12 yanvar tarixində Firudin Bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Ankarada fəaliyyət göstərən Türk-Ərəb Bilim Kültür və Sənət dərnəyinin rəhbəri, tunisli Türkiyə vətəndaşı Məhəmməd Adil ilə Yazıçı Qadınlar Cəmiyyətinin nümayəndələrinin görüşü keçirildi. Məhəmməd Adil Bakıya məhz Yazıçı Qadınlar Cəmiyyətinin dəvəti ilə gəlmişdi.
Tədbirdə Yazıçı Qadınlar Cəmiyyətinin sədri Nüşabə Məmmədli Yazıçı Qadınlar Cəmiyyətinin vəzifələrindən danışdı. Nüşabə xanım Azərbaycan qadın yazarlarının əsərlərini ərəb dilinə tərcümə edilərək ərəb ölkələrində işıq üzü görməsini arzuladı. Yazıçı Qadınlar Cəmiyyətinin çıxış edən üzvləri Azərbaycan və ərəb ölkələri arasında ədəbi inteqrasiyadan söz açdılar. “Mədəniyyət” qəzetinin baş redaktoru Nigar Mənsimli isə Türk-Ərəb Bilim Kültür və Sənət dərnəyinin ərəbdilli və türkdilli ölkələri arasında bu əlaqənin təkcə ədəbiyyat üzərində qurulması ilə məhdudlaşmamasını tövsiyə etdi. Onun sözlərinə görə, bu inteqrasiyanı mədəniyyətin digər sahələri və KİV üzərində də qurmaq olar. Türk-Ərəb Bilim Kültür və Sənət dərnəyinin rəhbəri Məhəmməd Adil isə türk-ərəb ölkələrinin əlaqəsindən söz açaraq Azərbaycandan bu yöndə keçirilən festival və sərgilərdə nümayəndələrin olmamasından təəssüfləndiyini bildirdi. Qeyd etdi ki, bu işi təkcə dövlətin üzərinə yıxmaq düzgün deyil, qeyri-hökumət təşkilatları bu istiqamətdə səy göstərməlidirlər: “Bizim məqsədimiz də Azərbaycan və ərəb ölkələrinin intellektuallarının iş birliyinə nail olmaqdır. Biz kiçik layihələrdən başlamalıyıq. İlkin olaraq Azərbaycan qadın yazarların əsərləri ərəb dilinə tərcümə olunmalıdır. Ümumiyyətlə, 2010-cu il üçün Türk-Ərəb Bilim Kültür və Sənət dərnəyinin ilə Yazıçı Qadınlar Cəmiyyətinin görəcəyi işlərin birgə layihəsi hazırlanmalıdır”.
Tədbirin sonunda Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Fizurə Quliyeva bu tip əlaqələrin Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında yaranmasından məmnun olduğunu bildirdi və kitabxananın bundan sonra da bu cür mədəniyyət tədbirləri üçün açıq olduğunu qeyd etdi.