2011-ci ildə Bakıda təşkil edilməsi nəzərdə tutulan “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nun İşçi Qrupunun 2010-cu ilin 3 may tarixində Fransanın Paris şəhərində - UNESCO qərargahında 2-ci iclası keçiriləcək.
   
   Tədbirdə iştirak üçün mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Fransanın Paris şəhərinə səfər edəcək. İclasda UNESCO, Avropa Şurası və BMT-nin Sivilizasiyalar Alyansının nümayəndələri, Azərbaycanın UNESCO və Avropa Şurası yanında daimi nümayəndəliklərinin əməkdaşları da iştirak edəcək. İclasda forumla bağlı sənədlərin hazırlanması, təşkilatlar üzrə koordinatorların müəyyənləşdirilməsi, dəvət ediləcək qonaqların siyahısının tərtibi və müvafiq beynəlxalq qurumların bununla bağlı həyata keçirəcəyi tədbirləri, əsası qoyulacaq yeni layihələr və təşəbbüslər kimi məsələlər barədə müzakirələr aparılacaq.