Dünən Azərbaycan Dövlət İncəsənət Muzeyində 20 Yanvar faciəsinin 20 illiyi ilə bağlı rəsm və foto sərgisinin açılışı oldu. Tədbirdə çıxış edən İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilov öncə 20 Yanvar faciəsi haqqında danışaraq bildirdi ki, bu gün xalqımızın yaddaşında həmişə yaşayacaq. O qeyd etdi ki, bu faciə əslində xalqımızın qəhrəmanlıq günlərindən biridir. Və bu gündə şəhid olmuş insanlar faciə qurbanları kimi deyil, qəhrəman kimi anılmalıdır.
   Sonra muzeyin direktoru sözü mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə verdi. Nazir belə bir sərginin əhəmiyyətini yüksək qiymətləndirdi. O qeyd etdi ki, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi gələcək nəsillərin yaddaşında da qalacaq: “Mən burada gəncləri görürəm. Düşünürəm ki, onların bu sərgidə iştirak etmələri bunu göstərir ki, 20 Yanvar heç vaxt yaddan çıxmayacaq. Hər bir xalq öz azadlığını mübarizə ilə əldə edir. 20 Yanvar bizim xalqın azdlığı uğrunda apardığı mübarizə günüdür”.
   Nazir onu da əlavə etdi ki, həmin faciə günündən sonra ulu öndər Heydər Əliyev Moskvada bu faciəni pisləyən bəyanat verdi. Bundan sonra Azərbaycan ziyalıları, ədibləri, rəssamları öz etirazlarını bildirməyə başladılar. Nazir belə sərgilərin Azərbaycanın hər yerində keçirilməsinin vacibliyini vurğuladı. Bildirdi ki, Azərbaycan rəssamları 20 Yanvar hadisəsi ilə bağlı bundan sonra da maraqlı əsərlər yaradacaqlar.
   Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun çıxışından sonra tədbir iştirakçıları və qonaqlar sərgini izlədilər.