Dünya və onun əşrəfi sayılan insan sözsüz çox kasıb görünərdi. Söz bu dünyaya və onun sakini insan oğluna işıq qədər gərəklidir. Hikmətli sözlər və obrazlı ifadələr isə bu dünyanın və insanın yaraşığıdır. Obrazlı və idiomatik ifadələr şifahi və yazılı nitqdə zəruri məqamlarda işlənilir. Bu sözlər nitqə fikir və düşüncə ilə yanaşı, xüsusi çalar, emosionallıq da gətirir. Müdrik kəlamlar  dərin fəlsəfi mənaya, zəngin məzmuna malikdir. Obrazlı ifadələr, müdrik kəlamlar bədii təfəkkürün meyar və ifadə vasitəsidir. Bu ifadələr hansı zamanda yaranmasından və kim tərəfindən söylənilməsindən asılı olmayaraq həmişə öz dəyərini qoruyub saxlayıb. Zaman-zaman insanlar obrazlı ifadələrə, hikmətli sözlərə ciddi ehtiyac duymuşlar. Hətta 1864-cü ildə alman alimi Georq Buxman «Qanadlı sözlər» adında bir kitab da buraxmışdır. Həmin kitabda alman dilində işlənən məşhur obrazlı ifadələr toplanmışdı.


Müxtəlif xalqların dillərində fərqli səslənən və yazılan qanadlı ifadələr həmişə zamanın fövqündə dayanıb. Bu ifadələrin çoxu ilkin dövrlərdə məhəlli xarakterli olsa da, sonradan ümumbəşəri məhsula çevrilib.
Həmin ifadələrdən bir neçəsini oxuculara təqdim etmək istərdik. Onu da qeyd edək ki, obrazlı ifadələr və qanadlı sözlərin izahında Musa Adilovun «Niyə belə deyirik» («Gənclik» nəşriyyatı», 1973) kitabına istinad olunub.
Başına kül tökmək - dərd-bəlaya, bədbəxtliyə düçar olunanda işlədilir.
İfadəyə İncildə də rast gəlinir.  Keçmişdə bir çox xalqlarda belə adət olub ki, özünün və başqasının dərdinə, bədbəxtliyinə şərik olmaq üçün insanlar başlarına kül ələyər, torpaq tökərmişlər. Elə «kül başına», «başıma nə kül töküm» ifadələri də belə yaranıb. Bu ifadə Firdövsinin «Şahnamə» və  Homerin «İliada»sında da işlənilib.
«Şahnamə»də İrəncin ölüm xəbərini eşidən bütün qoşun  əhli ağlayıb başına kül tökür. «İliada»da Patrokl öləndə onun yaxın dostu Axilles əllərini kül ilə doldurub başına tökür.

Bir günlük xəlifə

Bu ifadə daha çox qısa zaman ərzində hakimlik etmiş, müvəqqəti səlahiyyət sahibi olmuş  şəxslər barədə işlənir. Əslində ifadənin maraqlı bir yaranma tarixi var. IX əsrdən etibarən Abbasi xəlifələri yalnız xüsusi qoşun qüvvələrinin silahlı müdaxiləsi ilə hakimiyyətə sahib olurdular. Həmin qoşun qüvvələri içərisində türklərdən təşkil olunmuş dəstələr xüsusilə seçilirdilər. IX əsrin ortalarından həmin silahlı dəstələrin komandirləri əslində qeyri-rəsmi hakimiyyətə sahib idilər. Onların silahlı müdaxiləsi ilə Abbasi xəlifələrindən olan İbn əl-Murtazın hakimiyyət müddəti bircə gün olmuşdur. İbn əl-Murtaz xəlifə Müqtədiri saray çevrilişi nəticəsində əvəz etmiş (17 dekabr 908-ci il) və elə həmin gün də digər bir çevriliş nəticəsində öldürülmüşdü.


