Azərbaycan Prezidentinin tarixi hadisələrin və görkəmli şəxslərin yubileylərinin YUNESKO-da qeyd edilməsinə dair Sərəncamına uyğun olaraq qurumda təşkil edilmiş “Azərbaycan günü” çərcivəsində noyabrın 17-də təşkilatın sərgi salonunda Azərbaycanın gözoxşayan mənzərələrini ağ kətana köçürmüş görkəmli fırça ustası Səttar Bəhlulzadənin anadan olmasının 100 illiyi münasibətilə rəssamın əsərlərindən ibarət sərgi açılıb.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dünya boyakarlığında Səttar Bəhlulzadənin xüsusi yeri olduğunu, ölkəmizin müxtəlif bölgələrini qarış-qarış gəzmiş rəssamın təbiət mənzərələrini ölməz əsərlərində əks etdirdiyini deyiblər. Onun yaratdığı tablolarda Vətənə məhəbbət hissinin aşılandığını, sadə həyat tərzi keçirmiş bu insanın dünya şöhrətli əsərlər yaratdığını, ulu öndərimiz Heydər Əliyevin Səttar Bəhlulzadə yaradıcılığına xüsusi onəm verdiyini bildiriblər.
Səttar Bəhlulzadənin yaratdığı əsərlərlə özünə ölməzlik heykəli ucaltdığını qeyd edən E.Əfəndiyev və Ə.Qarayev dahi rəssamın fırçasının məhsulu olan əsərlərin bir çox ölkələrdə sərgiləndiyini, muzeyləri bəzədiyini, rəssamın xalq tərəfindən sevildiyini qeyd ediblər.
Baş direktorun mədəniyyət məsələləri üzrə köməkçisi Fransuaz Riviyer YUNESKO ilə Azərbaycan arasında sıx əməkdaşlıq yarandığını, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yorulmaz səyləri sayəsində bu əlaqələrin inkişaf etdiyini xüsusi vurğulayıb. Natiq məhz belə sıx əməkdaşlıq nəticəsində qurumda Azərbaycanla bağlı müxtəlif tədbirlərin keçirildiyini xatırladıb. F.Riviyer Azərbaycanın istedadlar ölkəsi olduğunu, Səttar Bəhlulzadənin 100 illiyi münasibətilə onun əsərlərindən ibarət təşkil edilmiş sərginin bunu bir daha təsdiq etdiyini diqqətə çatdırıb.
Mərasim iştirakçıları həzin Azərbaycan musiqisinin sədaları altında görkəmli rəssamın əsərləri ilə tanış olublar.