Məşhur yazıçı Uilyam Şekspirin 1610-cu ildə, yəni ölümündən 6 il əvvəl çəkilən portreti Londonda jurnalistlərə nümayiş etdirilib. Əsər britaniyalı bərpaçı Alek Kobba məxsusdur. Portret hələ XVIII əsrin əvvəlindən onun ailəsində saxlanılır. «The Times» yazır ki, Kobb ona məxsus əsərin Şekspirin sağlığında çəkilən yeganə həqiqi rəsm əsəri olduğunu iddia edir. Onun iddiasını son 30 il ərzində Şekspirin Oksford nəşrlərini çap edən Stenli Uells də dəstəkləyir.
   Kobb bildirib ki, onun ailəsi portretdə kimin təsvir olunduğunu dəqiq bilməyib. Versiyalardan birinə görə, naməlum rəssam I Yelizavetanın məşuqu, dəniz səyyahı və şair Uolter Relini təsvir edib. Lakin Kobb 2006-cı ildə Londondakı Milli Portret Qalereyasında «Şekspirin axtarışında» sərgisini ziyarət edib. Orada o, «Yansen portreti» (XVII əsrin əvvəlində İngiltərədə çalışan flamand rəssamı Kornelius Yansenin adından götürülüb) adlanan rəsm əsərini görüb. Kobbun evindəki portret və «Yansen portreti» son dərəcə oxşarlığı ilə seçilir.
   Tədqiqatçılar bildirirlər ki, Kobbun evindəki portret ilk öncə qraf Sautqemptona məxsus olub. Qraf Sautqempton Şekspirin himayəçisi sayılır və yazıçı bir neçə sonetini ona həsr edib.
   «The Times» yazır ki, Kobb və Uells hazırda Sautqempton və Şekspir barədə birgə kitab yazırlar. Amma onların hipotezi mütləq tənqidə məruz qalacaq. Çünki heç də bütün ekspertlər «Yansen portreti»ndə Şekspirin təsvir olunduğunu düşünmürlər.
   Qeyd edək ki, Şekspirin bir neçə məşhur portreti var. Onların hamısı ilkin sahiblərinin adı ilə məşhurdur. Məsələn, Çandos, Sanders, Flauers, Qrafton. Lakin bu əsərlərin heç birinin yazıçının sağlığında çəkildiyinə dair sübut yoxdur.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar