Avqust ayında itkilərimiz az olmayıb. Niyazini, Şahmar Ələkbərovu, Məhluqə Sadıqovanı, Həsən Məmmədovu itirmişik. İtkilər demişkən, Füzuli və Cəbrayılın əlimizdən getməyini bu məqamda xatırlamamaq olmaz. İndi Qarabağdan yox, sənətkar itkisindən söz açacağam.
  
   Həsən Məmmədov barəsində danışmaq istəyirəm. Altı il əvvəl aktyoru 65 yaşındaykən son mənzilə yola salacağımızı ağlımıza gətirməzdik. Ağlımıza gəlməyənsə, bu dəfə də başımıza gəldi...
   Həsən Məmmədov sənətə riyaziyyatçı olmaq fikrinin daşını atandan sonra bağlanmışdı. Salyandan Bakıya gələcəyin riyaziyyatçısı kimi tanınmaq eşqiylə gələn qarabuğdayı oğlan universitetdə çox duruş gətirməyib sənədlərini Teatr İnstitutuna vermişdi. Və xoşbəxtlikdən qəbul olunmuşdu. Əlbəttə, bu xoşbəxtlik daha çox bizim üçünüydü, belə bir ustad aktyor qazanmışdıq. İlk tanışlıqdan şükranlı insan kimi yadımda qalan Həsən müəllimsə bu taledən, deyəsən, çox da məmnun deyildi. Hər halda, Həsən Məmmədovun axır on ildəki yaşantıları bunu nişan verirdi - o daha çox çaşqınlıq içindəydi, elə bil zamanı tam kəsdirə bilmirdi, bu da mövqeyində, baxışlarında ziddiyyətli məqamlara gətirib çıxarırdı.
   Yaxından tanıyanlar, yəqin təsdiqləyər: o, saçı dümağ ağarmış uşağa bənzəyirdi. Saflıq və daha çox sadəlövhlüklə dolu uşağa. Siyasət, zamanın təbəddülatları onluq deyildi. Heç kim məndən inciməsin, Həsən Məmmədov üçün ən yaxşısı elə sovet dövrüydü. Adını nə qoysaq belə, sabitlik varıydı, hamı bilirdi sabah yuxudan duranda nə ilə məşğul olacaq, hara gedib, hardan gələcək. Kino ustadı Həsən müəllim bu sabitliyə alışmış, zamanın nəbzini tutmuşdu. Bilirdi ki, dövlət kino sənayesi üçün pul ayırır, Azərbaycanın da öhdəliyində beş-altı tammetrajlı film var və bunların bir-ikisində mütləq çəkiləcək. Maaş, qonorar, mükafat, dövlət hesabına festivallara, görüşlərə getmək də öz yerində. Otuz ilə yaxın belə firavanlığı, qazandığı halal pullarla rahat yaşamağın mümkünlüyünü görmüş, hər il filmlərə çəkilmək, bir-birindən maraqlı ekran qəhrəmanlarını canlandırmaq səadətini yaşamış, dövlətin təltiflərindən dadmış sənətkar sovet dağılandan sonra ürək açan nəylə üzləşdi ki?..
   Heç yadımdan çıxmaz: hələ müstəqilliyi təzəcə qoxulayıb, havasını ciyərlərimizə çəkən vaxtlarıydı, oturub dərdləşirdik. Əslində mən ondan müsahibə götürürdüm, amma indi baxıb görürəm, sən demə, əməlli-başlı dərdləşirmişik. Dedi ki, «İstintaq»dan bu yana bir fərli rola çəkilməmişəm. O zaman «İstintaq»ın ekrana çıxmasından on ildən artıq vaxt keçmişdi. Bu müddətdə Həsən müəllim neçə rola çəkilmişdi. Di gəl, heç biri ürəyincə deyildi. Həmin söhbətimizin üstündən on yeddi ildən artıq zaman ötüb. Onun bütün yaratdıqlarını göz önümə gətirib düşünürəm. Qırx il kinoya bağlı aktyorun sənət ölçüləri baxımından təqribən 20 illik fəaliyyəti yadda qalıb. «Böyük dayaq»dakı Qaraş, «Arşın mal alan»dakı Əsgər, «Bir cənub şəhəri»ndəki Murad, «Yeddi oğul istərəm»dəki Bəxtiyar, «Gün keçdi»dəki Oqtay, «Axırıncı aşırım»daki Abbasqulu bəy Şadlinski, «Arxadan vurulan zərbə»dəki Əhməd Qəmərli, «İstintaq»dakı Murad Abıyev, «Bizi bağışlayın»dakı Nəriman, «Birisi gün gecəyarısı»ndakı Baba Əliyev, «Evlənmək istəyirəm»dəki Mirzə Səfər və əlbəttə ki, Dədə Qorqud rolları... Həsən müəllimin çəkildiyi filmlərin sayısa əllidən çoxdu...
