«The Beatles» qrupunun mərhum üzvü Corc Harrisonun adına Los-Ancelesdəki Hollivudun Şöhrət Parkında ulduz qurulacaq. «Associated Press» agentliyinin məlumatına görə, tədbirdə müğənninin dul qadını Oliviya və oğlu Dxani Harrison iştirak edəcəklər. Harrisonun ulduzu Şöhrət Parkındakı sayca 2382-ci olacaq və «Capitol Records» səsyazma leyblının ofisinin qarşısında yerləşəcək. 2001-ci ildə xərçəng xəstəliyindən vəfat edən Corc Harrison «The Beatles» qrupunun Hollivudun Şöhrət Parkında ulduzu olacaq ikinci üzvüdür. Bundan əvvəl Şöhrət Parkında Con Lennonun ulduzu qurulub. Lakin «The Beatles»in bütün üzvlərinin, o cümlədən Harrisonun adı Şöhrət Parkında ümumi qeyd edilib. «Capitol/EMI» leyblı Corc Harrisonun ulduzunun qurulması ilə bağlı musiqi layihəsi planlaşdırıb. Lakin layihənin detalları barədə məlumat verilmir. Bundan əlavə, məşhur rejissor Martin Skorseze «The Beatles»in mərhum gitaraçısının həyat və yaradıcılığı ilə bağlı sənədli film çəkir.