Amerikalı müğənni Uitni Hyuston ögey anası Barbara Hyustonu məhkəməyə verib. O, ögey anasının kommunal xərclərə görə ona 1,6 milyon dollar borcu yarandığını bildirir.
Uitni və Barbara arasında məhkəmə çəkişməsi ötən ilin sonunda başlayıb. O zaman Barbara Uitnini məhkəməyə verib. Ögey ana bildirib ki, Uitni atasının 2003-cü ildə ölümündən sonra sığorta qismində aldığı 1 milyon dolları başqa məqsədlər üçün istifadə edib. Barbara iddia edib ki, müğənni bu məbləğin 723 min dollarını onun yaşadığı evin ipoteka kreditinin ödənilməsinə xərcləməli, yerdə qalan pulu isə ona verməliymiş.
Uitni Hyustonun vəkili bu iddianı rədd edərək müğənninin ipoteka kreditini vaxtında ödədiyini bəyan edib. Lakin Uitni təkziblə kifayətlənməyib. O, qarşılıqlı ittiham irəli sürərək ögey anasından 1,6 milyon tələb edib. Müğənni bildirib ki, ögey anası 1987-ci ildən ona məxsus malikanədə yaşayır. Bu müddət ərzində onun kommunal xərclər üçün 1,6 milyon dollar borcu yığılıb. Bu pulu Uitni özü ödəyib. İndi isə o, borcun geri qaytarılmasını tələb edir.
Qeyd edək ki, 2007-ci ildə Uitni Hyustonun şəxsi əşyaları auksiona çıxarılıb. Auksion onun şəxsi əmlakının qorunması ilə məşğul olan «Speed of Sound» şirkətinin tələbi ilə keçirilib. Çünki 2003-cü ildən bu yana heç bir albom buraxmayan müğənni kasıblayıb və onun şirkət qarşısında borcu yaranıb. Bəzi məlumatlara görə, Hyuston yeni albom üzərində çalışır və bu albom gələn il buraxılacaq.