Dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev üç Azərbaycan şəhərinin müvafiq olaraq əfsanələr, folklor və sənətkarlıq paytaxtı elan edilməsinə həsr olunmuş mətbuat konfransı keçirdi. Nazir bildirdi ki, son illər Azərbaycan dövlətinin mədəniyyət sahəsində həyata keçirdiyi böyük layihələr beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Xüsusilə Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan layihələr geniş maraq doğurur: «Bu layihələr uzunmüddətli olmaqla, Azərbaycan mədəniyyətinin zənginliyinin dünya səviyyəsində təbliğinə hesablanıb». Nazir bildirdi ki, son 3-4 il ərzində ölkəmiz nüfuzlu beynəlxalq qurumların həyata keçirdiyi tədbirlərdə fəal iştirak edir.
   
   Ə.Qarayevin dediyinə görə, hazırda Azərbaycanda maddi və qeyri-maddi mədəni irsin qorunması sahəsində müasir tələblərə uyğun nəzarət mexanizmi işlənib hazırlanır. Ölkəmizin qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” proqramına əsasən 2010-cu ildə Gəncə - Azərbaycanın əfsanələr paytaxtı, Qazax - folklor paytaxtı, Şəki isə sənətkarlıq paytaxtı elan olunub. Bu, Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatların bir hissəsidir: “Hazırda Azərbaycanın qeyri-maddi mədəni irs konsepsiyası və qeyri-maddi mədəni abidələrin pasportlaşdırılması, muğam-tur, aşıq-tur, xalça-tur, Novruz-tur beynəlxalq mədəni turizm marşrutlarının yaradılması qeyri-maddi irs subyektlərinin informasiya bankı, sahəyə həsr olunmuş intangible.az ünvanlı veb-portalın yaradılması, digər konseptual proqram və layihələr üzərində işlər aparılır. Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramı təsdiq edilib. Proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilib”.
   Nazir bildirdi ki, bu layihə davamlı olaraq həyata keçiriləcək: “Layihəni başlamaqla üzv olduğumuz beynəlxalq təşkilatları, eləcə də qonşu ölkələri həvəsə gətirdik. Artıq bizə baxıb çoxlarının yadına belə layihələri həyata keçirmək düşür. Bu proqram davamlı olacaq və ilbəil hansısa şəhərlərimiz özünəməxsus cəhətlərinə uyğun olaraq paytaxt elan ediləcəkdir. Ən önəmlisi odur ki, Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən layihələr beynəlxalq təşkilatların diqqət mərkəzindədir”.
   Mədəniyyət və turizm naziri layihənin hazırlığına ötən ilin noyabrından başlandığını diqqətə çatdırdı. 2010-cu il ərzində nominasiya üzrə Gəncə şəhərində milli mərasim, adət-ənənələr, şifahi xalq yaradıcılığı və milli oyunlar, Qazax şəhərində xalq musiqisi, rəqsləri və teatrı, Şəki şəhərində xalq tətbiqi sənəti, ənənəvi dekorativ sənəti və milli təsviri ənənələrinin daxil olduğu xüsusi tədbirlər planı təsdiq olunub.
   Nazir 2018-ci ildə Naxçıvanın - İslam Mədəniyyətinin Paytaxtı elan olunmasını da ictimaiyyətin diqqətinə çatdırdı.
   Sonra Ə.Qarayev jurnalistlərin suallarını cavablandırdı.
      
   Fəxriyyə ABDULLAYEVA