Noyabrın 11-də Heydər Əliyev Fondunda “Azərbaycan muğamı” multimedia toplusunun və “Muğam aləmi” nəşrinin təqdimatı olub. 
   Heydər Əliyev Fondunun 2005-ci ildən həyata keçirdiyi “Azərbaycan muğamları” layihəsi çərçivəsində 24 virtuoz muğam ustadının ifaları toplanmış “Qarabağ xanəndələri” musiqi albomu böyük maraqla qarşılanan ilk və uğurlu iş olmuşdu. Fond tərəfindən 2008-ci ildə hazırlanan “Muğam ensiklopediyası” qədim musiqi irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir. Fondun dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin inşası, 2005-2007-ci illərdə respublika muğam müsabiqələrinin, 2009-cu ildə dünyanın 11 ölkəsinin iştirak etdiyi Beynəlxalq Muğam Festivalının keçirilməsi qədim ifaçılıq ənənələrini inkişaf etdirərək gənc istedadlı xanəndələri üzə çıxarmaq və muğam sənətini dünyada təbliğ etmək məqsədi daşıyır.
   Heydər Əliyev Fondunun muğamın qorunması və təbliği istiqamətindəki növbəti uğurlu layihələri “Azərbaycan muğamı” interaktiv audiovizual multimedia toplusu və “Muğam aləmi” nəşridir.
   Fondun “Azərbaycan muğamları” layihəsi çərçivəsində tədris vəsaiti kimi təqdim olunan “Azərbaycan muğamı” multimedia toplusu musiqi irsimizin ən qiymətli incisi olan muğamın növlərini, janrlarını, mənşəyini, quruluşunu, musiqi məzmununu və kompozisiya xüsusiyyətlərini ətraflı şərh edir. “Azərbaycan muğamı” interaktiv audiovizual multimedia toplusu 8 diskdən ibarətdir. Toplu Azərbaycan və ingilis dillərində hazırlanıb.
   Dərs vəsaiti kimi nəzərdə tutulmuş birinci disk 6 bölmədən - “Muğamlar”, “Muğam notları”, “Simfonik muğamlar”, “Milli musiqi alətləri”, “Şəxsiyyətlər” və “Lüğət” bölmələrindən ibarətdir. “Muğamlar” bölməsində muğam dəstgahları, kiçikhəcmli muğamlar, zərb muğamlar, “Muğam notları” bölməsində Azərbaycanın 7 əsas muğamının notları təqdim olunur. Azərbaycanın simfonik muğamları haqqında ümumi məlumat, Fikrət Əmirov və Niyazinin simfonik muğamları “Simfonik muğamlar” bölməsində yerləşir. “Milli musiqi alətləri” bölməsində qədim musiqi alətlərimizin interaktiv mündəricatı təqdim edilir, hər bir alət haqqında ətraflı məlumat verilir. “Şəxsiyyətlər” bölməsində Azərbaycan muğam sənətində sözünü demiş sənətkarların və bu sahədə tədqiqat aparanların, muğamın inkişafına böyük dəstək olan insanların, alimlərin, musiqi xadimlərinin həyatı və yaradıcılığı barədə məlumat var. “Lüğət” bölməsində muğam sənətinə aid 300-ə yaxın sözün izahı verilib.
   İkinci və üçüncü disk “Muğam dəstgahları” adlanır. İkinci diskdə “Rast”, “Şur”, “Çahargah”, üçüncü diskdə isə “Segah”, “Şüştər”, “Bayatı-Şiraz” və “Humayun” muğamları yazılıb. İstənilən muğamı seçib dinləmək mümkündür. Bu disklərdə hər bir muğamın şöbə və guşələri təqdim olunur.
   Kiçikhəcmli “Qatar”, “Rəhab”, “Şahnaz” və “Bayatı-kürd” muğamları dördüncü diskdədir.
   Beşinci diskdə zərb muğamları - “Mənsuriyyə”, “Heyratı”, “Simayi-şəms”, “Heydəri”, “Ovşarı”, “Mani”, “Arazbarı”, “Qarabağ” şikəstəsi və “Kəsmə” şikəstə yer alıb.
   Altıncı və yeddinci disklərdə Azərbaycanın məşhur xanəndələrinin ifası var. Altıncı diskdə Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Seyid Şuşinski, Bülbül, Zülfi Adıgözəlov, Xan Şuşinski, Yavər Kələntərli, Həqiqət Rzayeva, Mütəllim Mütəllimov, Hacıbaba Hüseynov, Sara Qədimova, yeddinci diskdə Əbülfət Əliyev, Fatma Mehrəliyeva, Qulu Əsgərov, Yaqub Məmmədov, Əlibaba Məmmədov, Rübabə Muradova, İslam Rzayev, Qədir Rüstəmov, Arif Babayev və Alim Qasımovun ifaları təqdim olunur.
   Səkkizinci diskdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Fikrət Əmirovun “Gülüstan-Bayatı-Şiraz”, “Kürd ovşarı”, “Şur” və Niyazinin “Rast” simfonik muğamları yazılıb.
   “Muğam aləmi” toplusu Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu ilin martında Bakıda keçirilmiş Beynəlxalq Muğam Festivalına həsr olunub. Toplu Azərbaycan, rus, ingilis dillərindəki kitab və Azərbaycan muğam operalarının, simfonik muğamların, klassik Azərbaycan muğamlarının, tanınmış xarici musiqiçilərin çıxışlarının və etnocaz nümunələrinin toplandığı 33 DVD-dən ibarətdir.
   Beynəlxalq festivalın materiallarını özündə əks etdirən “Muğam aləmi” nəşri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın sözləri ilə başlayır. Maraqlı fotoşəkillərlə zəngin olan nəşrdə Azərbaycan Prezidenti İlham Əliyevin və YUNESKO-nun o vaxtkı baş direktoru Koişiro Matsuuranın festivalın açılış mərasimindəki çıxışlarına, habelə Mehriban xanımın festival çərçivəsində beynəlxalq elmi simpoziumdakı çıxışına da yer verilib.
   Təqdimat mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva geniş və məzmunlu nitq söyləyib.
   Sonra “Azərbaycan muğamı” və “Muğam aləmi” toplularına aid film nümayiş olunub.
   Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri Firəngiz Əlizadə, xalq artisti Arif Babayev, əməkdar artist, I Beynəlxalq Muğam Festivalının qalibi Təyyar Bayramov yaxın keçmişdə arzulanan layihələrin artıq reallıq olduğunu, görülən işlərin muğam dünyasının təbliğindəki əvəzsiz rolunu qeyd edərək bütün bunların Mehriban Əliyevanın səyləri nəticəsində baş verdiyini və buna görə ona minnətdar olduqlarını bildiriblər.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar