Prezident İlham Əliyev oktyabrın 14-də “Bakı - İslam Mədəniyyətinin Paytaxtı -2009” mədəniyyət ili çərçivəsində paytaxtımızda keçirilən İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransının nümayəndələrini qəbul etdi.    

  Qonaqları salamlayan ölkə başçısı İKT-yə üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirdikləri konfransın çox böyük əhəmiyyətə malik olduğunu bildirib: «Əminəm ki, aparılan müzakirələr, qəbul edilən qərarlar ölkələrimiz arasında birliyi daha da möhkəmləndirəcək və İslam həmrəyliyinin gücləndirilməsi üçün çox önəmli bir addım olacaqdır. Təmsil etdiyiniz ölkələrlə Azərbaycan arasında münasibətlər çox yüksək səviyyədədir. Biz bu münasibətlərin inkişafına öz tərəfimizdən töhfəmizi veririk. Mən tam əminəm ki, müsəlman ölkələri arasında olan dostluq, qardaşlıq münasibətləri hər bir ölkənin beynəlxalq mövqelərini də gücləndirir.
   Biz İslam Konfransı Təşkilatının xətti ilə Bakıda keçirilən çoxsaylı tədbirlərə böyük önəm veririk və son illər ərzində Bakıda müxtəlif səviyyəli tədbirlər keçirilmişdir. Bu tədbirlərin hər biri bizim aramızda olan birliyi daha da gücləndirmişdir. Bir tərəfdən bu, praktik cəhətdən çox böyük əhəmiyyətə malikdir. Digər tərəfdən qardaş, dost ölkələrdən gəlmiş qonaqlar Azərbaycanda olarkən, bizim tariximizlə, mədəniyyətimizlə tanış olarkən və bir-biriləri ilə şəxsi münasibətləri daha da möhkəmləndirərkən, təbii ki, ölkələr arasında əlaqələr də bundan ancaq fayda götürür.
   Azərbaycan təmsil etdiyiniz ölkələrlə, eyni zamanda, beynəlxalq arenada çox uğurlu əməkdaşlıq edir. Biz bir-birimizi beynəlxalq təşkilatlarda da dəstəkləyirik və bu dəstəyin çox böyük əhəmiyyəti vardır. Xüsusilə keçən il Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində Azərbaycanın təşəbbüsü ilə müzakirə edilən Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətlə bağlı məsələlərdə biz müsəlman ölkələrindən böyük dəstək aldıq. Bu dəstək bizim marağımızı təmin edən və ədaləti özündə əks etdirən qətnamənin qəbul edilməsində həlledici rol oynamışdır. Bu, dostluğun, qardaşlığın nümunəsidir. Bu, bir daha onu göstərir ki, biz birlikdə olanda, bütün məsələlərə vahid ailə kimi yanaşanda və xüsusilə beynəlxalq müstəvidə bir-birimizə dəstək verəndə bizim mövqelərimiz daha da güclənir. Mən əminəm ki, həm İslam Konfransı Təşkilatı çərçivəsində, həm Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq təşkilatlarda biz qarşılıqlı dəstəyi bundan sonra da verəcəyik. Bu dəstək bizi daha da möhkəmləndirəcək və eyni zamanda, bizim aramızda münasibətlərin dərinləşməsinə xidmət göstərəcəkdir.
   Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, həll olunmamış qalır. Mən bilirəm ki, konfrans zamanı bu məsələ də müzakirə edildi. Çox geniş, ətraflı müzakirələr aparıldı və çox vacib bəyanatlar verildi, qərarlar qəbul edildi. Buna görə mən bütün konfrans iştirakçılarına öz minnətdarlığımı bildirmək istəyirəm.
   Uzun illərdir ki, bizim torpaqlarımız işğal altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin düşüb. Bizim işğal edilmiş ərazilərimizdə bütün tarixi abidələrimiz dağıdılıbdır.
   Azərbaycan xalqının istedadı və zəhməti hesabına yaradılmış bütün infrastruktur, bütün binalar yerlə-yeksan edilib. Bizim dini abidələrimiz, məscidlərimiz, əcdadlarımızın qəbirləri dağıdılıb. Bu ədalətsizlik artıq 20 ilə yaxındır ki, davam edir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, Ermənistan bunlara məhəl qoymur və bu qətnamələr icra olunmur. 
   Bayaq qeyd etdiyim kimi, BMT Baş Məclisində buna oxşar qətnamələr qəbul edilmişdir. İslam Konfransı Təşkilatı, ATƏT, Avropa Şurası, GUAM və digər təşkilatlar Azərbaycanın işğal edilmiş torpaqlarından Ermənistan qoşunlarının çıxarılmasına dair çoxsaylı qətnamələr və qərarlar qəbul etmişlər. Ancaq əfsuslar olsun ki, onlara məhəl qoyulmur. Biz bu vəziyyətlə barışa bilmərik. Çünki Azərbaycanın beynəlxalq birlik tərəfindən qəbul edilmiş ərazi bütövlüyü pozulub.
   Qeyd etdiyim kimi, bu işğaldan əziyyət çəkən bir milyondan artıq Azərbaycan vətəndaşı bu günə qədər də öz doğma torpaqlarına qayıda bilmir. Bizim mövqeyimiz ondan ibarətdir və beynəlxalq hüquq normaları da bunu təsdiq edir ki, bu məsələ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. İşğal edilmiş bütün torpaqlardan Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır. Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar. Ondan sonra bölgədə sülh təmin oluna bilər, tammiqyaslı əməkdaşlıq yarana bilər. Ancaq ondan sonra bölgədə irəli sürülmüş yeni təşəbbüslər reallaşa bilər. Dağlıq Qarabağ münaqişəsinin həlli bölgədə sülhün təmin edilməsi üçün birinci və başlıca şərtdir. Bu məsələ həll olunmadan bölgədə heç bir başqa məsələ öz həllini tapa bilməz.
   Bir daha bu fürsətdən istifadə edib bütün müsəlman ölkələrində yaşayan bacı-qardaşlarımıza bizə daim dəstək verdiklərinə görə öz dərin minnətdarlığımı bildirmək istəyirəm».
   Azərbaycanın çox zəngin tarix və mədəniyyətinin olduğunu xatırladan İ. Əliyev ölkəmizin 18 ildir ki, müstəqillik əldə etdiyini, lakin müxtəlif dövrlərdə başqa ölkələrin tərkibində yaşamağımıza baxmayaraq, öz mədəni və tarixi irsimizi qoruyub saxlaya bildiyimizi bildirdi: «Abidələri qoruya bilmişik, ana dilimizi qoruya bilmişik, milli və dini adət-ənənələri qoruya bilmişik. Bu gün Azərbaycanın uğurlu inkişafı üçün bizim milli-mənəvi dəyərlərimiz çox böyük rol oynayır.
   Müstəqilliyimizin ilk illərindən biz müstəqil ölkə kimi dünya birliyinə inteqrasiya etməklə, eyni zamanda, bizim üçün dost, qardaş olan müsəlman ölkələri ilə də çox sıx əlaqələr qurduq. Bu əlaqələrin müxtəlif istiqamətləri vardır və bu günlərdə Bakıda keçirilən konfrans bir daha onu vurğulayır.
   Azərbaycanda mədəniyyət sahəsində çox böyük işlər görülür. Bütün mədəniyyət ocaqları təmir olunur, bərpa edilir. Yeni muzeylər, teatrlar tikilir, əvvəllər tikilmiş mədəniyyət infrastrukturu yeniləşir, müasirləşir.
   Bildiyiniz kimi, Bakı bu il İslam mədəniyyətinin paytaxtı seçilmişdir. Bu, bizim üçün böyük şərəfdir. Biz bu şərəfli adı çox böyük qürur hissi ilə daşıyırıq. Bu il Bakı İslam mədəniyyətinin paytaxtı olmaqla bərabər, ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər də keçirilir.
