"Chiristies" auksion evi ABŞ prezidenti Avraam Linkolnun 1864-cü ildə yazdığı əlyazmasını satışa çıxarıb. "France Presse" agentliyinin məlumatına görə, fevralın 12-nə təyin edilən alqı-satqı Linkolnun 200 illiyinə həsr edilib. ABŞ-da vətəndaş müharibəsi getdiyi bir zamanda prezident postuna seçilən Linkoln yazırdı: "Artıq seçkilər başa çatandan sonra ümumi maraqlar güdən bizlər ölkəmizi xilas etmək üçün niyə birgə səy göstərməməliyik?"
"Chiristies" auksion evi manuskripti 3-4 milyon dollara satmaq niyyətindədir. Qeyd edək ki, Linkolnun əlyazmasına bundan əvvəlki rekord qiymət 2002-ci ildə ödənilib. O zaman ABŞ prezidentinin sonuncu nitqinin mətni 3,1 milyon dollara satılıb.
Alqı-satqını təşkil edənlərin fikrincə, son zamanlar Linkolna maraq xeyli artıb. Bu, ilk növbədə ABŞ-ın yeni prezidenti Barak Obamanın seçki kampaniyası zamanı Avraam Linkolnun irsinə müraciət etməsi ilə bağlıdır.
Satışa çıxarılan manuskript 1928-ci ildən Nyu-York ştatındakı kiçik şəhərin kitabxanasında saxlanılıb və cəmi 1 dəfə - 1976-cı ildə nümayiş etdirilib. Əlyazmanın satışından əldə edilən gəliri kitabxananın yeni binasının tikintisinə yönəltmək nəzərdə tutulub.