Modelyer İv Sen-Loranın özəl kolleksiyasında olan və «Christies» auksionunda satılan bürünc siçovul və dovşan başı Çinə qayıda bilər. «Associated Press» agentliyinin məlumatına görə, artıq bununla bağlı konkret təklifin irəli sürülməsi gözlənilir.
   Məsələ ondadır ki, auksionda bürünc heykəlləri Tsay Minçao adlı kolleksiyaçı alıb. O, martın 2-də rəsmi bəyanat verərək özünü bürünc əşyaların alıcısı elan edib. Amma Minçao pulu olmadığından hər biri 15,75 milyon avroya satılan heykəllərin qiymətini ödəmək iqtidarında olmadığını da etiraf edib: «Əminəm ki, heç bir çinli yaranmış vəziyyətdə boş dayanmazdı... Mən üzərimə düşən məsuliyyətə uyğun hərəkət etməyə çalışıram».
   Bəyanatda o da bildirilir ki, Tsay Minçao xaricdə satılan və Çində milli dəyərə malik olan qiymətli əşyaları alan qeyri-dövlət fondunun ekspertidir. Çin qeyri-hökumət fondunun (The National Treasure Funds of China) vitse-prezidenti Nyu Syanfen bu heykəlləri almaq niyyətlərinin olduğunu təsdiq edib: «Pulu ödəmə dövrü başa çatmayıb və hələ heç nə məlum deyil». O bildirib ki, auksionda həddən artıq böyük məbləğ təklif etmələri qeyri-adi vəziyyətdə qeyri-adi çıxış yolu olub: «Biz bu yolla alqı-satqını dayandırdıq». Qeyd edək ki, fond bu heykəlləri hələ auksiondan əvvəl almağa cəhd edib. Amma buna vəsaiti çatmayıb. Qədim əşyaların başqa şəxsə qismət olmasının qarşısını almaq üçün isə fondun nümayəndəsi auksionda iştirak edib və qalib gəlib.
   Xatırladaq ki, bu heykəllər XIX əsrdə Çindən oğurlanıb. Onların satılması ölkədə narazılıqla qarşılanıb. Hətta məşhur Hollivud və Honkonq aktyoru Ceki Çan belə heykəllərin Çinə qaytarılmasını tələb edib. Buna baxmayaraq, heykəllər fevralın 25-də auksionda satılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar