Səməndər Mənsim oğlu Rzayev 1945-ci il yanvarın 2-də Ağsu şəhərində anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (ADMİU) aktyorluq fakültəsini bitirib (1968). Sumqayıt Dövlət Dram Teatrında və 1967-ci ildən çalışdığı Akademik Milli Dram Teatrının səhnəsində obrazlar qalereyası yaradıb. Dövlət mükafatı laureatı (1980), əməkdar artist (1974) kimi fəxri adlara layiq görülüb. Səməndər Rzayev 1986-cı il martın 27-də dünyasını dəyişib.
   
   Mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan Səməndər Rzayevin aktyorluq sənətini seçməsində Azərbaycan radiosunun rolu danılmazdır. Radioda səslənən tamaşaları milli aktyorlarımızın ifasında dinləyən yeniyetmə gəncin arzularını oxşayan, xəyallarına sığal çəkən milli radiomuzun rəngarəng proqramları onun özünü gələcəkdə bu məkandan milyonların sevimlisinə çevrilməyə ruhlandırıb, aktyorluq sənətini seçməsinə təkan verib.
   Sumqayıt Dövlət Dram Teatrında və Akademik Milli Dram Teatrında yaratdığı obrazlarla böyük tamaşaçı auditoriyasının rəğbətini qazanır. Səməndər Rzayevin müraciət etdiyi bütün obrazların daxilində xüsusi bir ciddilik var. Aktyor ona həvalə olunan komik rolları belə real personaj kimi təqdim edərək hadisələri həyatiləşdirir, əsərin səhnə təcəssümünü təbiiləşdirirdi.
   Teatral yaradıcılığı ilə paralel televiziya filmlərinə və kinoya çəkilən Səməndərin hər bir rolu mizan və ifa baxımından fərqli idi. O, yaratdığı hər bir obrazın təfsirində növbəti istedadını təsdiqləyərək kiçik epizodlarda belə diqqət çəkirdi. Səməndərin səhnə duyumu, aktyorluq məharəti tərəf-müqabillərinə sirayət etməyə bilməzdi. Onun sənətinə qarşı olan tələbkarlığı, yaradıcılıq axtarışları tərəf-müqabillərinə sərbəst improvizələr etməyə şərait yaradırdı. Bir də ki, o, aktyorluğu mütaliə ilə öyrənməmişdi. Aktyorluq onun daxilində idi. O, həyatın mürəkkəb üzünü seyr etməklə kifayətlənmək istəmədiyindən yaratdığı bütün obrazların xarakteristikasını dərin mənalı emosionallığı ilə təqdim edirdi. Bu sənətə o, yalnız güldürmək üçün yox, həm də düşündürmək üçün gəlmişdi. Aktyorun ifaçılığındakı komik rollarında belə dramatik məqamlar diqqət çəkir və yaxud əksinə dramatik obrazlarındakı peşəkar ifaçılığı kadrda anidən komik məqamlar yaradaraq (Rejissor: Tofiq Tağızadə “Babamın babasının babası” filmi) tamaşaçıya yumorla dolu şirin gülüş bəxş edirdi. Bununla sanki o, kinodramaturgiyasındakı kolliziyanın mahiyyətini, düşündürücülüyünü və kinonun həyatımızı təqib etməsinin vacibliyini sübut etməyə çalışırdı. Bəlkə, bu səbəbdəndir Səməndər yaradıcılığı bu gün də tamaşaçıların maraq dairəsindədir. Məsələn, “Bəyin oğurlanması” filmində Hidayət müəllimin timsalında biz əsl kolxoz sədrlərinin xarakterik simasını gördük. Onun komik ifasında belə kadrlar ciddiləşir, tamaşaçı marağı ekrana hakim kəsilir, əsərin bədii-ideyası açılır, filmin mahiyyəti qiymətlənirdi. Özünü səmimi, əliaçıq, gülərüz insan kimi təqdim edən kolxoz sədrinin sosial cəhətdən bərabərhüquqlu sayılan kənd əhli üzərindəki hökmranlığı onun kəskin baxışlarından və amiranə nitqindən bəlli olur. Komik nüanslarla obrazı satirik xarakterizə edən aktyor Səməndər Rzayev, Hidayət müəllimin sevimli sədr olmadığını fərdi improvizələri ilə aydın səciyyələndirir. Onun kənd ağsaqqalları cərgəsində elçi getməməyi və böyüklü - kiçikli “indi oynallar” deyib insanları rəqs etməyə məcbur etməsi bu faktı təsdiqləyir. Onun yaratdığı personajların psixoloji durumu, daxili aləmi bizə tamamilə aydın təqdim olunduğuna görə rejissor, dramaturq ideyaları açıqlanır, filmin ümumi kompozisiyası tamamlanır.
   Sosial bərabərsizliyi satirik boyalarla qınaq obyektinə çevirmək sanki onun bir çox rollarının boyuna biçilmişdi. Məsələn, “Evləri köndələn yar” televiziya tamaşasında oynadığı Şakir Səkəroviç obrazı ilə o, müasirlərinin şöhrətpərəstliyə, diktatorluğa meyllilik ideyalarını psixoloji nüanslarla qabardaraq baş rol səviyyəsində təqdim edir.
   Nadir səs tembrinə, xarakterik simaya, səviyyəli ifaçılıq üslubuna malik olan Səməndər Rzayev təəssüflər olsun ki, çox vaxt istedadını kinoda ikinci planlı və epizodik rollarda təsdiqləməli olurdu. “Kiçik açarla da böyük qapılar açmaq olar”, - deyən sənətkar bu tendensiyanı kino yaradıcılığındakı epizodik rollarında sevərək gerçəkləşdirirdi. Aktyorun ifasındakı təkrarsızlıq və gerçəklilik çəkildiyi 20-ə yaxın filmdə bu fikri təsdiqlədi. “Evlənmək istəyirəm” filmində aktyorun yaratdığı Həsənağa obrazının timsalında cəmiyyətin haqqını tapdalamaqla sinfi bərabərsizliyə səbəb olan burjua nümayəndəsinin mövqeyi pafoslu ifa ilə yox, sərbəst dialoqlarla açıqlanır. Ümumiyyətlə Səməndər Rzayevin yaradıcılığını əks etdirən prototiplərin hər biri düşündürücü meyarlarla hafizələrdə təzələnir. Epizodik rollara çəkilmək təkliflərini həvəslə qəbul edən aktyor kinematoqrafik görünüşü, zəhmli siması daxilində milli xarakterlər ustası idi. O, ekranda yaratdığı mənfi obrazları da şəxsiyyət kimi təqdim edirdi. Ekran əsərlərinin süjet xətti zəif olsa belə onun ifaçılığını əks etdirən kadrlardakı personajların ciddiliyinin fərqinə varmamaq qeyri-mümkündür. Bu xüsusiyyətlərə əsasən onu hər dəfə ekranda görüb, yaradıcılığını sevən tamaşaçı filmi finaladək izləməyi üstün tutur. Açığı onu filmlərə uğur qazandıran aktyor adlandırmaq olar.
   Onun tarixi rollarından olan İbn Bais (“Babək”) və Şirvanşah İbrahim (“Nəsimi”) surətləri ikinci planlı rollar olsa da o, hadisələrdəki ziddiyyətlərin kəskinləşməsini təşkil edən mürəkkəb xarakterli prototiplərin fonunda, ekran dramaturgiyasındakı ardıcıllığı orijinal ifaçılığı ilə paralel inkişaf etdirir, diksiyasındakı səlis ifa tərzinə əsasən isə əsərin mahiyyətini açıqlayır, rolun mövqeyini dəqiq xarakterizə edirdi.
   Xürrəmilər hərəkatına qoşulan İbn Baisin saxta mövqeyi, dostluğu təbliğ edən yalançı natiqliyi filmdə ziddiyyətlərin mərkəzində dayanacaq tipaj olduğunu məharətli ifası ilə bəyan edir və film boyu bu mürəkkəb məxluqun ibtidai şüuruna qarşı ikrah hissi yaradır, yaşam siyasətini qınaq obyektinə çevirir. Onun istedadına ünvanlanan bütün mənfi obrazlar aktyor ifaçılığı mövqeyindən möhkəm müdafiə olunur, reallığa uyğun olan xarakteristikası müxtəlif boyalarla üzə çıxarılır. Səməndər Rzayevin ecazkar səsi dublyaj etdiyi rolları belə sevdirirdi. Radionun “Bulaq” verilişinin aparıcısı olan bədii qiraət ustasının çıxışlarından doymayan dinləyicilər dublyaj olunmuş filmləri də onun səsi ilə seyr etdikdə ekran əsərinin emosionallığına qapılır, filmin dəyərini dərk edirdilər. O, aktyorluq sənətində olduğu kimi, dublyaj işinin ciddiliyinə də hörmət qazandıran aktyorlarımızdan idi. Səməndər Rzayevin səsi ilə tamaşaçı diqqətini çəkən onlarla film bu gün də öz bədii - səviyyəsini saxlamaqdadır.
   
   Şəhla Bürcəliyeva,
   kinoşünas







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar