Rusiyanın İTAR-TASS agentliyində MDB ölkələrinin humanitar əməkdaşlığı üzrə Dövlətlərarası Fondun İdarə Heyəti üzvlərinin mətbuat konfransı olub.
İdarə Heyətinin həmsədri, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy dekabrın 16-da MDB ölkələrinin humanitar əməkdaşlığı üzrə Dövlətlərarası Fondla türkdilli ölkələrin mədəniyyət təşkilatı - TÜRKSOY arasında saziş imzalanacağını açıqlayıb.
İdarə Heyətinin üzvü, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə qısa müddət ərzində fondun çox effektiv çalışdığını, YUNESKO ilə tərəfdaşlıq sazişinin imzalandığını, bu sənədə əsasən fondun bir növ YUNESKO-nun regional nümayəndəliyi olduğunu bildirib. Səfir gələn il fondun xətti ilə Azərbaycanda bir sıra tədbirlərin, o cümlədən "Mədəniyyətlərin dialoqu" forumunun, Anton Çexovun 125 illiyi münasibətilə "Nikah" tamaşasının (Rusiya-Belarus) premyerasının keçiriləcəyini, həmçinin MDB Gənc Simfonik Orkestrinin çıxışının olacağını bildirib.