Ruhun şad olsun, Maestro! Nə olsun ki, nə doğum günündü, nə ölüm - dahilər daim anılmalıdı. Sən əlamətdar tarixçələrə sığmaz bir tarixsən. Sənin sehrli barmaqların, sirli dirijor çubuğun, rübabından süzülüb təlatümlü dənizə çevrilən nəğmələrin, simfonik əsərlərin qəlblərin daimi sevgisi, qələmlərin ədəbi mövzusudur!..
Üzeyir Hacıbəyovla nəinki bir ölkədə, hətta eyni əsrdə doğulduğumuzdan məmnunuq. O da ola belə bir dühanın ailəsindən, ata ocağından çıxasan. Damarlarından onun nəsil-nəcabət qanı axa. Bu dünyaya göz açıb ilk gördüyün adamlardan biri də Üzeyir bəy ola! Zülfüqar Hacıbəyov kimi sənətkar atanın - teatr fədaisinin musiqisini layla təki canına hopdurasan. Üstəgəl, öz mayan da istedaddan yoğrula...
Sadə bir işçi olduğu gündən ta məşhurluğun əlçatmaz pilləsinəcən bir dəfə də olsun Hacıbəyovluğu ilə öyünüb-böyünməmişdi. Özünü şəxsiyyət kimi təsdiqləmək üçün Tanrı ona yetərincə keyfiyyət bəxş eləmişdi. On birinci ildə - qorabişirən avqustda Tiflisdə - o vaxtlar bizim mədəni irsimizin də qorunub saxlandığı bu qaynar Qafqaz şəhərində doğulmuşdu. Yəqin bu da bir yazıymış ki, yetmiş üç il sonra elə günəşli avqust günlərinin birində dünya işığına əbədi göz yumacaqdı. Amma hələ ki XX əsrin ilk onilliyi idi. Bu fenomenal insanın ömür kitabını elə birinci vərəqindən oxumaq istəyirəm. Niyyətim bu böyük kitabdan bir-iki səhifə çıxarıb, oxucularımıza çatdırmaqdı.
İstəkli yaxınları, xalqın layiqli övladı Xan qızı Natəvanın əri knyaz Xasay bəy Usmiyevin şərəfinə Knyaz adlandırılsa da, zaman bu ada öz düzəliş əlini çəkdi - Niyazi kimi qaldı xalqın dilində, dünyanın musiqi yaddaşında. Nə qədər bəstələrə imza atsa da, dirijorluq fenomenallığı bəstəkarlıq zirvəsindən yuxarıda göründü. Təfsir etdiyi əsərlər, az qala, özününküləşdi, yenidən doğuldu.
Niyazi yeniyetməliyində hərbi məktəbdə təhsil alıb. Lakin hərb onun xarakterinə yalnız və yalnız öz sərtliyini, ciddiyyətini sirayət etdirib - bir peşə kimi gələcək həyatında heç bir rol oynamayıb. Atasının sənətlə bağlı uzun sürən səfərləri Niyazinin bir sıra şəhərlərin mədəni mühiti ilə tanışlığına zəmin yaradıb. Təbrizdə yandırılan Xurşid teatrı heç vaxt gözləri önündən getməyib. Orada toplanan camaatın içərisində yaşıdı olan bir qız uşağından eşitdiyi “Vəfa nə bəşəd” mahnısı - not partiturası üzərində simfonizmlə yoğrulana qədər - gələcək bəstəkarın ürəyində qırx ilə yaxın gəzib və sanki bu nəğmə alovlar içində duman pərdəsi tək uzaqlaşan teatrın leytmotivi kimi səslənib.
Bakıda hərblə yanaşı, musiqi təhsili də alıb. Skripkanı özünəməxsus dilləndirməyi bacarırmış. İyirmi yaşında Maarif Komissarlığı tərəfindən iş üçün Mahaç-Qalaya göndərilib. Oradan isə sevgisi naminə baş götürüb gedib - həm də tək yox, yeganə ömür-gün sirdaşı Həcər xanımla birgə. Kiçik hesab etdikləri qayğılar burulğanı onların böyük sevgisini heç zaman sarsıtmayıb. Beləcə, bir-birini kəşf edə-edə öz dastanlarını yazıblar.
