Ötən əsrin əvvəllərində Cənubi Azərbaycandan yüzlərlə gənc iş, dolanışıq dalınca Bakıya gəlir. Sonra elə olur ki, onların çoxu geri-vətənə dönə bilmir. Bu küləkli şəhərin istisində yanır, yağışında islanır və qarlı-çovğunlu zülmət gecəsində soyuqdan donur… Lakin çox çətinliklə olsa da iş tapıb işləyəni, əli çörəyə, hətta mənsəbə, şöhrətə çatanı da olur. Belə gənclərdən biri respublikanın xalq artisti, mərhum Rza Əfqanlı olub.
   
   O, 1889-cu ilin may ayında Cənubi Azərbaycanın Sərab şəhərində anadan olub. İki yaşında ikən atadan yetim qalır. Erkən yaşında bir tikə çörək üçün qapılarda nökərçilik edir. Yamaclarda qoyun-quzu otarmağa məcbur olur.… Gün-guzəranının çətinliyi onu 1912-ci ildə Bakıya gətirir. Lakin o, taleyinin Bakı həyatı ilə də barışa bilmir. Ona görə də 1916-cı ildə Pyatiqorski şəhərinə gedir. Ancaq orada da həyat üzünə gülmür. Dəmiryol vağzalında çalışır - yük daşıyır. Pinəçilk edir... Çox keçmir, necə olursa rus ordusuna hərbi xidmətə çağırılır.…
   Rza Əfqanlı səmərəli nə isə bir iş görmək istəyir. Yaşamaq üçün ora-bura çox qaçır, çalışır. Ancaq bir şey hasil edə bilmir. Taleyin hökmü ilə yenidən Bakıya qayıdır. Neft mədənlərində işə düzəlir. Eyni zamanda Sabunçu qəsəbəsindəki dram dərnəyinə üzv yazılır. Onu da qeyd edim ki, o özü deyirmiş: “Gənc yaşlarımdan el şənliklərində keçirilən xalq oyunlarına böyük marağım olub. Ürəyimdə çox istəmişəm həmyaşıdlarıma qoşulub həmin oyunlarda iştirak edim. Lakin buna heç vaxtım olmamışdı”. Bəlkə də elə buna görə tale onu yenidən Bakıya qaytarır.
   Dram dərnəyində onun bir neçə maraqlı çıxışı diqqətdən yayınmır. Gənc oğlandakı aktyorluq istedadını ilk hiss edən akademik teatrın aktyoru Xəlil Hüseynov olur. Deyək ki, Rza Əfqanlının gələcək həyat yolunun müəyyənləşməsində onun çox böyük təsiri-rolu olur. O, çox keçmir Mərkəzi Səyyar Teatrında işə düzəlir. Mətn əzbərləmək qabiliyyəti, onu obrazın xarakterinə uyğun şəkildə söyləməsi, səhnədəki jestləri rejissorların da diqqətini çəkir. Beləliklə, 1923-cü ildə Milli Dram Teatrın truppasında işə götürülür. Eyni zamanda təhsil almağı da unutmur. 1926-cı ildə Bakı Teatr Məktəbini bitirir. Həmin dövrdə respublikadan kənarda azərbaycanlıların sıx yaşadığı şəhərlərdə geniş teatr şəbəkəsi yaratmaq məsələsi ortaya çıxır. Bunun üçün Bakıda çalışan müqtədir sənətkarlar tez-tez bölgələrə dəvət olunur.…Beləliklə, 1929-cu ildə görkəmli rejissor və aktyor İbrahim İsfahaninin dəvəti ilə Rza Əfqanlı Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə gedir. O gündən o, yavaş-yavaş irəli çəkilir. Tanınmağa başlayır. Gündən-günə şöhrəti respublikanın hüdudlarını aşır. Görkəmli və istedadlı bir aktyor kimi başqa respublikalarda da tanınır. 1933-1934-cü ilin teatr mövsümündə Rza Əfqanlı Türkmənistanın paytaxtı Aşqabad şəhərindəki Azərbaycan Teatrında baş rejissor işinə dəvət olunur. Xeyli vaxt orada çalışır. Sonra yenidən Bakıya dönür. Milli teatrda aktyorluq fəaliyyətini davam etdirir. Oynanılan tamaşaların çoxunda əsas rollarda çıxış edir. Maraqlı obrazlar yaradır. Tamaşaçıların hüsnü-rəğbətini qazanır. O, eyni zamanda milli dramaturqların əsərləri ilə bərabər, həm də dünya klassiklərinin əsərlərini də səhnədə oynayır. Yaratdığı obrazlar janr əlvanlığı, estetik zənginliyi ilə seçilir və diqqətdən yayınmır. İctimaiyyətdə - teatr həvəskarları arasında tanınır, hörməti artır və sevilir.…
