Fikrət Babayev: «Mədəniyyətimiz Avropanın ən mötəbər yerlərində təqdim olundu»
   
   Xəbər verildiyi kimi, martın 28-dən 30-dək Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsi və 2010-cu ilin UNESCO tərəfindən «Mədəniyyətlərin Yaxınlaşması ili» elan olunmuşdur. Bununla əlaqədar TÜRKSOY Baş katibliyinin təşəbbüsü və bu quruma üzv dövlətlərin nümayəndə heyətlərinin iştirakı ilə UNESCO-nun və Avropa Şurasının qərargahlarında Novruz bayramının təqdimat mərasimləri keçirilib. Tədbirlərdə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və UNESCO Baş katibinin müavini Marsio Barboso iştirak ediblər. Təqdimat mərasimlərində iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinə nazirliyin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev rəhbərlik edib. Nümayəndə heyətinə xanəndə, Əməkdar artist Nuriyyə Hüseynova, Xalq artisti Firuz Əliyev (tar), Əməkdar artist Munis Şərifov (kamança), musiqiçilər Aydın Əliyev (qarmon), Eyvaz Rzayev (nağara) və Xalq artisti Cəmilə Bayramovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu daxil idi.
   Səfər təəssüratını qəzetimizlə bölüşən F.Babayev bildirdi ki, tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyasının Tatarıstan, Başqırdıstan və Tuva respublikaları, Moldova Respublikasının Qaqauz Muxtar Qurumu təmsil olunub: «UNESCO-da Novruz bayramı çox yüksək səviyyədə qeyd edildi. Qurumun 1300 nəfərdən artıq tamaşaçının yerləşə biləcəyi akt zalı tamamilə dolmuşdu. Burada UNESCO-nun rəhbər işçiləri, səfirlər, diplomatlar, müxtəlif diasporların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Türkiyədə yaşayan həmyerlimiz, rejissor Əflatun Nemətzadənin rəhbərliyi ilə gözəl bir təqdimat mərasimi hazırlandı. Bu, Novruz bayramının fəlsəfəsini iştirakçılara çatdıran uğurlu bir təqdimat idi. Tədbirin ən maraqlı hissəsi isə finalda konsert iştirakçılarının birlikdə əllərində xonça zala düşərək tamaşaçılara bayram şirniyyatları təqdim etməsi oldu. Bununla Novruz bayramının sülhə, barışa, xalqlar arasında dostluğa səsləyən bir mərasim olduğu təlqin edildi».
   UNESCO-nun Parisdəki mənzil-qərargahındakı təqdimatdan sonra Azərbaycan nümayəndə heyəti matrın 30-da Strasburq şəhərinə yola düşüb. Avropa Şurasının qərargahında da təqdimat mərasimi uğurla keçib: «Tədbirdə çoxsaylı Azərbaycan diasporunun nümayəndələri iştirak edirdi. Qeyd edim ki, üçgünlük səfər çərçivəsində çox böyük iş görüldü. Mədəniyyətimiz Avropanın ən mötəbər yerlərində təqdim olundu. Bu, çox mühüm hadisə kimi qiymətləndirilməlidir».
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar