Bu il bir neçə nominasiyada “Oskar” mükafatına layiq görülən “Gecəqondudan olan milyonçu” ("Slumdog Millionaire") filmində baş rollardan birini canlandıran 9 yaşlı Rubina satışa çıxarılıb. Xəbər agentliklərinin məlumatına görə, atası və əmisi balaca aktrisanı 200 min funt-sterlinqə satmaq istəyirlər. İngiltərənin “News of the World” qəzeti iki müxbirini milyarder ərəb şeyxi və onun xanımı adı ilə Hindistana yollayıb. Müxbirlər ata Rafiq Kureşi və əmi Rajan More ilə görüşüblər. Qızın atası və əmisi balaca aktrisanı tərifləyərək, onun qiymətini artırmağa çalışıblar: “Bu uşaq adi uşaq deyil, “Oskar” mükafatı alıb”.
   Atası deyib ki, film mükafata layiq görüləndən sonra qızı almaq üçün onlara çox təklif gəlir: “Qızı ən çox pul verənə satacağıq. Bizi bu addımı atmağa filmin istehsalçıları vadar edib. Qızımın rolu üçün bizə cəmi 2 min sterlinq verdilər. Ailəmizin və Rubinanın gələcəyini düşünməliyik”.
   Müxbirlər ata və əmi ilə lüks hoteldə görüşüblər. Qadın müxbir balaca qıza 3 qutu şokolad verəndə, qız sevindiyindən ağlayıb. Məlum olub ki, qızcığaz atasının onu satmaq niyyətindən xəbərsizdir. Atası hotelə apararkən “pərəstişkarların sənə şokolad vermək istəyir”, - deyərək qızı aldadıb. Birotaqlı evdə atası, hamilə anası və üç qardaşı ilə birlikdə yaşayan Rubina hotel otağına girəndə müxbirə “Nə qədər gözəl yataqdır, heç vaxt belə çarpayı görməmişəm, bu gecə sizinlə yatmaq olar?” - deyib.
   Qəzet bu məlumatı yayandan sonra Rafiq Kureşi xəbəri təkzib edib.