«Xanın oxuduğu «Qarabağ şikəstəsi» SƏSdə Qarabağ möcüzəsi idi. Hələ mən Qarabağ deyilən məkanı görməmişdim, amma bu səsdəki sehr yaddaşımda əbədi bir Qarabağ obrazı yaratmışdı... Ruhun şad olsun, Xan əmi! Qarabağa sevgim sənin səsindən başlandı». Tənqidçi Vaqif Yusifli Xan Şuşinski sənətinin möhtəşəmliyini bax belə ifadə edib. Onun haqqında ən gözəl sözlər söylənilib, söylənilir və nə qədər ki sənət var, hələ çox söyləniləcək.
  
   XX əsrin ən qüdrətli səsə malik xanəndələrindən biri olan Xan Şuşinski 1901-ci il avqustun 20-də səfalı Şuşa şəhərində doğulub. İbrahim xanın nəticəsi olan xanəndə elə Şuşada da böyüyüb, boya-başa çatıb. Səsinə, avazına görə «Xan» titulunu qazanmış xanəndə ədəb-ərkanına görə məclislərdə, adamlar arasında «Xan əmi» kimi sayılıb-seçilib. Elə bu gün də onu tanıyanlar xanəndəni belə xatırlayırlar. Düşünürəm ki, zamanında xanəndə ilə ata-oğul kimi doğma münasibətdə olmuş musiqişünas alim Vəli Məmmədovun xatirələri nəinki bu günün, elə sabahın da öxucuları üçün maraqlı olacaq.
  
   Xanın səsi
  
   Xan əmini ilk dəfə 1942-ci ildə kənddə konsertdə görmüşəm. O, ucaboylu, pəhləvan cüssəli bir kişi idi. Səsi, avazı bir möcüzəydi, sanki. İkinci dünya müharibəsi zamanı adamlar ruhdan düşməsin deyə, həm ön, həm də arxa cəbhədə konsertlər təşkil olunardı. Yaxşı yadımdadı, kənddə kolxoz sədrinin həyətində böyük bir qarağac vardı. O ağacın gövdəsindən, budaqlarından otuzluq lampa asmışdılar. Hər tərəf işaqlanırdı. Xan çox qüdrətli oxuyurdu. Özü də mikrofonsuz-filansız. Onda mənim cəmi on yaşım vardı. Sonra başa düşdüm ki, o, «Rast» muğamını oxuyurmuş. Mən çox xanəndələr görmüşdüm, amma belə gözəl ifaya hələ rast gəlməmişdim.
  
   Mircəfər Bağırovun qəzəbinə gəldi
  
   1922-ci ildə Xan əmi Bakıya gəlib. Bakının toylarında oxuyub və ad-san qazanıb. Sonra Şuşaya qayıdıb. Qarabağda oxuyub. 1927-ci il olardı. O vaxt Xan əminin oxuduğu qəzəllər içərisində Hüseyn Cavidin də sözləri vardı. M.Bağırov bunu eşidəndən sonra xanəndənin konsertinə gəlir, İkinci sırada əyləşib onu dinləyir, görür ki, düz deyirlər. El buna görə də konsertdən sonra X.Şuşinskini Yevlağa yola salırlar. Beləliklə o, bir il repressiya olunur. Onu konsertlərə yaxın buraxmırlar. O vaxt Xanın bir dünyagörmüş qohumu ona kömək edir. S.Vurğunla Ü.Hacıbəyov M.Bağırova deyirlər ki, bəs Xansız işimiz keçmir. M.Bağırov da deyir ki, mən deməmişəm, o tamam oxumasın. Bu söhbətdən sonra xanəndəni Bakıya gətirirlər və ona ev verirlər. 1939-cu ildə Xan artıq Filarmoniyanın solisti olur.
  
   Xan Şuşinski sənətdə novator olub
  
   Xan Şuşinskinin səsi heç kəsin səsinə bənzəmirdi. Düzdür, Hacı Hüsü ondan əvvəl oxuyub. Amma Qurban Primov deyirmiş ki, Hacı Hüsünün səsi Xanın səsinə oxşayır. Halbuki Xan ondan yaşca kiçik idi. Çünki Xan oxumaqda novator olub. Mən deyərdim ki, heç kəs onun səviyyəsində oxuya bilməyib. O elə bir uca mərtəbədəydi ki, ora başqa xanəndələrin əli çatmırdı. Amma ondan öyrənənlər çox olub.
   Mənim babam Qarabağın ən səsli din xadimi idi. O, deyirdi ki, Xanın səsi peyvənddi. Xan oxuyanda səsi çox uzaqlara yayılırmış.
   
   Havalansın Xanın səsi
   Qarabağın şikəstəsi...
  
   O, «Rast», «Şur», «Kürdü-Şahnaz», «Mirzə Hüseyn segahı», «Mahur-Hindi»ni gözəl oxuyurdu. «Qarabağ şikəstəsi»ni isə bənzərsiz ifa edirdi. Bu səs elə bil öz-özünə havalanırdı, yüksəlirdi. Həm də o, nə qədər zildən oxusa da, üzünün ifadəsi dəyişmir, gərgin görünmürdü. Üzündən təbəssüm əskik olmurdu. Xan Şuşinski 300-dən artıq xalq və türk mahnısı oxuyub. Deyirdi ki, mahnılar muğamların övladlarıdır. Özünün isə 15-ə qədər mahnısı olub. O vaxt «Şuşanın dağları»nı lentə aldırmaq istəyib. Onda mahnıların sözlərinə nəzarət vardı. Mahnının sözlərini dinləyib deyirlər ki, «Sovet Şuşasının başı dumanlı ola bilməz». Xan da əlacsız qalıb, mahnının yaşaması xatirinə oxuyub ki, «Şuşanın dağları deyil dumanlı». «Şuşanınn dağları» onun öz mahnısıdır. Gözəl də ifa edib. Amma bu gün bəziləri bu gözəl mahnını elə kökə salırlar ki...
  
   Ağır oturub, batman gələrdi
  
   Bütün Qarabağ xanəndələri oxumağa başlayanda Xanın yolu ilə gedib. O, bir məktəb idi, ifaçılar üçün. Ə.Şükürov, Ş.Kürdoğlu, M.Məmmədov, Y.Məmmədov, Z.Quliyev, elə indi Arif Babayev də bu yolla oxuyur.
   Hərdən zarafatla deyərdi ki, məndən qəlyan çəkməyi öyrəndilər, oxumağı yox. Onun özünəməxsus qəlyan çəkməyi də vardı axı.
   Xan əmi çox həyalı, abırlı bir kişi idi. Onda bir sənətkar kimi böyük məsuliyyət hissi vardı. Konsertə iki saat əvvəldən gələrdi ki, o mühitə uyğunlaşsın. Toylara gedəndə də ağır oturub, batman gələrdi. O həm də duzlu-məzəli söhbətlər edərdi. Allah onu cazibəli, gözəl biçimdə yaratmışdı. Ömrünün sonunadək də, ədəb-ərkanını itirmədi.
  
   Mina RƏŞİD







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar