Sənətkar portretinə ştrixlər silsiləsindən
  
   Müslüm Maqomayevin əziz xatirəsinə ehtiramla
  
   Ötən il bu vaxtlar özü son illər ən yaxın simsarına çevrilmiş kompyuterinin qarşısında əyləşib heç vaxt üzünü görmədiyi pərəstişkarları ilə çatlaşır, onların təbriklərini, ən xoş diləklərini qəbul edirdi. Həmin diləklərin ünvanı kimi mövzusu da bəlli idi - yaradıcılıq uğurları, uzun ömür, cansağlığı… Bax, bu sonuncu diləyin Tanrı dərgahında eşidilməsinə ehtiyacı çox idi. Builki ad günündə də ən vəfalı pərəstişkarları - böyük sənətkarı, səmimi insanı dəyərləndirməyi bacaran insanlar onu yad edəcəklər. Ola blisin ki, bu isti avqust günündə onun Fəxri Xiyabandakı torpağı soyumamış məzarını ziyarət edənlərin sayı sənətkarı ömrünün sonunadək ən sevimli müğənnisi tək sevməkdə qərarlı kəslərin sayından qat-qat az olsun. Nə eybi, onsuz da əsl sevginin əbədi ünvanı ürəkdir.
  
   Bazar ertəsi (17 avqust) böyük müğənni Müslüm Maqomayevin doğum günüdür. Ömür vəfa etsəydi, yaşının üstünə yaş gəldiyi günü Bakıda olmasa da, Moskvada sadiq dostlarının təbriklərini qəbul etməklə keçirəcəkdi. 66 illik ömrün sənətə həsr etdiyi təxminən 50 ilində onun qismətinə nələr düşməmişdi!...
   Ecazkar səsin doğurduğu heyranlıq!..
   Ölçüyəgəlməz pərəstişkar sevgisi!..
   Yaraşıqlı kişiyə vurğunluqla gözəl müğənniyə heyranlığı qarışdıran xanım fanatların bəzən zəhlətökən eşqi!..
   Xalqların taleyini həll edən şəxsiyyətlərin səmimi duyğuları!..
   Bir də adına SSRİ deyilən böyük bir ölkədə estrada müğənnisi üçün sənət ölçüsü meyarını uzun illər boyunca müəyyənləşdirən ifaçılıq hünəri!..
   Amma doğrudanmı onun taleyində hər şey bu qədər mükəmməl, güclü və gözəl idi? Ola bilməz! Allah hər kəsə hər şey vermir axı!
   Ata üzü görməmişdi - Böyük Vətən müharibəsinin son günlərində həlak olan atası cəbhəyə gedəndən sonra doğulmuşdu...
   Anasının məhəbbətindən uzaq böyümüşdü - balaca Müslümün daha mükəmməl təhsil alması adı ilə onu Rusiyanın əyalət teatrında çalışmağı seçən aktrisa anasından ayırmışdılar…
   Sinəsi övlad dağlı qoca nənənin, başı dövlət işlərinə qarışan əminin himayəsində böyümüşdü...
   Cavanlıq üzündən ilk sevgisini qoruyub yaşatmaq üçün iki sanballı ailənin basqısına tablaşa bilməmişdi deyə, yeganə övladını elə bayramdan-bayrama görə bilmişdi...
   Bütün bunlar sadə bakılı gənc Müslümün iç dünyasındakı kədəri, uzun illər dilinə gətirmədiyi kədəri, bölüşmək istəmədiyi nisgili idi.
   Amma Allah sevdiyi insanlara taleyinə düşən çətinlikləri dəf etmək üçün qüvvə də verir. Müslümün də qüvvəsi səsinin gücü, sənətinə sevgisi, onu sevənlərə sayğısı, tamaşaçı-dinləyici ordusu qarşısında tükənməz məsuliyyəti, bir də heç zaman onu tərk etməyəcək səmimiyyəti idi.
   Onunla eyni səhnəni paylaşanlar şahiddir: Müslüm Maqomedoviç səhnə arxasında heç zaman əyləşməzdi. Adətən həm respublika, həm də ittifaq səviyyəli ən möhtəşəm konsertləri bağlamaq şərəfi nəsib olan böyük müğənni ütüsü bir balaca pozulmuş şalvarda, ətəyi azacıq əzilə biləcək pencəkdə tamaşaçı qarşısına çıxmağı özünə ar bilirdi. Konsert nə qədər uzun çəksəydi belə, 1, 2, lap 3 saat ayaq üstə dayanıb səbrlə öz çıxışını gözləyərdi.
