Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) İdarə Heyətinin iclası keçirilib. İttifaqın mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, iclasda qurumun 2010-cu ilin birinci yarısı üçün nəzərdə tutulan iş planı müzakirə edilib.
   
   ABİ-nin İdarə Heyətinin sədri, xalq artisti Firəngiz Əlizadə yaradıcı təşkilatlar arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə cari ildən etibarən “Müasirlərlə dialoq” adlı yeni layihəyə başlanılacağını deyib: «Layihə çərçivəsində hər ay Azərbaycanın görkəmli nümayəndələri ilə görüşlər təşkil ediləcək. İlk görüş yanvarın 28-də Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla olacaq. Bundan başqa, 2011-ci ildə Bakıda keçiriləcək II Beynəlxalq Muğam Festivalı ilə əlaqədar ABİ-də “II Beynəlxalq Muğam Festivalı ərəfəsində” adlı dinləmələr və müzakirələr təşkil ediləcək».
   F.Əlizadə onu da bildirib ki, bölgə təşkilatlarının fəaliyyətini möhkəmləndirmək məqsədilə regionlarda səyyar plenumlar keçiriləcək.
   Regionlarda fəaliyyət göstərən bölmələr arasında ən fəalının Naxçıvan Bəstəkarlar Təşkilatı olduğunu söyləyən natiq vurğulayıb ki, Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən konservatoriyada bəstəkarlıq kafedrası açılıb.
   Çıxışı zamanı sədr qeyd etmişdir ki, ittifaqın bu ilin ilk yarısı üçün nəzərdə tutulan tədbirlər planında görkəmli bəstəkarlar Soltan və İsmayıl Hacıbəyovların, SSRİ xalq artisti Müslüm Maqomayevin xatirə gecələri, bununla yanaşı, xalq artisti Sevda İbrahimovanın-70, musiqişünas alim Rəna Məmmədova-Sarablının- 60, əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın- 70, bəstəkar Telman Hacıyevin isə 80 illik yubileyləri də qeyd olunacaq: «Eyni zamanda cari ildən etibarən ABİ-də xarici ölkələrin respublikamızdakı səfirlikləri ilə birgə layihələr həyata keçiriləcək, qurumda bir sıra yeni kitabların təqdimat mərasimi təşkil ediləcək».
   
   RÖYANƏ