Bu idiomatik ifadə ilə bağlı ikinci versiya da var. Xalq nağılında söylənilir ki, Bağdadda yaşayan Əbülhəsən adlı gəncə bir nəfər qonaq gəlir. Əbülhəsən ürəyindəki ən böyük arzunu qonağına söyləyir. Onun arzusu bir gün də olsa xəlifəlik etməkdir. Sən demə, Əbülhəsənin qonağı tacir paltarında gəzməyə çıxmış xəlifə Harun-ər-Rəşid imiş. Xəlifə Harun-ər-Rəşid Əbülhəsənin badəsinə yuxu dərmanı tökür. Əbülhəsən məst olub yuxuya dalır. Xəlifənin əmri ilə onu saraya aparırlar. Sarayda ona xəlifə kimi hörmət bəslənilir, əmrlərinə əməl olunur. Əbülhəsən xəlifə olduğuna inanır. Həmin gün o, xəlifəlik edir. Axşam yeməyi zamanı yenidən onun badəsinə yuxu dərmanı tökürlər. Yuxulamış Əbülhəsən bir də evində ayılır. Ancaq xəlifəliyinin yuxu, yoxsa həqiqət olduğunu ayırd edə bilmir.

Qanadlı sözlər

Frazeoloji birləşmə hələ bizim eradan əvvəl işlədilib. IX əsrdə yaşamış böyük yunan şairi Homerin «İliada» və «Odisseya» əsərlərində dönə-dönə işlədilib. Hömerə görə, o sözlər «qanadlı sözlər» adlanır ki, həmin sözlər çox sürətlə danışanın ağzından çıxıb, dinləyənin qulağına çatır. Bu ifadə sonralar mənasını bir qədər də genişləndirmiş, filoloji termin kimi işlənilmişdir. Ədəbi-bədii və tarixi mənbələrdə hikmətli ifadələr «qanadlı sözlər» adlandırılmışdır. Azərbaycan ədəbiyyatında isə bu ifadəni ilk dəfə S.Vurğun işlətmişdir:
«Cəlal yaxşı bilir... kişi şairdir!
Qanadlı sözlər də ona dairdir...»
(«İnsan»)

Qum üzərində ev tikmək

İfadə əsassız, təməlsiz görülən bir işlə əlaqədar olaraq işlədilir. Bu ifadə Bibliyadakı hekayətdən qidalanır. Həmin hekayətdə söylənilir ki, ağıllı bir şəxs qumun üzərində ev tikibmiş. Az keçməmiş  külək əsib, yağış yağmış, ev uçmuşdu.

Quş südü

Bu frazeoloji birləşmə çətin tapılan, mümkün olmayan şey mənasında işlənilir. İfadə haqqında müxtəlif fikirlər söylənilir. Məlumdur ki, quşun südü ola bilməz. Ancaq dildə belə ifadələr mövcuddur: «Quş südünəcən hər şey var».  Nizami Gəncəvi Bərdənin vəsfində yazırdı: «İstəsən quş südü taparsan orda». Bu ifadə zənginliyi bildirir. İfadənin ən qədim  variantı eramızdan əvvələ aiddir. İlk dəfə bu ifadə Petroniy (e.ə. 66-cı ildə vəfat etmişdir) tərəfindən işlədilmişdir.

İpi qırılmaq

Bu ifadənin əvəzinə zənciri, kəndiri kəsilmək də işlənir. İfadə, adətən, qarğış kimi işlədilir: «ipin qırılsın», «kəndirin kəsilsin», «Allah zəncirini kəssin». İnanca görə, hər kəsin həyatı və taleyi sirli ip (zəncir) ilə göylərə  bağlıdır.
Mövhumi inam digər xalqlarda da olmuşdur. «Həyat ipi» ifadəsi bir sıra  xalqlarda işlənilir. Bu ifadə qədim yunan əfsanəsi ilə ilişgilidir.
Yunan əfsanəsinə görə, insanların taleyini, həyatını ilahələr idarə edirlər. Bu ilahələr insanların həyatı üçün ip eşməklə (məcazi məna daşıyan «ipini eşmək» ifadəsi də buradan yaranıb) məşğuldurlar. İnsanların  taleyini üç ilahə həll edir. Biri tale ipini eşib hazırlayır, ikincisi bu ipi taleyin çətinliklərindən keçirir, üçüncüsü ipi kəsməklə insan həyatına son qoyur. Bu qarı - ilahələrin mifik obrazı ədəbiyyatda kifayət qədər işıqlandırılıb.

Stəkanda fırtına

İfadə mənasız, əhəmiyyətsiz iş və hadisə  ilə əlaqədar olaraq işlənir. Bu deyimi ilk dəfə məşhur fransız mütəfəkkiri Monteskyö dilə gətirib. Monteskyö bu ifadəni San-Marino cırtdan respublikasında baş vermiş siyasi hərc-mərclik, qayda-qanunsuzluqla bağlı işlətmişdir.

Xeybər Göyyallı