2012-ci ildə böyük Azərbaycan şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi Mirzə Ələkbər Sabirin 150 illik yubileyi təntənəli surətdə qeyd olunacaq.
   Prezident İlham Əliyevin iyunun 1-də bununla bağlı imzaladığı Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mirzə Ələkbər Sabirin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.
   Görkəmli maarifpərvər Mirzə Ələkbər Sabir çoxəsrlik poeziyamızın parlaq ənənələrini layiqincə yaşatmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldərək, onu ictimai məfkurə baxımından daha da zənginləşdirən söz ustası kimi geniş şöhrət tapıb.