Yeni il artıq qapını döyür. Evlərdə, küçələrdə yolkalar qurulub. Bəziləri isə hələ də yolka axtarışındadır, onu necə bəzəmək üzərində düşünür. Bəs Yeni ildə bəzədilən yolkanın tarixini bilirsinizmi?
Çoxları güman edir ki, yolkanın bəzədilməsi Milad bayramından sonra başlayıb. Amma əslində, yolkanın bəzədilməsinin 2 min ildən çox yaşı var. Bizim əcdadlarımız düşünürlərmiş ki, ağaclar qeyri-adi gücə malikdirlər və onlarda ruhlar yaşayır. Buna görə də, ruhları «sevindirmək», «mərhəmətə gətirmək» üçün onları yeməli şeylərlə bəzəyirmişlər, qonaq edirmişlər. Həmişəyaşıl ağaclara isə xüsusi hörmət bəslənirmiş - qədim insanlar onları ölümsüzlüyün simvolu sayırmışlar.

Yolka çox-çox sonradan Milad bayramının simvoluna çevrilib. Əvvəllər bayram yolkasını, ümumiyyətlə, bəzəmirlərmiş. Tarixçilər bildirirlər ki, yolkanın bəzədilməsi ancaq 1605-ci ildə müasir Fransanın ərazisindəki Elzasda dəbə minib. Digər iddiaya görə, ilk dəfə yolkanı bəzəmək ideyası XVI əsrdə Martin Lüter Kinqin ağlına gəlib. Kürə formasındakı ilk oyuncaq isə ilk dəfə 400 il əvvəl Saksoniyada hazırlanıb. XVII əsrin birinci yarısında isə yolkanın bəzədilməsi artıq bir çox yerlərdə dəbdə olub.


İlk bəzəklər ərzaqdan hazırlanırmış. Budaqlara Adəm və Həvvanın alma yeyərək cənnətdən qovulmasını göstərən alma asırlarmış. Bundan əlavə, yolkanın üstündə meyvələr, qoz, fındıq, yumurta, şirniyyat asılırmış. Çox sonradan isə müxtəlif süni bəzəklər fikirləşməyə başlayıblar: qızıl rəngə boyanan qozalar, oyuncaqlar, folqalar, kağızdan düzəldilən əşyalar və s.
Bizə gəlib çatan ilk yolka oyuncaqları 1848-ci ildə hazırlanıb. Onları Türinqiyadakı Lauş şəhərində hazırlayırmışlar. Şarları şəffaf və ya rəngli şüşədən düzəldərək içəridən nazik qurğuşun qatı çəkirlərmiş, üzərini isə parıldayan kağızlarla bəzəyirlərmiş.


1867-ci ildən etibarən böyük və nazik qatlı şəffaf şarlar üfürməyə başlayıblar. İnsan orqanizmi üçün zərərli qurğuşunu gümüşlə əvəz ediblər. O zamandan yolka şarlarının ancaq ölçüsü və rəngi dəyişib. Onların hazırlanma texnologiyasında isə heç bir dəyişiklik yoxdur. Azərbaycanda Yeni ilin qarşılanması və yolka bəzədilməsi SSRİ dövrü ilə, Rusiya ilə bağlıdır. Rusiyaya bu ənənəni imperatriça Aleksandra Fyodorovnanın dövründə Prussiyada doğulan şahzadə Şarlotta gətirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar