Məşhur kolumbiyalı yazıçı, Nobel mükafatçısı Qabriel Qarsia Markes qələmini kənara qoyaraq ədəbiyyatdan gedir. Bu barədə müəllifin ədəbiyyat agenti Carmen Balcells bildirib. “The Guardian” qəzetinin verdiyi məlumata görə, Markesin memuarlarını yazan Cerald Martin də Balsellsin fikrini dəstəkləyib. O, yazıçının müəllif kimi öz sözünü dediyini, onun karyerasının tam uğurlu alındığını deyib.
Xatırladaq ki, Markesin dostu Plinio Apuelo Mendosa 2008-ci ilin axırlarında kolumbiyalı müəllifin dörd qaralama variantından topladığı kitab üzərində işi bitirməkdə olduğunu söyləmişdi. Amma görünür, pərəstişkarları onun sonuncu kitabını oxuya bilməyəcəklər.
Qeyd edək ki, Markesin “Mənim qüssəli fahişələrim haqda xatirələrim” adlı axırıncı əsəri 2004-cü ildə çıxıb. Yazıçının özünün yazdığı “Danışmaq üçün yaşamaq” adlı memuarları hələ 2002-ci ildə çap olunub.
Hazırda Markesin 82 yaşı var. 1999-cu ildə məşhur yazıçıya limfa düyünlərinin xərçəngi diaqnozu qoyulub. O, ən məşhur əsəri olan “Tənhalığın yüz ili” romanını 1966-cı ildə nəşr etdirib, Nobel mükafatını isə 1982-ci ildə alıb.