Niyazi 30-cu illərdə həm konservatoriyanı bitirib (əmisi Üzeyir Hacıbəyovdan, Rudolfdan dərs alır), həm də bəzi əsərlərə həyat bəxş etməklə, bəstəkarlığının ilk addımlarını atıb. “Almaz” filminə musiqi yazır. Səhhətində yaranan bəzi problemlər onu əsla qorxutmur, çünki arxasında Həcər xanım kimi mənəvi təbibi, etibarlı dostu vardı. Elə həmin illərdən dirijorluğa hədsiz marağı bütün yaradıcı planlarını üstələsə də, 1935-ci ildə ilk əsəri olan “Zaqatala süitası”nı bəstələyir. Həmçinin Akademik Dram Teatrının səhnəsində tamaşaya qoyulan bir sıra pyeslərə musiqi yazır. Tədricən musiqi dünyamızda Qara Qarayev, Fikrət Əmirov və Niyazi üçlüyünün böyük, qaynar yaradıcılıq münasibətləri möhkəmlənir. İstedad və dostluqları dillərdə gəzir. Q.Qarayevin yaradıcı və ali mürəkkəbliyi, psixoloji simfonizmi Niyazinin təfsir ruhuna o qədər yaxın, məhrəm olur ki, o, bir dirijor kimi, Q.Qarayevdən özgə bir kimsənin qələmindən çıxanları repertuarına salmaq istəmir. Sonralar F.Əmirovun Şərq üslubunu əks etdirən harmonik, əsrarəngiz melodizmi də Niyazini ovsunlayır. Beləliklə, nəhənglər üçbucağı yaranır. Lakin bəzən bu dahi üçlük də hisslərə qapılar, münasibətləri soyuqlaşarmış.
Yaradıcılıq isə heç nəyə baxmırdı. Məşhur “Vətən haqda” mahnısı Niyazi patriotluğunun, hərblə «köhnə» ünsiyyətinin nişanəsi idi. 40-cı illər bəstəkarın yaradıcılıq müstəvisində “1920-ci ildə” opera-kantatası, simfonik orkestr üçün “Rəqs” süitası və bir sıra kütləvi mahnıları ilə səciyyələnir. Nizami poeziyasını əsas götürərək “Xosrov və Şirin” operasını (1942) qələmə alır. 1944-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya respublikalarının musiqi ongünlüyündə Niyazinin müharibə mövzusunu xarakterizə edən “Xatirə”, “Döyüşdə” proqramlı-simfonik lövhələri səslənir.
Qastrol səfərləri... Elə ki söhbət qastrollardan düşür, Həcərin Niyazisiz, Niyazinin Həcərsiz necə keçinməsini düşünürəm. Axı deyilənə görə, Həcər xanım sevimli Niyazisini körpə uşaq gözüylə görür, nazını, qayğısını doğma balası kimi çəkirmiş. Maestro da ki, el dili ilə desək, “asan sınan qoz» deyilmiş. Qəlbindəki kövrəkliyə, içindəki saflığa rəğmən, bəzən həddən ziyadə acıdil və dözülməz olurmuş. Həcər xanım isə artıq ona özü qədər bələd imiş; bir sözündən də nə inciyər, nə küsərmiş. Maestronun isə üstündən heç yarımca saat keçməmiş hirsi soyuyar, yenə ipək kələfinə dönərmiş. Umub-küsəcəkləri yer yalnız özləriymiş.
1949-cu ildə onun bəstəkar yaradıcılığının zirvəsi yaranır: Fikrət Əmirovdan sonra milli muğamımızı Avropa musiqisi ilə sintez etmək, milli-simfonik nümunəyə imza atmaq Niyaziyə də qismət olur. O, Azərbaycan musiqi mədəniyyəti xəzinəsinə təkrarsız bir inci bəxş edir: «Rast»! “Rast” üçhissəli silsiləni özündə birləşdirən birhissəli kompozisiyadır. Eyniadlı muğamımızın spesifik ahəngdarlığından, axıcılığından bəhrələnən müəllif , əsas quruluşa əlavə kimi, Avropa klassik musiqisinin sakit lirizmindən, dinamik keçidlərdən istifadə etmişdir...