   O, bir xeyli vaxt da Sumqayıt Dövlət Dram Teatrında aktyorluq edir. Təzadlı həyatının aktyorluq - sənət yolunda müxtəlif təzyiqlərlə, maneələrlə, hətta haqsızlıqlarla da qarşılaşır. Ömür yolu kimi səhnə taleyi də enişli-yoxuşlu olur. Bütün bunlara baxmayaraq, Rza Əfqanlının Azərbaycan teatrında yaratdığı obrazlar öz cazibədarlığı ilə tamaşaçıların yaddaşında silinməz izlər yaradıb-qoyub. Elə olub ki, o, oynanılan tamaşada bir neçə rolda çıxış edib. Mütəxəssislər qeyd edirlər ki, Rza Əfqanlı həmin rolları tamaşaçıya elə məharətlə təqdim edirmiş ki, bu, yalnız proqramdakı siyahıdan bilinərmiş.…
   Onun milli teatrımızın inkişafı yolundakı xidmətləri və səhnədəki səmərəli fəaliyyəti yüksək qiymətləndirilir. Ömrünün 39-cu ilində əməkdar, 44-cü ilində isə xalq artisti adına layiq görülür. 1948-ci ildə Ənvər Məmmədxanlının «Şərqin səhəri» tamaşasında oynadığı Fərhad roluna görə Stalin mükafatı alır.
   Rza Əfqanlı istər teatr, istərsə də kino tariximizdə hiss və duyğularımıza hakim kəsilən xeyli adda obrazlar yaradıb. Onun «Dağlarda döyüş» filmində yaratdığı Sərxan rolu məhz belə obrazlardandı.
   Filmdə dövlət sərhədi pozulur. Sərhədçilər hadisə yerinə gəlir. Məlum olur ki, sərhədi pozanlar qaçaqmalçılardı. Atışma olur, sərhədçilərdən biri yaralanır. O da məlum olur ki, sərhədi pozanların biri - Sərxan sərhədçi Fərruxun atasıdır. Fərrux qacaqmalçıya - Sərxana çatır. Onlar əlbəyaxa vuruşurlar. Hər ikisi yorulur. Bir-birindən aralı daşın üstündə oturur mübahisə edirlər. Fərrux Sərxanla nə qədər acıqlı danışırsa, Sərxan o qədər mülayim və mehriban olur. Deyir: «Tikanlı danışma, bala. Sən hələ də bilmədin ki, bu dağların yolunu mən də bilirəm. Mən də buralıyam. Bax, sizin o zastavanın yanındakı viranə kənddənəm. Bir oğlum da vardı. Oturardı dizimin üstündə, əlləri ilə saçlarımı qarışdırardı...» O, ahəstə, həzin və kədərli bir ahənglə danışaraq obrazla gözəl dil tapır. Daha doğrusu, obraza girir. Rola uyğun səslənən yanıqlı səsi, kədərli surəti tamaşaçını inandırır və düşündürür. Tamaşaçı elə hesab edir ki, doğrudan da, bu kino yox, gerçək həyatdır... Filmdə onun məğrur duruşu, cəsarətli, bəzən inamsız, ümidsiz hərəkətləri, pərişan saçları və gözlərindən oxunan qəmli-kədərli əhvalı müharibə dövrünün əsl azərbaycanlı kişisini xatırladır... Milli kino sənətimizin inkişafında Rza Əfqanlının xidmətləri çox olmuşdur. O, həqiqətən görkəmli kino xadimi olub. «Bakılılar», «Kəndlilər», «Yeni horizont», «Dağlarda döyüş», «Aygün», «26-lar», «O olmasın, bu olsun», «Qanun naminə», «Mən ki, gözəl deyildim» və sairə filmlərdə bir-birindən gözəl, olduqca mənalı, maraqlı obrazlar yaradıb. O, həmin obrazlarda tamaşaçıların rəğbətini qazanıb. Təəssüflə qeyd edək ki, onun teatrda yaratdığı obrazlar o vaxt lentə çəkilməyib.
   Qədirbilən xalqımız görkəmli kino xadimlərimizi həmişə yad edir. Eynən də gənc nəsil klassik kino aktyorlarımız - Ələsgər Ələkbərov, Adil İsgəndərov, Yusif Vəliyev, Möhsün Sənani və başqaları kimi Rza Əfqanlını da sevir və hörmətlə yad edir. Deyim ki, bir çox mötəbər məclislərdə, el şənliklərində onun adının necə hörmətlə çəkildiyinin və yad edildiyinin təkrar-təkrar şahidi olmuşam.…
   
   Savalan Fərəcov