Məşhur amerikalı aktyor və kinorejissor Mel Gibsonun həyat yoldaşı Robin Gibson 28 illik birgə ailə həyatından sonra boşanmaq qərarına gəlib. «Entertainment Tonigh» teleşousunun İnternet saytının verdiyi məlumata görə, Robin «dəf edilməsi mümkün olmayan fikir ayrılığı» səbəbindən ayrılmaq qərarına gəldiyini açıqlayıb.
7 uşaqları olan Mel və Robin Gibsonlar kütləvi informasiya vasitələrindən onları narahat etməməyi xahiş ediblər: «Bizim bir yerdə yaşadığımız dövrdə olduğu kimi, ayrıldığımız zaman da şəxsi həyatımızı başqalarının gözündən uzaq tutmağa çalışırıq. Biz gələcəkdə də özümüzü belə aparacağıq». Bəzi mənbələr Gibsonların son 3 ildə bir yerdə yaşamadıqlarını bildirirlər.
Cütlüyün 6 uşağı həddi-buluğa çatıb. Robin məhkəmədən xahiş edib ki, 10 yaşlı Tom üzərində birgə qəyyumluq barəsində qərar qəbul etsin.
53 yaşlı Gibson Hollivudun ən uğurlu aktyor və rejissorlarından biridir. Onun 1995-ci ildə çəkdiyi və baş rolda oynadığı «Cəsur ürək» filmi ən yaxşı rejissor işi və ən yaxşı film kimi iki «Oskar» alıb. Onun digər filmləri də kifayət qədər məşhurdur: «Ölümcül silah», «Ağılsız Maks», «Qadınlar nə istəyir», «Simasız adam», «Apokalipsis». Onun «İsanın ehtirasları» filmi isə ciddi dini polemikaya səbəb olub.