Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva aprelin 28-də Parisdə UNESCO-nun əsas iqamətgahında bu qurumun yeni seçilmiş baş direktoru İrina Bokova ilə görüşüb.
Görüşdə Mehriban Əliyeva İrina Bokovanı UNESCO-nun baş direktoru vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. İrina Bokova xoşməramlı səfir Mehriban xanım Əliyevaya təşəkkürünü bildirərək, UNESCO-nun Azərbaycan ilə sıx əməkdaşlıq etdiyindən məmnunluğunu bildirib. UNESCO-nun xoşməramlı səfiri kimi Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirən İrina Bokova Azərbaycanın birinci xanımı ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Baş direktor əmin olduğunu bildirib ki, Mehriban xanımın səyləri sayəsində Azərbaycan ilə UNESCO-nun əlaqələri daha da inkişaf edəcək.
Bu yaxınlarda təhsil sahəsində bir neçə layihənin hazırlandığını diqqətə çatdıran UNESCO-nun baş direktoru bu layihələrdə Mehriban Əliyevanın iştirak etməsini arzulayıb. İrina Bokova qeyd edib ki, UNESCO orta təhsil sisteminin inkişafına böyük diqqət yetirir və bununla əlaqədar bir sıra tədbirlər həyata keçirmək niyyətindədir. Layihələrin əsas məqsədi bütün dünyada, xüsusən də Afrika ölkələrində qızların orta təhsil almasına nail olmaqdır. Layihələr ilə bağlı tədbirin UNESCO-nun iqamətgahında keçirilməsi nəzərdə tutulub. İrina Bokova ölkəmizdə təhsil sahəsində bir çox mühüm layihənin reallaşmasında böyük xidmətləri olan Mehriban Əliyevanın bu tədbirdə iştirakını arzulayaraq, Azərbaycanın birinci xanımının həmin təşəbbüsə dəstək verəcəyinə ümidvar olduğunu bildirib.
Mehriban Əliyeva təklifi qəbul edərək, bu layihələrə dəstək verəcəyini söyləyib.
UNESCO-nun baş direktoru Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda keçirilən mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa dair beynəlxalq tədbirlərin əhəmiyyətini xüsusi qeyd edərək, xoşməramlı səfirə təşəkkürünü bildirib, belə təşəbbüslərin davam etdirilməsini arzulayıb.
İrina Bokova UNESCO ilə Azərbaycan arasında sıx əlaqələrin olduğunu bir daha vurğulayıb, bu sahədə Prezident İlham Əliyevin fəaliyyətini xüsusi qeyd edib. UNESCO-nun baş direktoru Azərbaycanın dünyada sürətlə inkişaf edən ölkələrdən biri olduğunu qeyd edib.
Azərbaycan ilə UNESCO arasında sıx əlaqələrin olduğunu vurğulayan Mehriban Əliyeva deyib ki, ölkəmiz bundan sonra da istənilən sahədə, xüsusən də təhsil və mədəniyyət sahələrində UNESCO-nun həyata keçirdiyi hər bir tədbirdə fəal iştirak etməyə hazırdır.
Mehriban xanım Əliyeva UNESCO-nun baş direktorunu Azərbaycana səfərə dəvət edib. İrina Bokova yaxın vaxtlarda Azərbaycana səfər edəcəyini bildirib.