox məşhurlaşır. Bəstələdiyi nəğmələri - «Kəndçi qızı», «Çoban qız», «Əsgər nəğməsi» və digər mahnıları dildə-ağızda dolaşır.
Onun yaradıcılığı rəngarəngdir. Milli musiqi xəzinəmizə bəxş etdiyi töhfələr çoxdur. İstedadlı bəstəkarın əsərlərinin hər birini ayrı-ayrılıqda sənət məbədimizin qızıl kərpici hesab etmək olar...
Təəssüf hissi ilə qeyd edək ki, o dövrdə - 1937-ci il repressiyasının acı yelləri Hacıbəylilər nəslindən də yan keçmir. Bu görkəmli nəslin gözəl yadigarları doğma yurd-yuvalarından pərən-pərən düşür. Bəziləri mühacirət edir, ömürlərini qürbətdə başa vururlar...
Çox keçmir ki, İkinci Cahan savaşı başlayır. Müharibə acı rüzgarın səmtini dəyişir. Ölkədə vətənpərvərlərə, milli təəssübkeşlərə qarşı bir az yumşalma hiss olunur. Lakin 37-ci ilin ab-havası, yəni qorxusu tam çəkilməmişdi... Buna baxmayaraq, Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları qarşılaşdıqları ədalətsizliklərə, ziddiyyətli münasibətlərə mətanətlə sinə gərirlər. Böyük dözümlülük göstərərək milli musiqimizin inkişafında əllərindən gələni əsirgəmirlər. Həqiqətən də, onların yazdıqları bir çox əsərlər dövrün təqiblərinə, qadağalarına məruz qalır, illərlə arxivlərdə saxlanılır. Ancaq sonda haqq-ədalət öz yerini tutur - hər iki bəstəkar qardaşın xidmətləri qiymətləndirilir. Zülfüqar Hacıbəyov milli musiqimizin inkişafı yolunda göstərdiyi xidmətlərə görə, 1943-cü ildə əməkdar incəsənət xadimi adına layiq görülür.
Musiqili Komediya Teatrının əsasını qoyan görkəmli sənət xadimlərindən biri kimi Z.Hacıbəyov respublikanın ictimai-mədəni həyatında da fəallıq göstərib. Bu sahədə olduqca çox çalışıb. Lakin yazıb başa çatdıra bilmədiyi çoxlu sayda əsərləri qalıb. Arxivdə müxtəlif janrda yazdığı yarımçıq qalmış əsərləri var.
Ömrünün son günlərinə kimi yaradıcılıqla məşğul olan Z.Hacıbəyova vaxtsız əcəl başladığı işləri tamamlamağa aman vermir. O, 1950-ci ilin payızında dünyasını dəyişir. Ancaq Zülfüqar Hacıbəyovun adı Azərbaycan musiqi mədəniyyəti tarixində həmişəlik qaldı.
Savalan Fərəcov