1950-ci ildə bəstəkar bir sıra xalq mahnılarının notla işlənməsinə müvəffəq oldu: “Çal-oyna”, “Xumar oldum”, “Qaragilə” kimi əsərlər bu işlənmə sayəsində dünya arenasına çıxa bildi. “Konsert valsı”, “Kolxoz süitası”, “Arzu” mahnısı xüsusilə diqqət çəkən nümunələrdir. 1962-ci ildə Kuybışev Teatrı bəstəkara təkliflə müraciət etdi - R.Taqor yaradıcılığının motivləri əsasında yazdığı “Çitra” baleti Niyaziyə C.Nehru adına mükafatı qazandırdı. Bu, Azərbaycana gələn ilk C.Nehru mükafatı idi. 1972-ci ildə müəllif həmin baleti M.F.Axundov adına Opera və Balet Teatrının səhnəsində oynanılmaq üçün yenidən işləyir.
Bəstəkarı yalnız yaxından tanıyanlar bilirdi ki, o, necə güclü yumor hissinə malik idi. Hansı məclisdə ki, Həcər xanım vardı, Niyazi vardı, orada şən əhval-ruhiyyə mütləq idi. Çöhrələrindəki daimi təbəssüm daxili əzablarından, sağalmaz mərəzlərindən uzaq idi. Evləri qonaqlı-qaralı, səsli-küylü, gəlli-getli olsa da, hamı çəkiləndə öz səssizlikləri, ikili tənhalıqlarıyla baş-başa qalırdılar. Son günlərində Maestronun üçüncü «kimsənə»si tapılmışdı: ürək ağrıları addımbaaddım onu izləyirdi. Həcər xanım isə daim yanındaydı - özü gedə bilməsə də, telefon zəngləri saatda iki-üç dəfə Niyazini yoluxub qayıdırdı. Məzmun da ki, həmişəkiydi: “Nə var, nə yox, mənim Qartalım?!” Vəssalam...
Çoxları bilmirdi ki, Niyazi idman aləmində də ad çıxarıb. Bir müddət ağırlıqqaldırma üzrə yarışlarda iştirak etmiş, uğurlar qazanmışdı. Hətta Ağır Atletika Federasiyasına rəhbərlik etmişdi. Amma çox ağrılar vardı ki, ürəyi onlara tab gətirmədi, bu yükü çəkməyə özündə güc tapmadı.
...1984-cü ilin isti avqust günlərindən birində Filarmoniyanin tamaşaçı salonu ağzınacan adamla doluydu. Hamı “Rast”ın sədalarından təsirlənmişdi. Gül-çiçək əllərdə donmuşdu. Gözlərdə nisgil, üzlərdə həsrət vardı - hamı Niyaziylə vidalaşmağa yığışmışdı. Beləcə, “Rast” Niyazinin də, niyazisevərlərin də həmrəylik himninə çevrilmişdi...
1938-ci ildən başlayaraq qısa fasilələrlə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına rəhbərlik etmiş, M.F.Axundov adına Opera və Balet Teatrının və qısa müddətdə S.M.Kirov adına Leninqrad (Sankt-Peterburq) Opera və Balet Teatrının baş dirijoru vəzifəsində çalışmışdı. Dünya incəsənəti salnaməsində isə Niyazinin dirijorluq mövqeyi ancaq birincilik səviyyəsindəydi. Niyazi əlləri, Niyazi biləkləri, Niyazi barmaqları dünya dirijorluq sənəti və mədəniyyətinin zirvəsini fəth etmişdi. Ondakı duyum, düşüncə tərzi, psixoloji manevrlər təkcə özünə xas idi.
“Maestro” tərcümədə “ustad” deməkdir və Niyazi bu günəcən Azərbaycan dirijorluq məktəbinin tək ustadıdır. Bu təkliyin təntənəsi dünən yeniydi, bu gün aktualdı və sabah da mütləq müasir sayılacaq!..
Samirə Səma