Amerikalı müğənni Britni Spirs aprelin 8-də Vankuverdə keçirilən konserti zamanı səhnəni tərk edib. Müğənni zalda kiminsə marixuana çəkdiyini hiss edib.
Konsert başlayandan 20 dəqiqə sonra - 3-cü mahnı bitən kimi Spirs heç bir izahat vermədən səhnəni tərk edib. «Gigwise.com»un məlumatına görə, müğənni səhnəyə 40 dəqiqə sonra qayıdıb. Lakin konsertdə iştirak edənlər bildiriblər ki, bu qayıdış Spirsə heç bir həzz verməyib. O, tamaşaçılarla vidalaşanda onları heç bir zaman marixuana çəkməməyə çağırıb.
Konsertin təşkilatçıları zalın havasının yaxşı dəyişdirilmədiyi barədə məlumatı təkzib ediblər. Onlar tamaşaçıların zalda marixuana çəkdiyi barədə iddianı da qəbul etməyərək zalda ancaq siqaret çəkildiyini bildiriblər.
Xatırladaq ki, bir qədər əvvələ qədər Britni Spirs özü də narkotik vasitələrdən istifadə edirdi. Bu səbəbdən ona uşaqları ilə bir yerdə olmaq da qadağan edilib. Lakin müğənni özündə güc taparaq alkoqoldan və narkotikadan imtina edərək səhnəyə qayıdıb.