   Azərbaycan sivilizasiyalararası dialoqun gücləndirilməsinə öz töhfəsini verir. Çünki bizim coğrafi vəziyyətimiz və eyni zamanda, Avropa təşkilatlarına üzv olmağımız bu unikal imkanları yaradır. Biz çalışacağıq öz səylərimizi bundan sonra da qoyaq ki, mədəniyyətlərarası dialoqun gücləndirilməsinə daha da böyük töhfə verək».
   Ölkə başçısı çıxışında Azərbaycanın böyük dostu adlandırdığı İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl -Tüveycriyə də xüsusi təşəkkürünü bildirdi. O, İSESKO ilə ölkəmiz arasında çox uğurlu əməkdaşlığın aparıldığını və bu iş birliyinin gözəl nəticələrinin olduğunu vurğuladı.
   İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman Əl -Tüveycri konfrans nümayəndələrinə göstərilən böyük diqqətə və bütövlükdə İKT-nin və İSESKO-nun fəaliyyətinə verdiyi dəstəyə görə Azərbaycan dövlətinin başçısına görüş iştirakçıları adından minnətdarlığını bildirdi: «İSESKO bu gözəl ölkə ilə çox yaxşı münasibətlər qurmuşdur. Son bir neçə il ərzində sizin rəhbərliyiniz, dəstəyiniz və qayğınız sayəsində bu gözəl ölkənin bir neçə təşkilatı ilə İSESKO çox yaxşı əməkdaşlıq etmişdir, faydalı tədbirlər və konfranslar keçirmişdir.
   Bu il İslam mədəniyyətinin paytaxtı elan olunduqdan sonra Bakı özünü nümunəvi şəhər kimi göstərmişdir. Burada bir çox tədbirlər, konfranslar keçirilmişdir. Mədəniyyət Nazirlərinin Konfransı bu proseslərə əlavə töhfə verir və bir daha onu göstərir ki, Sizin gözəl ölkə və bu ölkənin gözəl milləti öz mədəniyyəti və irsi ilə fəxr edir ki, bu, mədəniyyətləri, bütün müsəlman ölkələrini birləşdirir.
   Sizə və Azərbaycanın birinci xanımı, bizim xoşməramlı səfirimiz Mehriban Əliyevaya bizə göstərdiyiniz dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Mən ümid edirəm ki, biz hamımız öz işimizi, xoşməramlı fəaliyyətimizi rəhbərlərimizin, prezidentlərimizin, baş nazirlərimizin, krallarımızın rəhbərliyi altında davam etdirəcəyik. Biz İsrail hərbi qüvvələrinin təcavüzü altında olan məscidlərimizi yadımızdan çıxarmayacağıq. Biz Dağlıq Qarabağı yadımızdan çıxarmayacağıq. Biz Azərbaycan üçün, onun ərazi bütövlüyünün bərpası üçün dəstəyimizi göstərməkdə davam edəcəyik ki, Sizin ölkənin bu gözəl ərazisinə sülh gəlsin».
   Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri Əbdüləziz Xoca Mühiddin Səudiyyə Ərəbistanının Kralı, İki Müqəddəs ocağın xadiminin salamlarını Azərbaycanın dövlət başçısına çatdırdı. O, Bakıda keçirilən konfransın yüksək səviyyədə təşkili ilə bağlı görüş iştirakçılarının təəssüratlarını bölüşdü: «Mən bu səfəri böyük tarixi bir səfər hesab edirəm. Təbii ki, biz bu səfərimizlə nümayiş etdiririk ki, İslam necə böyük, necə əzəmətli bir dindir. Bu dində milli ayrı-seçkilik, heç bir fərqlilik yoxdur. Ola bilsin ki, mədəniyyətlər arasında fərqlər vardır. Lakin bütün mədəniyyətlər, eyni zamanda, bir-biri ilə əlaqələrə əsaslanır.
