Rusiyanın Kuzbas şəhərində qeyri-adi «bomj» (səfil) kimi ad çıxaran Leonid Konovalov film çəkərək onu Kann kinofestivalına göndərib. «Life.ru» saytının məlumatına görə, «Mən+insanlar=?!» adlı erotik-fəlsəfi film baş qəhrəmanın sivilizasiya ilə münasibətlərindən danışır.
    62 yaşlı Konovalov filmin prodüseri, rejissoru, ssenaristi və baş rolun ifaçısı kimi çıxış edir. O, naməlum operator tərəfindən çəkilən 2,5 saatlıq filmdə özünü oynayır: artıq 19 ildir çimməyən, ekzotik saç düzümünə malik olan (3 metrlik saçlar başın arxasında bağlanılıb), artıq 7 ildir şüşə yığmaqla dolanan adamı.
   Konovalovu bu filmi çəkməyə incəsənətə olan sevgisi vadar edib: «Əvvəllər öz portretlərimi küçədə nümayiş etdirirdim. Sonra bunun iyrənc olduğunu bildirərək mənə qadağan etdilər. Mən isə bundan sonra nə etmək üzərində düşünməyə başladım. Çünki bunsuz yaşaya bilməzdim. Beləcə, film çəkmək qərarına gəldim».
   Konovalov filmdə həyata baxışlarını göstərdiyini bildirir: «Filmdə iki süjet xətti var - sivilizasiyanın mənimlə necə mübarizə aparması və mənim bu mübarizədə necə qalib gəlməyim barədə». Filmdə erotik səhnələr də var - Konovalov ssenariyə uyğun olaraq çılpaq soyunur.
   Konovalov teatrı son dərəcə sevən şəxs kimi məşhurdur. O, bir premyeranı belə buraxmır. Keçmiş hərbçi və mühəndis 1990-cı illərdə Amerikaya gedib və bir daha vətənini tərk etməməyə söz verərək geri dönüb. Onu tez-tez Kemerovonun mədəniyyət mərkəzlərində görürlər: ağ kostyumda, qucağında bir dəstə gül olan «bomj»…Konovalova filmi Kanna göndərməyə onun qızı kömək edib. Qızı Avropa ölkələrindən birində ərdədir. Artıq Kanndan rusiyalı səfilə cavab də gəlib. Film seçim mərhələsinə salınıb. Əgər o, seçim mərhələsini keçsə, Konovalovu aprelin ikinci yarısında Kanna dəvət edəcəklər.