Kolumbiyalı yazıçı Qabriel Qarsia Markes ədəbiyyatdan uzaqlaşması barədə yayılan şayiələri təkzib edib. “Reuters”in məlumatına görə, Nobel mükafatçısı olan 80 yaşlı müəllif bu barədə “El Tiempo”nun jurnalistinə telefon danışığı zamanı deyib. “El Tiempo”nun jurnalisti Markesə əlavə olaraq ikinci dəfə zəng etmək məcburiyyətində qalıb. Lakin yazıçı danışa bilmədiyini deyib: “Mən yazıram”. Nəhayət, jurnalist ona yalnız 2 sual ünvanlaya bilib. Çünki yazıçı ona çox sual ünvanlanmasına icazə verməyib. Jurnalist onun qələmi yerə qoyduğu barədə yayılan şayiələrin nə dərəcədə düzgün olduğunu soruşub. Markes isə “Bu yalandır! Doğru odur ki, mən yazmaqdan başqa heç nə bacarmıram” - deyə, cavab verib. Jurnalist Markesin yeni kitab nəşr edib-etməyəcəyi barədə də soruşub. Bu suala isə Markes “Mənim işim nəşr etmək deyil, yazmaqdı! Mənim sobamda bişirdiyim piroqun nə zaman hazır olacağı ancaq mənə məlumdur!” -deyə, cavab verib. Xatırladaq ki, Markesin qələmini kənara qoyaraq ədəbiyyatdan uzaqlaşdığını onun agenti Karmen Balsells bildirib. Markesin memuarlarını yazan Cerald Martin isə Balsellsin fikrini dəstəkləyib. Onlar yazıçının müəllif kimi öz sözünü dediyini, onun karyerasının tam uğurlu alındığını bildiriblər.
Markesin qələmindən onlarla əsər çıxıb. Kolumbiyalı yazıçının ən məşhur əsərləri “Tənhalığın yüz ili” və “Polkovnikə heç kim yazmır”dır.