   Cənab Prezident, biz Azərbaycanın ərazi bütövlüyünü, onun suverenliyini dəstəkləyirik, onun tərəfindəyik. İslam Konfransı Təşkilatının bütün üzvləri kimi, Azərbaycanın suverenliyini və onun tarixi ərazilərinin bütövlüyünü dəstəkləyir və Sizə bütün iştirakçıların adından minnətdarlığımızı bildirmək istərdik».
   Əlcəzairin mədəniyyət naziri xanım Xalida Toumi də konfransın yüksək səviyyədə təşkilinə görə İslam Konfransı Təşkilatının və tədbirdə iştirak edən digər beynəlxalq təşkilatların nümayəndələri adından Azərbaycan Prezidentinə minnətdarlıq ifadə etdi: «Cənab Prezident, Sizin Vətəniniz, Sizin camaatınız bizim üçün bir fəxrdir. Çünki onlar bu gün qüdrətli bir xalq olduğunu sübut etmişdir. Bu xalq öz mədəniyyətini qorumaq, İslam mədəniyyətini inkişaf etdirmək üçün böyük qüdrəti, imkanları olduğunu sübut etmişdir. Mən burada demək istərdim və biz şübhə etmirik ki, Sizin probleminiz, Sizin ərazi problemi ilə bağlı olan məsələniz ədalətli həllini tapacaq və İslam ölkələri tərəfindən dəstəklənəcəkdir. Təbii ki, bu problem öz ədalətli həllini tapmalıdır».
   Prezident İlham Əliyev görüşə yekun vuraraq ölkəmiz haqqında deyilən bütün xoş sözlərə görə minnətdarlığını bildirdi: «Bu günlər həqiqətən bir dostluq günləridir, qardaşlıq günləridir. Mən təəssüf edirəm ki, konfransın açılışında iştirak edə bilməmişəm. Mən çox istəyirdim ki, açılışda sizinlə görüşüm. Amma bunun səbəbi də ondan ibarətdir ki, mən xaricdə idim, rəsmi səfərdə idim. Bizim üçün dost, qardaş ölkə olan İordaniyaya səfər edirdim. Bu, bir daha onu göstərir ki, Azərbaycan müstəqil ölkə kimi İslam ölkələri ilə, müsəlman ölkələri ilə münasibətlərin qurulmasında çox fəaldır və bizim xarici siyasətimizin bu istiqaməti deyə bilərəm ki, prioritet xarakter daşıyır. Çünki bizi bir-birimizlə bağlayan ancaq ortaq maraqlar deyildir. Bizi bağlayan bizim müştərək tariximizdir, mədəniyyətimizdir, aramızda olan tarixi bağlardır. Azərbaycan müstəqilliyinin ilk illərindən başlayaraq bu günə qədər öz xarici siyasətində İslam həmrəyliyi prinsiplərini həmişə uca tutmuşdur.
   Qeyd etdiyim kimi, biz çox zəngin mədəniyyətə malikik. Ancaq 18 ildir müstəqil ölkə kimi yaşayırıq. Biz müxtəlif dövrlərdə başqa ölkələrin tərkibində yaşamışıq. Ancaq buna baxmayaraq, öz milli mənliyimizi saxlaya bilmişik, öz tariximizi qoruya bilmişik və bu gün müstəqil ölkə kimi uğurla inkişaf edirik. Bunun səbəblərindən biri də ondan ibarətdir ki, biz tarixi köklərimizə, dəyərlərimizə, müqəddəs İslam dininə həmişə sadiq olmuşuq.
   Bildiyiniz kimi, Sovet İttifaqı zamanında ümumiyyətlə dinə qadağa qoyulmuşdu. Azərbaycanda məscidlər dağıdılmışdı və Azərbaycan vətəndaşları öz vicdan azadlığını ifadə edə bilmirdilər. Azərbaycanda bir neçə məscid qalmışdı. Onlar da sadəcə olaraq bir tarixi abidə kimi saxlanılmışdı. Müstəqillik dövründə, Azərbaycanın taleyi öz xalqının əlində cəmləşdiyi bir zamanda Azərbaycanda mindən artıq məscid tikilmişdir. Bu, bizim mənəvi dəyərlərimizdir. Bu, bizim keçmişimizdir və bizim gələcəyimizdir.
   Azərbaycan xalqı indi öz taleyini özü həll edir. Bu, bizim üçün tarixi əhəmiyyətdir. Biz bu gün dünya birliyində öz müstəqil siyasətimizi aparırıq. Bizim üçün dost, qardaş ölkələrlə qarşılıqlı surətdə faydalı əlaqələr qururuq və biz görürük beynəlxalq təşkilatlarda kimlər bizi dəstəkləyir. Bu, çox önəmlidir. Əlbəttə, biz çalışırıq ki, bütün ölkələrlə yaxşı münasibətlər quraq və buna nail oluruq. Ancaq ölkəmiz üçün həlledici məqamlarda bizim yanımızda olan ölkələr müsəlman ölkələri olmuşdur. Beynəlxalq təşkilatlarda bizə ən çox dəstək verən ölkələr müsəlman ölkələridir. Biz də öz növbəmizdə, bütün beynəlxalq təşkilatlarda həmişə müsəlman ölkələrinin təşəbbüslərini dəstəkləyirik.
   Ölkələr arasında həm iqtisadi, həm də siyasi əlaqələr daha da sürətlə inkişaf etməlidir. Mədəni əlaqələrin inkişafı üçün böyük imkanlar vardır. Biz öz imkanlarımızı paylaşmalıyıq və elə etməliyik ki, İslam dünyasında həmrəylik daha da yüksək səviyyəyə qalxsın, biz bütün tədbirlərdə vahid bir ailə kimi çıxış edək.
   Yenə də demək istəyirəm ki, Azərbaycan gənc müstəqil dövlətdir və İslam Konfransı Təşkilatında bizim üzvlük müddətimiz o qədər də böyük deyildir. Ancaq bu qısa müddət ərzində biz çalışmışıq və çalışırıq ki, İslam həmrəyliyinin gücləndirilməsinə öz töhfəmizi verək.
   Bayaq qeyd etdim ki, Azərbaycanda nazirlər - xarici işlər, təhsil, turizm nazirləri səviyyəsində çoxsaylı tədbirlər keçirilmişdir. Bu gün isə Bakıda mədəniyyət nazirlərinin konfransı keçirilir. Bir neçə gün bundan əvvəl Bakıda böyük elmi-praktiki konfrans keçirilmişdir. Bir neçə gün ərzində ərəb ədəbiyyatının öyrənilməsi və tədqiqi üçün çox önəmli beynəlxalq konfrans keçirilmişdir. Yəni bu, bir daha onu göstərir ki, bizim niyyətimiz nədən ibarətdir.
   Mən bugünkü görüşə çox böyük əhəmiyyət verirəm. Mən sizi ürəkdən salamlayıram və bir daha xahiş edirəm ki, mənim səmimi salamlarımı ölkələrinizin rəhbərlərinə çatdırasınız. Biz istəyirik ki, belə tədbirlər Bakıda tez-tez keçirilsin. Biz çox şadıq ki, Azərbaycanın paytaxtı Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı seçilmişdir. Bu, bizim üçün böyük şərəfdir. Bu, İslam dünyasının Azərbaycana verdiyi qiymətdir. Biz bundan sonra da çalışacağıq ki, bu həmrəyliyi praktiki işlərimizlə daha da gücləndirək.
   Mən bir daha sizə öz təşəkkürümü bildirmək istəyirəm ki, siz Azərbaycana gəlmisiniz, bu konfransda yüksək səviyyədə iştirak edirsiniz. Əminəm ki, Bakıda keçirdiyiniz günlər sizin üçün xoşdur və burada müzakirə olunan məsələlər, aparılan söhbətlər, danışıqlar gələcəkdə bizim birliyimizi daha da gücləndirəcəkdir».
   Sonra Azərbaycan Prezidentinə İKT və İSESKO adından xatirə hədiyyəsi təqdim edildi, xatirə şəkli çəkdirildi.   

    “Mədəniyyət”