İyunun 24-25-də Bakıda GUAM ölkələrinin qurum rəhbərləri səviyyəsində Turizm üzrə İşçi Qrupunun 5-ci toplantısı keçiriləcək. Tədbirdə GUAM-a üzv ölkələrin turizm sahəsi üzrə rəsmilərinin və turoperatorlarının iştirakı nəzərdə tutulur.
   
   Mədəniyyət və Turizm Nazirliyi Xarici turizm sektorunun böyük məsləhətçisi Günay Fərədovanın verdiyi məlumata görə, iki gün davam edəcək tədbir GUAM ölkələri çərçivəsində yapon turistləri cəlb etmək məqsədilə həyata keçiriləcək layihənin reallaşdırılması münasibətilə keçirilir: «GUAM-ın Turizm üzrə İşçi Qrupunun 4-cü iclasında yapon turistləri GUAM ölkələrinə cəlb etmək məqsədi daşıyan layihə müzakirə edilmişdi. Budəfəki toplantıda həmin layihənin reallaşdırılması ilə bağlı konkret qərarlar qəbul ediləcək».
   Qeyd edək ki, yapon turistləri daha çox gəzmək, tarixi abidələr, səfalı yerlərlə tanış olmaq istəyirlər. Onlar Azərbaycanda yalnız bir - «İpək yolu» marşrutu üzrə qəbul olunurlar. Azərbaycanın turizm şirkətləri yapon turistlərin ölkəmizə cəlb edilməsində çox maraqlıdır. Çünki yaponlar böyük turist qrupları şəklində gəlirlər. Bu isə turizm sektoru üçün iri gəlirlər deməkdir. Ümumiyyətlə, yaponlar həm pul xərcləmək baxımından, həm də mədəni davranışlarına görə dünyada ən yaxşı turistlər hesab edilirlər.
   
   Fəxriyyə