   O vədə Həsən müəllim çox şeydən narazıydı. Yəqin, elə bu səbəbdən milli mədəniyyətimizdəki mövqeyinə özü belə qiymət vermişdi: «Desəm narazıyam, elə zənn edəcəklər ki, Həsən Məmmədovda qətiyyən təvazökarlıq işartısı yoxdu. Amma insaf xatirinə, nəyə qane ola bilərəm. Azərbaycanın ən yaxşı kinoaktyoru sayılıramsa, bunu özümdə, mənə qarşı münasibətdə, həyat şəraitimdə... çox şeydə hiss eləmirəm. Axı, mən nədən razı qalmalıyam. Son bir neçə ildə filmə çəkilməməyimdən, yoxsa «Azərbaycanfilm»in qırxa yaxın aktyoru kimi bayıra atılmağımdan. İncimə və elə fikirləşmə ki, sualını qəribçiliyə salıram. Düzü belədi. Bu mövqe, bəlkə də, mövqesizlik yaxşı səslənir- məni əsla qane etmir».
   Üstəlik, davamçı yetirmək məsələsinə münasibəti də aktyor bədbin fikirlərlə doluydu. Sənətkar «gəl, dərs de» təklifinin yoxluğundan söz açdıqdan sonra «nəyə lazımdı o dərs» deməklə ürəyi soyumamışdı. Və ürəyindən keçənləri beləcə ard-arda düzmüşdü: «Mən niyə kimisə aldatmalıyam? Niyə aktyor şan-şöhrəti, güzəranı barədə illüziyalar yaratmalıyam? Heç kim sual verməsə də, dərs desəm o xüsusda indiki təki tez-tez öz-özümdən soruşaram: nə istəyirsən, Həsən Məmmədov? Sənin çatdığın şöhrət zirvəsi bu deyilmi? Günün-güzəranın yel oynadan telə bənzəmirmi? Niyə dünyanı hələ indi-indi başa düşmək istəyənləri aldadırsan, onları arxanca hara aparırsan? Yoxsa öz gününə salacaqsan onları? Yox qardaş, heç kimə belə zülm eləmək olmaz».
   Əlbəttə, sonradan ona müəyyən diqqət göstərildi, məişət qayğıları, deyəsən, nisbətən azaldı. Bununla belə, sanki o yorulmuşdu, cana doymuşdu, hər şey gözündən düşmüş, maraqsızlaşmışdı. Ona bir-iki dəqiqəliyə baxmaq kifayət eləyirdi ki, bu insanın könülsüz, həvəssiz gəzib-dolandığını, teatra gəlib-getdiyini anlayasan. O, teatra ki, gəncliyi və axır on ili burda keçdi. Nə gizlədim, qəlbimdə yalnız kino aktyoru Həsən Məmmədov var. Təkrarsız səsi, ağır yerişi, qayğılı gözləri, jest və mimikasıyla ekranı dolduran Həsən Məmmədov. Kinonun dili hərəkət, kadra düşəcək səhnələri kameraya «danışmaq» məharətidi. Mən bilmirəm, bunca parlaq obrazları yaratmaq üçün Həsən müəllimə hər dəfə kamera qarşısında neçə dubl dayanmaq lazım gəlib. Nəticəsə adamı çaş-baş qoyur: insan özgəsinin həyatını necə məharətlə, inandırıcı şəkildə yaşayarmış!
   Zamanı, hadisələri daşlaşdıran kinonun dilini bilən sənətkar Milli Dram Teatrın səhnəsində həmin qüdrətdə görünmürdü, bəs deyərdin, səhnədə nəfəsi çatmır. İşsizlik ucundan kinostudiyadən teatra üz tutmuş aktyor «zorən təbibə» bənzəyirdi. Bekar qalmamaq və hardansa çörəkpulu qazanmaq məcburiyyətini yaşayan kövrək qəlbli insanın içində nə müsibətlər çəkdiyini təsəvvür etmək çətin deyildi. Həyatın, zamanın, mühitin özü kimi ürəyi də xilaf çıxdı ona. Qismətinə uzun illər sovet aktyoru kimi tanınmaq, yaşamaq düşmüş sənətkar həmin illərdə sovet kinosu günü kimi qeyd olunan bir tarixdə - 27 avqustda dünyasını dəyişdi. Bu da elə-belə deyil. Bu simvolikada da nə isə var...
  
   Seymur Elsevər