47 yaşlı şotlandiyalı Süzan Boylun populyarlıq fenomeni tarixə düşəcək. «The Washington Post» yazır ki, «Şöhrət dəqiqəsi» («Got Talent») şousunda çıxış edən evdar qadın «Les Miserables» müziklindən «I Dreamed a Dream» ariyasını ifa etməklə auditoriya və münsiflər heyətinin qəlbini fəth edib.
   Ötən bir həftə ərzində «YouTube» servisində onun populyarlığı rekorda imza atıb. Boylun iştirakı ilə videoçarxı 100 milyona yaxın adam izləyib. Onlardan 20 milyonu 2 gün ərzində çarxa baxıb. Və hər keçən dəqiqə çarxa baxanların sayı durmadan artır. Onun çıxışı indiyə qədər İnternetdəki ən populyar çıxışları (Tina Feyin Sara Peylini təqlid etməsi - 34,2 milyon, Barak Obamanın seçkilərin nəticəsinin elan olunmasından sonrakı çıxışı - 18,5 milyon) kölgədə qoyub.
   Şotlandiyanın Blekbern şəhərinin sakinini cəmi bir həftə öncə ancaq qonşuları tanıyırmış. Bir qədər qeyri-adi xarici görünüşə malik olan, kasıb və işsiz, doğulandan əlil olan Süzan bütün ömrü boyu professional aktrisa olmağı arzulayıb. O, çıxışından əvvəlki qısa açıqlamasında da bildirib ki, aktrisa və müğənni Elen Peycə oxşamağı arzu edib.
   Münsiflər heyətinin əvvəlcə ələ salmasına və auditoriyanın isə gülməsinə baxmayaraq, yöndəmsiz və utancaq Süzan Boyl ariyanı o qədər professional və təmiz ifa edib ki, zal ayağa qalxıb. Münsiflər heyətinin üzvlərindən biri olan Pirs Morqan isə etiraf edib: «Biz əvvəlcə səni ələ salmağa hazırlaşırdıq». Hazırda səsyazma studiyaları Süzan Boylun albomunu buraxmaq üçün təkliflər yağdırırlar. Jurnalistlər isə müsahibə almaqdan ötrü növbəyə düzülüblər. «Şöhrət dəqiqəsi»ndən sonra Süzanı Şotlandiyanın baş naziri Aleks Selmond da təbrik edib.