Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestrinin ilkin variantının hazırlanması artıq başa çatmaq üzrədir. Bu barədə məlumat verən Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin sözlərinə görə, layihə ilə bağlı İctimai Şura yaradılıb. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə şuranın iki iclası keçirilib.
   
   F.Babayev bildirdi ki, İctimai Şuranın Katibliyi daxil olmuş təklifləri ümumiləşdirib:«Reyestr nəticəsində Azərbaycan xalqının min illər boyu yaratdığı qeyri-maddi irs nümunələrinin toplumu hazırlanacaq. Məlumdur ki, müxtəlif müəlliflik hüququ qazanmış sənət əsərləri Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur. Daşınmaz əmlak adlandırdığımız tarixi abidələrimizin üzərində onun dövlət tərəfindən qorunması ilə bağlı məlumat yazılır. Bu layihənin məqsədi isə xalqımızın böyük və zəngin irsinin pasportlaşdırılması, dövlət reyestrinə salınması və onun sənədləşdirilməsidir. Bayramlarımız, adət-ənənələrimiz, xalq yaradıcılığı və folklor nümunələrimiz, milli mətbəximiz, musiqimiz, rəqslərimiz və s. bu siyahıya daxil ediləcək. Məqsədimiz Azərbaycanın adət-ənənələrini qoruyub-saxlamaq, gələcək nəsillərə çatdırmaqdır. Bunun da xüsusi bir siyahıda təsdiqini tapması olduqca vacib və zəruridir».
   Nazirlik təmsilçisi onu da bildirdi ki, layihə Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Müəllif Hüquqları Agentliyi və başqa qurumlarla birlikdə həyata keçirilir.