   Bütün ömrü boyu yeyib-içən, kefcil oğlan kimi tanınsa da, bircə kərə nə səhnəyə beyni dumanlı çıxdı, nə də bir çıxışını “səsim yerində deyil”, ya da “soyuqlamışam” bəhanəsiylə təxirə saldı. Dinləyicilər də elə Müslum Maqomayevi sənətə belə fədakar xidmətinə görə sevirdilər.
   Müslüm Maqomayevin istedadına görə taybatay aça billəcəyi qapıları döymək xasiyyəti də yox idi. Sovetin qılıncının qəməsinin də, qəbzəsinin də kəsdiyi, amma piştaxtaların bomboş olduğu vaxtlarda müğənni dostu İosif Kobzon onu yanına salıb Moskvanı qapı-qapı gəzdirərək, iri mağaza müdirlərindən ta orta səviyyəli məmurlaradək tanış edir ki, gərəkli adamlarla dostluq hətta məşhur müğənniyə də lazımdır... Amma Müslum Maqomedoviç gülə-gülə xatırlayırdı ki, müdirn kabinetindən çıxan kimi onun adını da, soyadını da, hansı məqamda kara gələ biləcəyini də unudurmuş... Xahiş etməkdən utanmaq xasiyyətini, şöhrəti artdıqca tərgitməyən müğənnini həmin məmurlardan qat-qat səlahiyyətli insanlar da dost, sirdaş, övlad kimi sevirdi.
   Azərbaycan mədəniyyətinin, bu mədəniyyəti daşıyan insanların əsl xiridarı olmuş ulu öndərimiz Heydər Əliyev Müslüm Maqomayevi ata məhəbbəti ilə sevərdi. Belə müdrik insanın, milyonların taleyini həll edən dövlət başçısının əziz qonağı olmaq, rəhbərlə saatlarla qeyri-rəsmi söhbət etmək hansı sənətkara nəsib olmuşdu ki? Sənət insanlarından kimsənin xahişini rədd etməyən Heydər Əliyevin ata qayğılı məhəbbətinin qarşılığında ondan özü üçün demək olar ki, heç nə istəməyən Müslüm Maqomayevlə dostluğunun bir səbəbi də var idi - onlar bu ünsiyyətdən rəhbər-sənətkar kimi yox, həm də bir-birini anlayan iki müdrik dost kimi zövq alardılar.
   Müslüm Mamoqayev Azərbaycan mədəniyyətinə və dünya estrada ifaçılıq sənətinə bir qızıl səs əfsanəsi kimi düşdü. Nə özünə bir titul götürdü, nə təxəllüs qoşdu, nə də lap cavan yaşlarında qazandığı mükafatları, fəxri adları özünə qalxan elədi. Elə nəslinin əmanəti soyadını, baba yadigarı adını söyləməyi özünütəqdimata yetərli bildi.
   Nə qədər ucaboy olsa da - sənəti özündən uca idi, ona görə! Yaş artdıqca sənətinin onun boyundan qısa görünəcəyi utancını yaşamadan səssiz-küysüz səhnədən getdi. Getdi ki, sağlığında əfsanəvi müğənni, qızıl səs sahibi kimi yaddaşda qalsın.
   Zaman gələcək, nə vaxtsa Azərbaycan mass-mediasının hansı bir orqanında 17 avqust ərəfəsində yer alacaq müəllif yazısı, çox ola bilsin ki, elə bu sayaq başlayacaq - bazar ertəsi böyük müğənni Müslüm Maqomayevin doğum günüdür. Lakin daha «ömür vəfa etsəydi» yazılmayacaq. Çünki bəşər övladının cismən 150, 200 il yaşaması ağlabatan deyil. Amma Müslüm Maqomayev barədə həmin yazı mütləq yazılacaq! Çünki seçilmişləri, sənəti, əməli özündən qat-qat uzun ömür yaşayan insanları sıravi bəndələrdən fərqləndirən mühüm bir cəhət var! Onların mənəvi ömrü cismani ömürlərindən uzundur.
  
   G.Mirməmməd
   Qeyd: Fotoya görə Dövlət Film Fondunun rəhbərliyinə təşəkkür edirik.