Məşhur Hollivud ulduzu, pantomim və səs janrının ustası Robin Uilyams ürəyindən əməliyyat olunacaq. «Associated Press» agentliyinin məlumatına görə, aktyorun aorta qapaqları dəyişdiriləcək. Uilyams bununla bağlı köməkçiləri vasitəsilə şəxsən bəyanat yayıb: «Mən ünvanıma gələn dəstəklərdən və mənə cansağlığı arzularından riqqətə gəlmişəm».
   57 yaşlı aktyor təngənəfəslik səbəbindən ABŞ-dakı qastrollarını təxirə salıb. O, Florida ştatında «Özünüməhv silahı» adlı yumoristik şounun 4 tamaşasını ləğv edib. Onun nümayəndəsi Dayyan Rouzen bildirib ki, Robin Uilyams sağalandan sonra konsertlərini bərpa edəcək: «Təxirə salınan tamaşalara alınan biletlər ləğv edilməyəcək. Buna baxmayaraq, arzu edənlər biletləri geri qaytararaq pullarını ala bilərlər». Qeyd edək ki, Uilyams ötən ilin sentyabrından «Özünüməhv silahı» şousu ilə ABŞ-ın 80 şəhərini gəzir.
   Rouzen aktyorun hazırda harada olduğunu və əməliyyatın nə zaman olacağını açıqlamayıb. Qeyd edək ki, bundan əvvəl «The Miami Herald» aktyorun kəskin ağrılarla Mayami xəstəxanalarından birinə aparıldığını bildirmişdi.
   Robin Uilyamsın atası vaxtilə «Ford» korporasiyasının rəhbərliyinə daxil olub. Lakin oğlu onun yolunu seçməyərək aktyor kimi fəaliyyət göstərməyə üstünlük verib. Robin Uilyams «Missis Dautfayr», «Qudzon üzərində Moskva», «Cumanci» bədii filmləri və çoxsaylı cizgi filmlərinin səsləndirilməsi ilə məşhurdur. Onun namizədliyini «Sabahın xeyir, Vyetnam» və «Ölü şairlər cəmiyyəti» filmlərindəki rollarına görə iki dəfə «Oskar» mükafatına irəli sürüblər. Lakin Uilyams «Oskar»ı bu filmlərə görə deyil, 1997-ci ildə çəkilən «Ağıllı Uill Hantinq» filmindəki ikinci plandakı roluna görə alıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar