Kim bilmir ki, günlər quş qanadlı olmur? Özü də xoş keçən günlər, yaddaqalan hadisələrin baş verdiyi saatlar, taledə dönüş edən dəqiqələr, şirin təəssüratını uzun illər unutmadığın anlar elə tez, az qala bir göz qırpımında ötüb keçir… Sevinirsən ki, nə yaxşı bu duyğuları yaşadın, təəssüflənirsən ki, niyə bu hisslərin dövranı belə qısa oldu… Bunların hamısı qismətinə xoşbəxt məqamlar düşmüş hər kəsə yaxşı tanışdır… Elm də sübut edib ki, zaman pozitiv enerji ilə zəngin olanda vaxt tez keçir, neqativ enerjiylə yüklənmiş zaman isə elə hey uzanır… Mübahisə etmirəm, olsun ki, burada bir həqiqət var… Amma bəzən nisgilli günlər, həsrət dolu aylar da gur sulu çaylar kimi iti sürətlə axır, onda necə? Axı, nisgilin, həsrətin, itkinin içində xoş duyğuya yer yoxdur…
Bu yerdə istəyirsən ki, "bəs nədən, Müslümsüz keçən bir il bu qədər tez keçdi" - deyə sual verəsən…Axı, Azərbaycanın dünyaya bəxş etdiyi belə bir səs, istedad sahibinin yoxluğuna alışmaq bu qədərmi asan? Təbii ki, yox!.. Ötən bir il ərzində Müslüm Maqomayevin artıq yadigar ifaları, görüntüləri həmişə bizimlə oldu… Vətənə heyranlıq himni kimi dəyərləndirdiyimiz "Azərbaycan" mahnısının lent yazısı bütün əlamətdar günlərimizdə qulaqlarımızı oxşayır, öz müəllifinin elə Azərbaycan qədər yaşarı olduğunu vurğulayır. Yeri gəlmişkən, Müslümün repertuarı barədə…
Onun yaradıcılığına nə qədər yaxşı bələd olsam da, bugünlərdə ev audiotekamızı zənginləşdirən yeni diskdəki bir lent yazısı məni əməlli-başlı təəccübləndirdi. Müslüm Maqomayevin opera repertuarından seçmələrin toplandığı həmin diskdə indiyədək onun ifasında eşitmədiyim, hətta barəsində bircə qeydə rast gəlmədiyim bir ariyanı dinlədim. Qara Qarayevlə Cövdət Hacıyevin "Vətən" operasından Mərdanın ariyası. Az qala əlli ildən bəri oynanılmayan, layiq olmadığı bir hörmətsizliklə unudulmuş gözəl səhnə əsərinin əsas qəhrəmanlarından birinin ariyası. Bir neçə dəfə həmin lent yazısına qulaq asdım. Sadəcə, bilmək istəyirdim ki, Müslüm Maqomayev barədə bol audio-video materialların sırasında niyə həmin ariyanı eşitməmişik? Olsun ki, həmin ariya ötən əsrin altmışıncı illərində, gənc Müslüm hələ bizim Opera və Balet Teatrından ayrılmadığı illərdə lentə alınıb, bəlkə də konservatoriyanın son kurslarında oxuyarkən yazılıb. Amma ifa mükəmməl, orkestrin səslənişi gözəl, səsin təqdim etdiyi obraz dolğun… Bu cümləni yazandan sonra öz yazdığım özümə qəribə gəlir: mən heç, məgər Müslüm Maqomayevin səhnə fəaliyyəti qədər dinləyici stajı olan kimsə, yaxud klassik musiqi xiridarlarından kimsə onun nə vaxtsa çiy ifasını, "yolaverdi" çıxışını eşidibmi? Əsla! Həm də hər zamankı mükəmməlliyin sirri heç də Müslümün hədsiz məsuliyyətində, səsinin, xüsusən də canının qədrini bilməyində, ya da həddən artıq məşq edib, özünə əzab verməklə nəyəsə nail olmaq xasiyyətində deyil. Təbii ki, o, məsuliyyətli sənətkar, dinləyicisinə hörmət bəsləyən ifaçı idi, seçdiyi mahnının üstündə saatlarla işləməkdən yorulmurdu. Amma böyük şöhrətin və uğurun səbəbi təkcə bunlar deyil. İstedadlı insan bacardığı və sevdiyi işlə ürəkdən, məsuliyyətlə məşğul olanda onun qazandığı böyük nailiyyətlər də nisbətən rahat qazanılır (kimlərinsə "mən bu qədər əziyyət çəkdim, əzablara dözdüm" deyərək öz nailiyyətlərini mataha mindirməklərinə inanmayın - sadəcə, göz qaytarırlar). Əslində Allah nəvə Müslüm Maqomayevə elə bir böyük istedad bəxş eləmişdi ki, o müğənni olmasaydı belə, gözəl bəstəkar, rəssam, heykəltəraş, dizayner, musiqi nəzəriyyəçisi və hətta yazıçı da ola bilərdi. Yalnız bu istedadların içində kiməsə yarınmaq, fəndgirlik edib hansısa işini yeritmək, badalaq vurmaqla istəyini yeritmək qabiliyyəti yox idi. Bütün müasirliyi, avropalılığı, bizim alışdığımız milli mentalitet çərçivəsinə sığışmayan həyat tərzi, yaşam prioritetləri ilə Müslüm Məhəmməd oğlu daxili xisləti, insanlıq meyarları ilə damarlarında daşıdığı türk və Qafqaz xalqlarının qan kokteylinin formalaşdırdığı KİŞİ ADAM idi.
Anasız böyüdü - amma bir kərə sınıqqəlbli uşaqlığının baisi anasını qınamadı. Əksinə, şöhrətin zirvəsində onun ayağına gələn anasını, ana bir bacı-qardaşını bağrına basdı.
Neçə-neçə qız, qadın ondan ötrü sinov getdi - heç olmasa, Müslüm Maqomayevlə ötəri bir eşq yaşamağı özünə şərəf bildi və istəyinə çatdı da! Amma o, həmin qadınların adını dilinə gətirmədi, cavanlığının eşqbazlıq sərgüzəştlərini məmnunluq və təəssüf hissilə xatırlamadı. Sadəcə, ömrün ahıl çağlarında hər kəsin bildiyi macəraların çox olduğuna işarə vuranda olub-keçənləri utancaq təbəssümlə boynuna alırdı, vəssəlam.
İlk gənclik sevgisinin ünvanı olan xanımı, yeganə qızının anasını da suçlamadı ki, niyə ailəni qoruyub saxlamaqda ondan daha qətiyyətli çıxmadı.
Yetkin yaşında aşiq olduğu qadın uğrunda mübarizədə qalib çıxdığı ilə də heç öyünməzdi. Müsahibələrində sadəcə etiraf edirdi ki, artıq ikinci dəfə sevdiyi qadını itirə bilməzdi, çünki anlayırdı ki, daha kimsəni belə sevə bilməyəcək. Amma Tamara İliçna həmin illərdə yaşadığı məhəbbət əhvalatını ömür boyu sevildiyinə əmin olan qadın xoşbəxtliyi ilə xatırlayırdı.
Dövlət rəhbərləri ilə yaxınlığından, onların öz sənətinə vurğunluğundan və heç bir xahişinin yerə düşməyəcəyi ehtimalından heç vaxt sui-istifadə etmədi.
İllərin sınağından çıxmış dostluğu mənasız bir münasibət kimi sona varanda da dinmədi, onun qəlbinə soxulub sensasion etiraf axtaran jurnalistlərin sorğu-suallarından səthi cavablarla yayındı.
Əslində insanın xislətində yaxşı cəhətlər kimi bütün pis xüsusiyyətlərin də rüşeymi var. Onlar bir növ ağciyərlərimizdə mürgüləyən vərəm çöplərinə bənzəyir. Əlverişli mühit yaranan kimi baş qaldırırlar ki, mən də varam. Oğul ona deyərəm ki, əlverişli mühit yarananda həmin rüşeymlərin qəlbində cücərməsinə imkan verməsin! Bizim tanıyıb sevdiyimiz Müslüm Maqomayev bunu bacardı.
İnternetin daraltdığı informasiya və ünsiyyət dünyasında dolaşmağı sevənlərdənəm… Kiçik monitorun uzaqları yaxın edən hünərindən yaxın və uzaq xaricdə yaşayan soydaşlarımızla əsasən "Moy Mir" layihəsi çərçivəsində tanış olub ünsiyyət saxlayıram. Məlum məsələdir ki, bu layihədə virtual sonsuzluğun içində öz dünyasını yaradanlar əsasən rusdilli insanlardır. Həmin dünyanın içində kimsə sevdiyi musiqi əsərlərini yerləşdirir, bəyəndiyi şəkillərin albomunu tərtib edir, hətta öz kiçik cəmiyyətini yaradır. Ötən ilin oktyabrında dahi musiqiçi Müslüm Maqomayev dünyasını dəyişəndən sonra Rusiyada yaşayan soydaşlarımızın "Moy Mir"də yaratdığı musiqi albomlarının içində onun neçə lent yazısı, xüsusən də sonuncu "Əlvida, Bakı" mahnısı yer aldı. Kimsə həmin insanlardan diasporçu həmrəyliyi nümayiş etdirməyi xahiş etməmişdi, kimsənin də özünü dərd çəkən göstərməsinə ehtiyac yox idi. Amma bu itki, bizə bir neçə standartlarla münasibətin bəsləndiyi yaxın yad ölkədə məskunlaşmış soydaşlarımız üçün təkcə gözəl sənətkar yox, həm də öyünc ünvanı olan SOYDAŞ itkisi idi.
Aradan illər keçəcək, Müslüm Maqomayevsiz keçən illərin sayı ömrün bizim hər birimizə vəfa etdiyi qədər artacaq ki, azalmayacaq. Həyatın cismani qanunu budur. Amma həyatın mənəvi ölçülərlə nizamlanan qanunu isə bizi heç zaman onsuz etməyəcək.
Gülcahan MİRMƏMMƏD